AUKUS NATO-nun axırına çıxır, dünya nüvə silahlanması astanasında…

20 Sentyabr 2021 10:08 (UTC+04:00)

Dünyanın ən güclü hərbi ittifaqı hesab edilən NATO-nun bu gedişlə yaxın tezlikdə tarixin arxivinə qovuşması qaçılmaz hesab edilir. Hər halda, Avropada baş verənlər bunu şərtləndirir.

Bu günlərdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib ki, Avropa İttifaqı müdafiə olunmaq üçün öz ordusunu qurmaq niyyətindədir. Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO bloku üçün deyil, həm də Avropa İttifaqına daxil olan ölkələr üçün ciddi suallar doğurur: “Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. Yeni bölmələrin də yaradılmasına ehtiyac yoxdur. ABŞ və NATO -nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradəyə malik olması lazımdır. Artıq növbəti mərhələyə keçmək vaxtıdır”. Xatırladaq ki, bundan öncə Avropa diplomatiyasının rəhbəri Jozef Borrel və Avropa İttifaqının Müdafiə komitəsinin sədri Klaudio Qratsiano qurum daxilində ən az 5-6 minlik çevik hərbi qüvvələrin yaradılması ideyasını gündəmə gətirmişdi. NATO baş katibi Yens Stoltenberq bundan sonra bəyan etmişdi ki, Avropa ordusunun yaradılması Transatlantik alyansı zəiflətməkdən və Avropanı parçalamaqdan başqa bir işə yaramayacaq: “Mən Avropa İttifaqı tərəfindən müdafiə sahəsində gələcək təşəbbüsləri alqışlayıram, lakin bütün bu layihələr NATO-nu əvəz etməməlidir. Şimali Amerika və Avropa arasındakı bağlantıları mütləq qorumaq lazımdır”. Yens Stoltenberqin fikrincə, Qərbin NATO-nun gücünü təkrarlaya biləcək ikinci alternativ hərbi güc mərkəzini yaratmaq üçün resursları yoxdur.

Bu qalmaqal səngiməmiş sentyabrın 15-də Avstraliya, ABŞ və Böyük Britaniya təhlükəsizlik sahəsində AUKUS adlı yeni blokun yaradıldığını bəyan edib. Belə ki,  Böyük Britaniya, ABŞ və Avstraliya arasında nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı özündə birləşdirən müdafiə müqaviləsi imzalanıb. ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Boris Conson və Avstraliyanın baş naziri Skott Morison yeni bir təhlükəsizlik əməkdaşlığı müqaviləsini dünya ictimaiyyətinə ortaq bir bəyanatla elan ediblər. Bayden, Conson və Morison birgə bəyanatlarında bildiriblər:  “AUKUS (bu, üç ölkənin adının ingilis dilində qısaldılmış variantıdır - AUS-UK-US) çətiri altındakı bu ilk təşəbbüslə Avstraliya Kral Donanmasının nüvə enerjisi ilə işləyən sualtı qayığı əldə etməsində Avstraliyanı dəstəkləməyə qərarlıyıq. Avstraliyanın bu qabiliyyəti Hind-Sakit okean bölgəsindəki sabitliyi dəstəkləyəcək və eyni zamanda ortaq dəyərlərimizə və maraqlarımıza uyğun olaraq yerləşdiriləcək”. Artıq AUKUS böyük qalmaqala səbəb olub və bu, NATO-nu parçalayan növbəti təşəbbüs kimi qəbul edilir. AUKUS-un elan edilməsinə ən sərt reaksiya Fransadan gəlib. Bu fonda qeyd edək ki, Avstraliyanın Fransa ilə sualtı qayıqların və hərbi dəniz qüvvələri üçün digər gəmilərin alınması ilə bağlı 60 milyard dollarlıq müqaviləsi var idi. Yeni ittifaqın elanı ilə birlikdə Avstaliya Fransa ilə bu müqaviləni ləğv etdiyini, sualtı qayıqların, yeni hərbi avadanlığı ABŞ və Britaniyadan alacağını elan edib. Fransanın xarici işlər naziri Jan-İves le Drian anlaşmaya münasibətində bildirib: “Həqiqətən kürəyimizdən vurulduq. Avstraliya ilə təhlükəsizlik əlaqəsi qurmuşduq və bu etibara xəyanət edildi”. AUKUS-dan sonra Fransa ABŞ və Avstraliyadan səfirlərini geri çağırıb, əsasən də ABŞ-ın ünvanına heç də xoş olmayan bəyanatlar səsləndirib. Belə vəziyyərtdə Fransada NATO-dan çıxmaq təklifləri yenidən çox güclü səsləndirilir. Avropa İttifaqının xarici siyasət xidmətinin sözçüsü Peter Stanonun sözlərinə görə, ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS-la bağlı onları məlumatlandırmayıb: “Avropa İttifaqına bu layihə və ya təşəbbüs haqqında məlumat verilməyib. Hazırda əlavə məlumat almaq üçün tərəfkeşlərimizlə təmaslardayıq”. Almaniyadan da AUKUS-la bağlı ciddi təpki var, Almaniya siyasətçiləri içərisində artıq daha yüksək səslə, “biz ABŞ-la birgə Rusiyaya qarşı hərəkət etdik, bundan ancaq ziyan gördük”, deyənlər var.

Çin Xarici İşlər Nazirliyi isə AUKUS-la bağlı qeyd edib: “ABŞ, Böyük Britaniya və Avstraliya regional sülh və sabitliyə zərər verir”. Nazirliyin açıqlamasına görə, Avstraliyanın nüvə dənizaltı texnologiyaya sahib olması beynəlxalq nüvəsizləşdirmə səylərinə xələl gətirir: “Bu ölkələr anlaşmanın Hind və Sakit okean bölgəsində Çinin artan nüfuzuna maraqlarını müdafiə etmək məqsədilə həyati əhəmiyyətə sahib olduğunu düşünür”. Bu arada o da məlum olub ki, Avstraliya hökuməti təhlükəsizlik sahəsində yeni tərəfdaşlıqla əlaqədar yaradılan AUKUS bloku ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün Malayziyaya xüsusi nümayəndələr göndərəcək. Bildirilir ki, AUKUS-la əlaqədar nümayəndələrin Kuala-Lumpura göndərilməsi barədə razılaşma iki ölkənin baş nazirləri İsmail Saib Yakob ilə Skott Morrison arasında sentyabrın 17-də baş tutan telefon danışığı zamanı əldə edilib. Qeyd edək ki, Malayziya hökumət başçısının dəftərxanasının yaydığı məlumata görə, İsmail Sabri Yakob AUKUS-la əlaqədar məsələni şərh edərkən bunun nüvə silahlanması ilə bağlı yarışa səbəb ola biləcəyindən narahatlığını ifadə edib. Malayziyanın baş naziri, həmçinin, bunun Cənub Çin dənizi akvatoriyasında digər ölkələri təcavüzkar addımlar atmağa sövq edəcəyindən ehtiyatlandığını bildirib. Bu məqsədlə də nüvə silahının Cənub-Şərqi Asiyada yerləşdirilməsinin 1971-ci il tarixli regional bəyanat üzrə yolverilməz olduğunu deyib. Bunu nəzərə alan Malayziyanın xarici işlər naziri öz bəyanatında Hind-Sakit okean regionu ilə əlaqədar olan bütün ölkələri əməkdaşlığı daha da artırmağa, regionda sülhü və sabitliyi qorumaq üçün fəal çalışmağa dəvət edib.

Nahid SALAYEV