Azərbaycan MDB-də vaksinasiya lideri statusunu bu dəfə də qoruya bildi - nələrin hesabına...

23 Sentyabr 2021 20:20 (UTC+04:00)

Azərbaycanın COVID–19 ilə mübarizədə atdığı addımları dəyərləndirərkən, nə qədər böyük işlər görüldüyünü anlamaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunduqdan sonra ölkəmiz bu xəstəliklə bağlı ciddi və əməli tədbirlər görməyə başladı.

Halbuki, o vaxt bir çox ölkələr koronavirusla mübarizədə passivlik göstərirdi. Azərbaycan xəstəliklə mübarizəyə ilk qoşulan ölkələrdən biri oldu və ölkəmizdə dövlət səviyyəsində preventiv və qabaqlayıcı tədbirlər həyata keçirildi. Bunun nəticəsində respublikamız istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer aldı.

Məlumdur ki, son zamanlar bir sıra ölkələrdə COVID–19 virusuna yoluxma faktı yenidən artmaqdadır. Təəssüf ki, bu hal Azərbaycandan da yan keçmir. Dünya alimlərinin və səhiyyə qurumlarının müşahidəsi bunu göstərir ki, pandemiyadan qurtulma yolu yalnız vaksinasiyadır. Yəni əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz COVID–19 virusundan can qurtara biləcəyik. Azərbaycanda əhalinin vaksinasiyası sahəsində mühüm işlər görülür. Belə ki, Azərbaycan regionda həm əhalinin peyvəndlənməsində, həm də pandemiya dövründə virusa yoluxanların tibbi yardımının əlçatanlığında öndə gedən ölkələrdən hesab edilir.

“Financial Times” nəşrinin apardığı araşdırmanın nəticəsinə əsasən, Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir.

Qeyd edək ki, bir sıra beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycanda vaksinləşmə səviyyəsinin yüksək olduğu bildirilir.

Həkim ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, vaksinasiya prosesinə qoşulmaya görə ölkəmiz öndə gedir: “Ölkə əhalisinin peyvəndləmə prosesində fəal iştirakı sevindiricidir. COVID–19 virusundan can qurtara biləcəyik. Azərbaycanda əhalinin vaksinasiyası sahəsində mühüm işlər görülür. Belə ki, Azərbaycan regionda həm əhalinin peyvəndlənməsində, həm də pandemiya dövründə virusa yoluxanların tibbi yardımının əlçatanlığında öndə gedən ölkələrdən hesab edilir”.

Həmsöhbətimizin sözlərinə görə, virusun geniş yayılmasının qarşısının alınması və insanların xəstəliyin ağır gedişindən qorunması üçün effektiv üsul peyvənddir. Vaksinin əsas üstünlüyü odur ki, COVID-19-a yoluxan zaman xəstə reanimasiyaya düşmür, yəni ağırlaşma halları gözlənilmir: “Nəzərə alınmalıdır ki, yoluxma sayının və virusdan ölüm hallarının azalması, eləcə də xəstəliyi daha yüngül keçirmək üçün vaksinasiya mütləqdir”.

P.Mustafayeva onu da əlavə etdi ki, Azərbaycan kompleks və sistemli tədbirlər sayəsində bu cür nəticəyə nail olub: “Məsələ ondadır ki, pandemiya başlayandan Azərbaycan bunun qarşısının alınması ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər gördü. Həmçinin, vəziyyətə uyğun olaraq çevik qərarlar qəbul edildi. Maska və digər lazımi ləvazimatların istehsalı ölkə daxilində təşkil edildi. Modul tipli xəstəxanalar yaradıldı. Bütün bunlarla paralel, ölkədə vaksinasiya işinə hazırlıqlara start verildi. Prezident İlham Əliyev vaksinasiya prosesinin yüksək səviyyədə reallaşması üçün kifayət qədər uğurlu işlər gördü. Ölkənin vaksin preparatları ilə təmin olunmasını gündəmə gətirdi. Bir sıra beynəlxalq tədbirlərdə vaksinlərin bərabər bölüşdürülməsi ilə bağlı Azərbaycan real təşəbbüskarlıq göstərdi. Düşünürəm ki, bütün bu kompleks işlər sayəsində Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB-də lider mövqeyini qoruyub saxlayacaq. Nə qədər çox sayda ölkə vətəndaşı vaksinasiya edilsə, bu bir o qədər koronavirusun yayılmasının qarşısını alacaq. Ona görə də Azərbaycanın bununla bağlı uğurlu addımları göz önündədir. Təbii ki, bütün bunlar bilavasitə cənab Prezidentin iradəsi sayəsində mümkün olub. Tibbi sahə, beynəlxalq əlaqələrlə bağlı, eyni zamanda təchizat və təminat baxımından uğurlu işlərin reallaşması öz bəhrəsini verib”.

Günel CƏLİLOVA