Azərbaycan qaziləri də qardaş Türkiyənin dərdinə biganə qalmadı...

3 Avqust 2021 18:07 (UTC+04:00)

Hər bir Azərbaycan vətəndaşı qardaş Türkiyədə baş verən meşə yanğınlarına biganə yanaşmır və dəstək, kömək üçün qardaş ölkəyə əlindən yardımı etməyə çalışır. Demək olar ki, Azərbaycandan Türkiyəyə bu ağır gündə bütün sahələrdən dəstək göstərilir.

O cümlədən, Vətən müharibəsi iştirakçıları, qazilərimiz, onların təmsil olunduğu təşkilatlar da qardaş ölkəyə öz dəstəklərini ifadə edirlər. Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi" qardaş Türkiyə Cumhuriyyətində tüğyan edən meşə yanğınları ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevə müraciət edib. Bu barədə Birliyin sədri Nahid Salayev öz sosial şəbəkə hesabından məlumat verib.

Vətən müharibəsi iştirakçıları, qazilər müraciətdə Türkiyədə baş verən yanğınların qarşısının alınmasına kömək etmək üçün bu ölkəyə səfərbər olunmaq arzusunu ifadə edirlər.

Tanınmış hərbi ekspert Tərlan Eyvazov hesab edir ki, bütün Azərbaycan xalqının, o cümlədən də Vətən müharibəsi iştirakçılarının və qazilərin qardaş ölkəyə dəstək olması təbiidir. T.Eyvazovun sözlərinə görə, Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir, bu baxımdan Azərbaycandan ifadə edilən dəstək tamamilə yerindədir. “Bu gün bütün təşkilatlar, ictimai birliklər, qurumlar, qazilər, jurnalistlər, fəal kəsimlər, bir sözlə, bütün Azərbaycan xalqı Türkiyə ilə bir yerdədir. Hər birimiz  ayaqdayıq. Türkiyədə baş verən yanğın nəticəsində adicə bir ağacın yarpağının yanması, bir canlının yanıb məhv olması bizim canımızı ağrıdır, öz gücümüzlə, imkanlarımızla orada olmağa səy göstəririk. Məsələ burasındadır ki, 44 günlük Vətən savaşında, qardaş Türkiyə başda olmaqla, bütün müsəlmanlar, türk xalqları, eləcə də digər xalqların nümayəndələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdilər, hətta əllərinə silah alıb müharibədə döyüşmək istədiklərini bildirdilər. Amma təbii ki, hər bir kəsin ürəyindən gələn olsa da, bu sırf peşəkarların işidi”.

T.Eyvazov hesab edir ki, bütövlükdə qazilərimizin bu prosesdə iştirak etmək istəməsi müsbət haldır.  “Vətən müharibəsi iştirakçılarının, qazilərimizin, bütün xalqımızın qardaş Türkiyəyə könüldən, ürəkdən dəstək olması çox təbii bir haldır. Xalq olaraq bizim qəlbimiz Türkiyənin yanındadır, hamımız orada iştirak etmək istəyirik. Hesab edirəm ki, bu gün Fövqaladə Hallar Nazirliyinin əməkdaşları qardaş Türkiyədə peşəkarcasına öz öhdələrinə düşən işi həyata keçirirlər, qardaş dəstəyini göstərirlər. Yanğınla mübarizə işində sırf peşəkar yanaşma olmalıdır. FHN əməkdaşları da bütün texnika ilə prosesdə iştirak edirlər. Bu vacibdir. Qazilərimizin bu müraciəti onu göstərir ki, Vətən müharibəsi  iştirakçıları, qazilər qardaş ölkənin üzləşdiyi ağır bəlaya biganə qalmır, yanğının aradan qaldırılmasında iştirak etmək istəyirlər. Bütün hallarda bu müsbət haldır. Amma dediyim kimi, orada FHN-in peşəkar heyəti çalışır və yanğının söndürülməsində yaxından iştirak edirlər”-deyə T.Eyvazov vurğuladı.

İradə SARIYEVA