Sülhməramlıların yeni komandanı Qarabağın xəritəsində özbaşına dəyişiklik etdi - xəritə təxribatı davam edir…

18 Sentyabr 2021 17:46 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların nəzarətindəki ərazilərin genişləndiyini əks etdirən xəritə paylaşıb. Xəritədə görünür ki, bir neçə istiqamətdə “irəliləmələr” var. Rusiyanın xəritə təxribatları əvvəl də olub və bunun da növbəti olduğu istisna deyil.

Müharibədən sonra peyda olan və bir neçə dəfə Bakının tələbi ilə düzəldilən belə xəritələrin hədəfi Azərbaycan cəmiyyətində ictimai rəyin yönləndirilməsidir. Bakı və Ankaranın son addımları fonunda indi də təsadüfi deyil. Xüsusilə də Abxaziyada iş təcrübəsi olan Kosobokov kimi bir generalın sülhməramlılara komandan təyin olunmasından sonra, bu halın baş verməsi maraqlı görünür.

Amma Rusiya bilməlidir ki, xəritə ilə nə manipulyasiya etsələr də, Azərbaycan əsgərinin işğaldan azad etdiyi ərazilərdə dayandığı hansısa mövqedən geri çəkildiyi, yaxud çəkiləcəyi inandırıcı deyil.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xəritənin dəyişməsi heç də bölgədəki mövqelərin dəyişməsi anlamına gəlmir: “Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında “Qarabağda Rusiya sülhməramlı kontingenti” adlı xüsusi bölmə yaradılıb. Həmin  bölmədə müvafiq xəbərlər və multimediya materialları, infoqrafik məlumatlar, habelə Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin sülhməramlı əməliyyatın aparılması ilə bağlı brifinqləri dərc edilir. Bu bölmə daim Rusiya sülhməramlılarının işi və münaqişə bölgəsindəki vəziyyət barədə aktual xəbərlərlə, foto və video materiallarla yenilənir və bir neçə xarici dilə tərcümə olunur.  Yenilənən xəritələri də biz orada görürük. Rusiya Müdafiə Nazirliyi tərəfindən Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin yenilənmiş əməliyyat xəritəsi bir neçə dəfə təhrif olunur. Bu da  Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olur.

Buna səbəb xəritədə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulan hüdudları aşan məqamların olmasıdır.

Müşahidələr göstərir ki, Rusiya xəritələrlə manipulyasiya etmək və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlərlə öz öhdəliklərini açıq-aşkar pozur. Halbuki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir:

- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;

- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir.

Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir. Xatırladaq ki, ötən ilin dekabrın 12-də Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənən erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar etdi, nəticədə 3 hərbçimiz şəhid oldu. Həmin vaxt da sülhməramlılar prosesə müdaxilə etmək üçün həmin ərazini öz nəzarət dairəsi kimi müəyyənləşdirmişdilər.

Yeni “xəritədə” rus sülhməramlılarının artıq Köhnə Tağlar və Çaylaqqala ərazilərinə qədər gəldiyi, burada yerləşəcəyi bildirilirdi. Rusiya Müdafiə Nazirliyinin insidentdən dərhal sonra – 13 dekabrda “xəritəni yenilədiyini” açıqlaması artıq, bəyanata da, sülhməramlı missiyasına da, ümumiyyətlə, rus ordusunun burda mövcudluğunun səbəbinə də  böyük şübhə yaratdı. İndi də, görünür  Azərbaycanın Zəngəzurdakı fəallığı Rusiyanı qane etmir  və bu səbəbdən də yeni komandan Kosobokov ənənəvi xəritə oyununu yenidən dövriyyəyə buraxmaq qərarına gəlib”.

Məhəmmədəli QƏRİBLİ