Paşinyan Gürcüstan səfərində Serj Sarkisyanın "10 il əvvəl ölmüş layihəsini diriltməyə" qalxdı…

13 Sentyabr 2021 18:33 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan Tiflisə səfəri çərçivəsində “İran körfəzi-Qara dəniz” nəqliyyat dəhlizi layihəsi ətrafında da müzakirələr aparıb. Amma ekspertlər hesab edir ki, bu iki ölkədən başqa İran, Bolqarıstan və Yunanıstanın da iştirakını nəzərdə tutan layihənin reallaşacağı inandırıcı görünmür. Böyük ehtimalla, Paşinyan Avropa İttifaqının reallaşması üçün Ermənistana vəsait ayırdığı avtomobil dəhlizini nəzərdə tutur.

Dəmir yolu nəqliyyatına gəldikdə isə, burada çox ciddi problemlər var. Çünki Rusiya ilə Ermənistan Naxçıvandan yan keçməklə dəmir yolu çəkmək qərarına gəlsələr, minimal hesablamalara görə, 3,5 milyard dollar lazım olacaq ki, bu da çox böyük vəsaitdir. Bunu da hansısa ölkənin ödəyəcəyi inandırıcı görünmür. Ermənistanın isə belə maliyyə imkanı yoxdur. Müstəqil ekspertlər hesab edir ki,  İranın üzərindən sanksiyalar götürülən kimi, dərhal Astara-Rəşt yolunun qalan hissəsi tikiləcək. Azərbaycan bunun üçün İrana artıq 500 milyon dollar ayırıb. Yeganə əngəl əldə olan pulun İrana verilməsinin qarşısını kəsən sanksiyalardı. Bu problem çözüləndən sonra məhz həmin marşrutların inkişaf edəcəyi inandırıcı görünür. Xatırladaq ki, Ermənistan bu uğursuz layihənin üzərində hələ Serj Sarkisyanın prezidentliyi dönəmindən vurnuxur, ancaq onun reallaşmasına nail ola bilmir. Paşinyanın bu istəyinin reallaşması mümkündürmü?

Beynəlxalq idarəetmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan İran-Avropa dəhlizinin reallaşması istiqamətində çoxdan çalışır: “44 günlük müharibədən əvvəl onların bir niyyəti də bu idi ki, həmin layihəni ehtimal edilən döyüş əməliyyatları zonasına yaxın ərazilərdən keçirməklə, Azərbaycanın müharibəni bərpa etmək şanslarını azaltsınlar. Onlar bir neçə dəfə  Gürcüstan-Abxaziya yolunun açılması xəbərini də tirajlayıblar. Bir çoxları bunu az qala İrəvanın İran və Rusiya arasında həm dəmiryol, həm də avtomobil yolu vasitəsilə əlaqə yaratmasına verdiyi töhfə kimi qiymətləndirdi. Lakin bu məlumatların yayılmasından sonra Gürcüstanın Xarici İşlər Nazirliyi bütün bu şayiələri təkzib edərək, İran-Ermənistan-Rusiya dəhlizinin yaradılması barədə İrəvanın planlarını məhv edib. Ermənistanın təbliğat-təşviqat aparatı tərəfindən yayılan bu şayiələrin əsas məqsədi Azərbaycan-Gürcüstan münasibətlərini zədələməkdən ibarət idi. Ermənistanın İran körfəzindən Qara dənizə körpü olması mümkün görünmür. İran körfəzi - Qara dəniz və İran-Ermənistan-Rusiya dəhlizinin yaradılması barədə İrəvanın planlarına qayıdaraq, bu şayiələri yayan erməni mənbələrin nəzərinə bir neçə detalı çatdırmaq istəyirəm. İranın və Körfəz ölkələrinin Rusiya ilə ən qısa və ucuz dəniz əlaqəsi uzun illərdir ki, Xəzər dənizi vasitəsilə həyata keçirilir. Astara- SDK (Qusar) avtomobil yolu isə quru əlaqəsini təmin etməklə, həm də körfəz ölkələrini İpək Yoluna bağlayır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi tam hazırdır, Rəşt - Astara hissəsində isə işlər sürətlə davam edir. Ermənistanın hələ düşündüyü, maliyyə axtardığı layihələr artıq illərdir ki, Azərbaycan ərazisindən fəaliyyət göstərir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam istifadəyə verilməsi qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələrinə böyük təkan verəcək. Həm Azərbaycan, həm də İran Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edir. Bu layihənin tam başa çatması İranı Rusiya və Avropa, Azərbaycanı isə İran körfəzi sahilindəki Bəndər-Abbas limanı vasitəsilə körfəz ölkələri ilə birləşdirəcək. Bu yolun işə düşməsi İran, Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsini dəfələrlə artıracaq və hər üç dövlətin iqtisadi inkişafına əsaslı təkan verəcək. Bu dəhliz Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac olunan malları daşımağa da imkan verəcək. Bu yolun böyük perspektivi var və Asiya ölkələri bu yolun tikintisində maraqlıdır.

Digər tərəfdən, həm İran-Rusiya, həm də İran-Gürcüstan marşrutunun Azərbaycandan keçən hissəsini, Ermənistandan keçən yolla müqayisə etməyə dəyməz. Ermənistandakı İran-Gürcüstan yolu illərdir ki, başa çatmaq bilmir. Bütün bunlar Ermənistanın Avropanın İranla münasibətlərindən yararlanaraq öz daxili infrastruktur layihələrinə “beynəlxalq” status qazandırıb, qoca qitənin maliyyə vəsaitlərini özünün daxili problemlərinin həllinə cəlb etməyə çalışdığını söyləməyə əsas verir”.

Məhəmmədəli QƏRİBLİ