Zaxarova 10 noyabra dair yaxşı çağırdı, ancaq konkret çağırmadı - pozucu tərəfin adı yoxdur?

10 Sentyabr 2021 18:11 (UTC+04:00)

“Qarabağla bağlı üçtərəfli razılaşmaların bütün müddəalarının qeyd-şərtsiz icrasını təmin etmək lazımdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi gündəlik brifinqdə deyib.

O bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında hər hansı bir pozuntu qeydə alınmayıb: “Son dövrlərdə silahlı insidentlərin yaşandığı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin qiymətləndirilməsi aparılır. Biz regionda Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinlərinin rəhbərliyilə üçtərəfli işçi qrupun xətti ilə həyata keçirilən iqtisadi, nəqliyyat əlaqələrinin açılması üzrə işlər barədə müntəzəm olaraq məlumat yayırıq”.

Zaxarova onu da əlavə edib ki, hazırda Rusiya 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının bütün müddəalarının icrasını prioritet hesab edir: “Əlbəttə, ilk növbədə bu, atəşkəs rejiminə əməl olunması, humanitar məsələlərin həlli, regionda iqtisadi, nəqliyyat əlaqələrinin açılmasına aiddir. Ümid edirik ki, bu addımlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün şərait yaradacaq”.

Yenə ümumi çağırış, ümumi yanaşma. Məgər bu razılaşmaların maddələrini yerinə yetirməyən ölkənin adı bəlli deyil?

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin sözlərinə görə, əslində Zaxarova bununla son on ay ərzində 10 noyabr üçtərəfli bəyənnaməsindən irəli gələn məsələlərin həll olunmadığını dolayı yolla etiraf etmiş oldu: “Burada qalib tərəf olaraq Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Rusiya rəsmisi 9 bənddən ibarət olan bu razılaşmaya Ermənistan tərəfindən əməl olunmadığını çox yaxşı bilir. Müqavilədə göstərilən şərtlərin əksəriyyəti Ermənistanın icra etməli olduğu məsələlərdir. 10 noyabr üçtərəfli bəyanatının 4-cü maddəsində konkret olaraq göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Ancaq biz gördük ki, bəyanatda göstərilən bu maddənin şərtləri yerinə yetirilmədi. Orada erməni silahlı birləşmələrinin olması baradə kifayət qədər faktlarla rastlaşırıq. Yaxud 9-cu maddədə göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu razılaşmadan 10 ay keçməsinə baxmayaraq, hələ də Ermənistan tərəfi bir-birini tamamlamayan qeyri-ciddi açıqlamalar verməkdədir. Bunu Rusiya xarici siyasət idarəsi rəsmisinin bilməməsi mümkün deyil. Kreml, sadəcə, Paşinyan hakimiyyətini öhdəliklərini həyata keçirməyə məcbur etmək istəmir. İstəsələr təzyiq göstərərlər. Son günlər Ermənistan hökumət rəhbərlərindən, bir neçə pozitiv açıqlamalar verilməsinə baxmayaraq, heç bir əməli addım müşahidə etmirik. Birmənalı olaraq qeyd etmək istəyirəm ki,  müqavilənin şərtlərinə əməl olunmasına Ermənistan tərəfi daha çox məsuliyyət daşıyır. Birincisi, işğalçı dövlət olduğu rəsmi sənədlərdə əks olunub. İkincisi, 44 günlük müharibədə acı məğlubiyyətə uğrayaraq 10 noyabr Bəyannaməsində öz üzərinə öhdəliklər götürüb. Bu öhdəlikləri yerinə yetirməsələr daha ağır duruma düşəcəklər”.

Sədr müavini hesab edir ki, Moskva 10 noyabr öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Ermənistana təzyiq göstərməlidir.

Vidadi ORDAHALLI