Cəlilabadın Buravar sakinlərinin qaz problemi illərdir həll olunmur...

18 Sentyabr 2021 14:27 (UTC+04:00)

Cəlilabad rayonunun Buravar kəndinin qaz problemi illərdir davam edir. Mavi yanacağın olmaması səbəbindən sakinlər məişətdə yanacaq kimi daha çox odundan istifadə edir.

Hər evdə yandırılan odun isə sakinlərə əlavə xərc və ya qırılan yaşıl ağac deməkdir. Bu kəndlərdə odun tapan odun, qazı balonlarla əldə edənlər isə balon qazı yandırır. Qonşu kəndlərə qaz xətti çəkilsə də Buravar kəndində illərdir qaz problemi yaşanır. Kənd əhalisi məcburiyyətdən ətraf ərazidə yerləşən meşə zolağındakı ağacları kəsib odun kimi istifadə edir.

Adıçəkilən kəndin sakinlərinin bildirdiyinə görə, artıq kənd ətrafında meşə sahəsi məhv olmaq üzrədir, ağacların yerində kol-kos qalıb: “Qarşıdan qış fəsli gəlir. Çarəsiz qalıb odun almalı olacağıq. Evi necə isidəcəyik, necə yaşayacağıq bəlli deyil. XXI əsrdə yaşayırıq ancaq mavi qaz nədir bilmirik. Tək istəyimiz bu problemin qısa müddət ərzində həll olunmasıdır”.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirildi ki, 2023-cü ilə qədər bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulub: “Buravar kəndinin də qazlaşdırılması istisna deyil. Hətta böyük ehtimalla gələn ilin ilk rübündə həmin kənd qazlaşdırılacaq”.

Günel CƏLİLOVA