Mədəniyyət paytaxtımız Şuşa kütləvi mədəni işlərin təşkilində lider mövqeyinə keçir...

21 Sentyabr 2021 17:11 (UTC+04:00)

Şuşanın qara günləri çoxdan başa çatıb, o on ay bundan əvvəl rəşadətli ordumuz tərəfindən əsarətdən xilas edilib, bizə qovuşub. Azərbaycan Mədəniyyətinin Paytaxtı statusu daşıyan Şuşada bu gün yeni bir dövran başlayıb, özündə keçmişlə bugünü, bugünlə gələcəyi birləşdirən Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı olaraq Prezident İlham Əliyevin sərəncamı ilə ona verilən statusu layiqincə təmsil edir. Şuşa yenidən tikilir, qurulur, tarix-mədəniyyət, memarlıq abidələri yenidən canlanır, məscidlər, yeni tikililər meydana gəlir. Şuşanın rəngi-rufu açılır, bayram libası geyinir.

Şuşa azad edildikdən sonra burada ardıcıl olaraq mədəniyyət tədbirləri keçirilir ki, bu tədbirlərin hər biri də Şuşa həyatı ilə sıx bağlı olub. “Xarı bülbül” beynəlxalq musiqi festivalı, “Vaqif” Poeziya Günləri Şuşanın ən möhtəşəm tədbirləri kimi tarixə düşüb. Sentyabrın 18-də isə Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirildi. İllər sonra dahi Üzeyir bəyin ruhən bağlı olduğu Şuşada onun adına möhtəşəm musiqi festivalı keçirildi.

Hər il ənənəvi olaraq  paytaxtımızda keçirilən və gerçək bir musiqi bayramına çevrilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bu dəfə Şuşada keçirildi. Daha möhtəşəm, daha gözəl təqdim edilən festival öz özəllikləri, daşıdığı məna ilə yaddaşlarda qalacaq. Festival çərçivəsində keçirilən tədbirlərin əsas tamaşaçıları isə şuşalılar və şəhid aiələri, şəhid övladları idi. Şuşanı iğşaldan azad edərkən həyatını qurban verən şəhidlərimizin ailə üzvlərinin məhz bu gözəl tədbirin keçildiyi vaxtda Şuşaya dəvət edilməsi əvəzsiz bir hadisədir.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Şuşada keçirilən sayca ikinci beynəlxalq musiqi festivalıdır. Bu festivalın 13-cü sayının Şuşada keçirilməsinin və dahi bəstəkarın Şuşadakı heykəlinin ucaldığı parkda baş tutması maraq doğurur.
Son həftələr tədbirlər, yığıncaqlar, toplantılar məkanına çevirilən Şuşada baş verən mədəni hadisələrin nəinki Azərbaycan, eləcə də bütün türk dünyası üçün böyük əhəmiyyəti var.

Heç şübhəsiz, mədəniyyət tariximizdə, xüsusən də musiqi mədəniyyətimizin inkişafında Şuşa böyük rola malikdir. “Xarı bülbül”ün, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bundan sonra hər il Şuşada keçirilməsi beynəlxalq aləmə verilən bir mesajdır ki, biz öz torpağımıza qayıtdıq, Şuşa bizim əbədi musiqi beşiyimizdir.

Festvalın açılışında çıxış edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, ulu öndər Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildən hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Günü bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və  müzəffər Ordumuzun rəşadəti sayəsində Şuşada təşkil olunub. “Şuşada uzun illər sonra ilk dəfə Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir: “Əminəm ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcəklər. Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib. İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.
Onu da vurğulayaq ki, bu  tarixi tədbirə Üzeyir bəyin vaxtilə yaratdığı ansamblla yanaşı həmçinin ölkənin aparıcı sənətkarları, xalq və əməkdar artistləri, tanınmış ifaçıları qatılıb, onun adını daşıyan parkda milli musiqimizin xəzinəsi sayılan əsərləri ifa ediblər. Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəylinin və başqa bəstəkarlarımızın yaratdıqları musiqinin sədaları Şuşadan bütün dünyaya yayılıb.  Tədbirdə rəsmi şəkildə vurğulanıb ki,  Şuşanın mədəniyyət paytaxtı olaraq bundan sonra da bir çox yerli və xarici tədbirlərə ev sahibliyi edəcək.

Şuşa azad edildikdən sonra burada keçirilən mədəni-kütləvi tədbirlər o qədər yüksək səviyyədə, maraqlı təşkil olunur ki, hər kəs tamaşaçı kimi o tədbirlərdə iştirak etmək istəyir, hamı Şuşada olmaq istəyir.

Sayca XIII olan bu festival Şuşada başlayıb və festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari festival çərçivəsində ilk dəfə olaraq "Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub. Sentyabrın 24-də başa çatacaq festivalda Azərbaycan mədəniyyətinin ən gözəl örnəkləri, ənənələri təqdim edilir. Məlumatlara görə, növbəti illərdə festivala daha çox xarici qonaqlar, musiqi qrupları, kollektivləri dəvət olunacaq. Şuşada mədəniyyət tədbirlərinin təşkil edilməsi heç şübhəsiz ki, indiyə dünyanı bürüyən erməni saxtakarlığına layiqli bir cavabdır. Şuşa ölkəmizdə mədəni-kütəvi tədbirlərə ev sahibliyi etmək sahəsində də liderdir və bu liderliyi əbədiyyətə qədər daşıyacağına şübhə etmirik...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.