Bankların dəyişməyən pul siyasəti problemli kreditlərin həcmini yenə çoxaldır…

3 Avqust 2021 12:35 (UTC+04:00)

Iqtisadi müstəvidə son günlərdə yenidən diqqət cəlb edən əsas məsələlərdən biri problemli kreditlərin həcmində cari il ərzində qeydə alınan artımdır. Məlumat üçün qeyd edək ki,  Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 914,6 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,85% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,4% artıb. Düzdür, son 1 ildə problemli kreditlərin miqdarı 14,2% azalıb. Lakin azalmada koronavirus pandemiyası səbəbindən banklardan daha az miqdarda kredit götürülməsi önəmli rol oynayıb. Amma iqtisadi aktivliyin bərpa edilməsi fonunda vəziyyət yenidən dəyişir. Artıq iyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6% təşkil edib. Ekspertlər hesab edir ki, bu gedişlə problemli kreditlər bank sektoru üçün yenidən ciddi təhdid mənbəyinə çevriləcək. Ekspert, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov məsələ ilə bağlı bildirir ki, hazırda problemli kreditlərlə bağlı vəziyyət qeyri-müəyyəndir və problemli kreditlərin artım tendensiyası təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur: “Bu, kredit alanların ödəmə qabiliyyətinin zəif olması və biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır. Ötən il Azərbaycan Mərkəzi Bankı ölkə banklarına həm banklardan, həm də istehlakçılardan belə kreditlərin qaytarılmasını tələb etməməyi tövsiyə etdi. Banklar keçən il bunu dinlədi. Tövsiyələrin müddəti bu il də uzadıldı, lakin banklar bu kreditləri problemli hesab etməyə başladılar. Təbii ki, manatın devalvasiyasına görə 2015-ci ildən bəri aldığımız problemli kreditlərin həcmi geri qayıtmayacaq. Pandemiya tədricən zəifləyir, iqtisadi aktivlik bərpa olunur. Dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır”. Araşdırmalar göstərir ki, problemli kreditlərin həcminin artmasına bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb. Eyni zamanda, depozit dividendləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq bəzi banklar xarici valyutada dividendlərə ya faiz ödənişi etmir, ya da cüzi dividend hesablayırlar. Manat üzrə depozit dividendləri də azalıb. Depozit dividentlərinin düşməsinə baxmayaraq, kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Əks halda Azərbaycanda problemli kreditlərin yenidən artması qaçılmaz olacaq.

Hesab edilir ki, ilk növbədə kredit faizləri aşağı salınmalıdır. Bank sistemində kredit faizləri yüksək olduğu üçün sahibkarlar və fiziki şəxslər onu vaxtında qaytara bilmir. Bununla da problemli kreditlərin həcmi artır. Yuxarıda qeyd edildiyi kimi,  əmanətlərin faizi də burada rol oynayır. Məlumdur ki, bank vəsaitinin üç mənbəyi var. Bunlardan birincisi vətəndaşların depozitləri və əmanətləridir. İkincisi Mərkəzi Bankdan müəyyən məbləğdə götürülmüş kreditlər, üçüncüsü isə beynəlxalq maliyyə qurumlardan götürülmüş vəsaitlərdir. Amma indiki halda bir çox bankların vəsaitlərinin 80-90 faizi məhz vətəndaşların əmanətləridir. Əmanətlərin faizi yüksək olanda da kredit faizləri yüksək olur. Bu da problemli kreditlərin miqdarını artırır. Beləliklə də, ölkənin bank sektorunda tədricən yeni kredit böhranı yaranır. Banklara olan borcların portfelinin artması həm əhalinin vəziyyətinin pisləşməsinə, həm də banklarda müəyyən qədər inkişafa mane olur. Araşdırmalar göstərir ki, Azərbaycanda problemli kreditlər yenə daha çox istehlak kreditlərinin hesabına artır. İstehlak kredit faizlərinin biznes kreditlərə baxanda daha yüksək olması, qazanılma müddəti və prosedurunun nisbətən asan olması bu sahəyə daha çox bankları meylləndirir. Bu hal da nəticə etibarı ilə problemli kreditlərin miqdarının artımına gətirib çıxarır. Dövlət bankların istehlak kreditləri əvəzinə real sektora daha çox vəsait ayırmasını gözləsə də, hələ də əks vəziyyət müşahidə olunur. Elə bu səbəbdən məsələnin həlli üçün müəyyən radikal addımların atılması vacibdir. Hesab edilir ki, Mərkəzi Bankın istehlak kreditləri üzrə ehtiyat normasına yenidən baxması və bu norma ilə bağlı şərtləri daha da ağırlaşdırması məqsədəuyğundur. Bankların faiz dərəcələrini azaltması və çox sayda real sektora yönəlik kreditlər verməsi olduqca vacibdir. Hər halda nəzərə alınmalıdır ki, dövlət məhz bunu istəyərək indiyə kimi banklara əhəmiyyətli dərəcədə yardımlar edib. Vaxtı keçmiş kreditlər artarsa, bank sektorunda müəyyən dalğalanmalar gözlənilir və bəzi problemlərin daha da dərinləşməsi ehtimalı var. Bu həm də ona görədir ki, banklar daha çox biznes deyil, qısamüddətli, yüksək faizli istehlak kreditlərinə üstünlük verir. Deməli, banklar özləri də siyasətlərini dəyişməlidirlər.

Ramil QULİYEV