Azərbaycanın halal məhsullarını müsəlman ölkələri niyə almır…

3 Avqust 2021 15:55 (UTC+04:00)

Müxtəlif dinlərdə və inanclarda bəslənmə ilə bağlı müəyyən qırmızı cizgilər var. Bəzi dinlər və ya inanclar bir yeməyə üstünlük verir, bəziləri isə bunu qadağan edir.

 

İslam dininə görə, bu anlayışlar halal və haram olaraq ifadə edilir. Haram istehlakından qaçınılması lazım olan, islam dininin məqbul görmədiyi yeyinti və ya içki məhsuludur, halal kateqoriyası isə, bunun əksinə, dini inancın məqbul gördüyü yeyinti və ya içkiləri təmsil edir.

Məlumdur ki Azərbaycanda da halal məhsullar istehsal edilir, amma istehsal miqyası azdır. Bu yaxınlarda Tatarıstanda keçirilən “Rusiya Halal Expo 2021” sərgisində azərbaycanlı sahibkarlar müxtəlif ət məhsulları, meyvə şirələri, mürəbbə və konservlər, bitki yağları, un və un məmulatları, həmçinin yerli məhsulların ixracı ilə məşğul olan şirkətlərin xidmətlərini təqdim etdilər. Əslində, bu cür hadisələr yeni satış bazarları və etibarlı təchizatçılar tapmağa kömək edir.

Qeyd etdiyimiz kimi, Azərbaycanda da halal məhsullar istehsal edilir. Maraqlıdır, ölkəmizdə istehsal olunan halal məhsullar niyə müsəlman ölkələrinə ixrac olunmur? Axı, bu məhsulların müsəlman ölkələrinə ixracı ölkə iqtisadiyyatının inkişafına səbəb olardı…

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, müsəlman ölkələrinə ixrac edilə bilən keyfiyyətli məhsullar istehsal etsək, istehsalçılarımız və ixracatçılarımız üçün yaxşı olar: “Ancaq indi Rusiya və Qazaxıstanda bu seqment üçün işləyən bir çox müəssisə var və orada əhəmiyyətli pay almağa çalışırlar. Bu bazarda əhəmiyyətli oyunçu, bir çox müsəlman ölkəsinə bu cür məhsulları verən Türkiyədir. Uzun illərdir ki, bu istiqamətdə işləyən və bunu uğurla edən şirkətlər var. Buna görə də böyük rəqabəti unutmamalıyıq. Bazarda rəqabət aparmaq üçün Türkiyə təcrübəsini və istehsalın dəyərini öyrənmək lazımdır”.

Həmsöhbətimizin sözlərinə görə, qaydalara əməl etməklə hazırlanan halal məhsullar bahadır. Bu məsələyə ciddi yanaşan müsəlman ölkələrində standartlara uyğunluq üçün müxtəlif testlər aparılır: “Bu sahədə istənilən nəticəni əldə etmək üçün stimullaşdırıcı tədbirlər görülməlidir”.

Günel CƏLİLOVA