Keçmiş məcburi köçkünün evinin qazını kim və niyə kəsib?

15 Sentyabr 2021 18:52 (UTC+04:00)

Redaksiyamıza Kəlbəcər rayonundan keçmiş məcburi köçkün, Xətai rayonu, Telnov küçəsi 2347/48, mənzil 648 ünvanda yaşayan İsayeva Qizqayıt Sərdar qızının müraciəti daxil olub.

 

Q.İsayeva mənzil və digər hüquqlarının pozulduğunu yazır. Qeyd etdiyinə görə, 2008-ci ildən indiyə qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən mənzil hüququ pozulub və 13 dəfə davamlı olaraq müraciət etməsinə baxmayaraq, dövlətin qaçqın və məcburi köçkünlər üçün yaratdığı şəraitdən, imtiyazlardan istifadə edə bilməyib, mənzillə təmin edilməyib. Qurum tərəfindən müraciətlərinə baxılmadığı və hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etdiyini yazan keçmiş məcburi köçkün qeyd edir ki, “Qaçkınkom”dan ona ev təkilf edib, onun isə işi məhkəmədə olduğu üçün bundan imtina edib. “2017-ci ildə yaşadığım yataqxananı söküb məni yeni yaşayış evinə köçürüblər. Həmin ev isə təmirsiz idi və qaz xətti kəsilmişdi. 2017-ci ildən müraciət etmədiyim aidiyyəti qurum qalmayıb”.

Q.İsayeva qəzetimiz vasitəsilə probleminin ictimailəşdirilməsini istəyir və əlaqədar qurumları onun problemlərinə biganə qalmamağa çağırır. , bildirir ki, yaşadığı mənzildə qaz xəttinin olmaması ciddi çətinliklər yaradır. Q.İsayeva ümid edir ki, müraciəti  qəzetimiz tərəfindən ictimailəşdirildikdən sonra qaz idarəsi onun qaz xəttinin bərpa edilməsi üçün lazımı addımlar atacaq.

Biz də ümid edirik ki, Q.İsayevanın yaşadığı mənzildə qaz xəttinin bərpası üçün müvafiq qurumlar gərəkən tədbirləri görəcək.

İradə SARIYEVA