Şəhidlərə həsr olunmuş “Haray” kompozisiyası...

2 Avqust 2021 14:37 (UTC+04:00)

Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsi şəhidlərin əziz xatirəsinə ithaf olunmuş “Haray” adlı virtual ədəbi-bədii kompozisiya  baxanlar tərəfindən böyük maraqla qarşılandı. Kompozisiya teatrın səhnə kollektivi və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə əməyi sayəsində təşkil olunmuşdu.

Ədəbi-bədii kompozisiyada tələbələr Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş İbrahim Rükabzadə, İbrahim Lələyev, Sübhan Həsənov, Ramazan Vəliyev və Rafael Hüseynovun həyatı və şərəfli döyüş yoluna işıq tutan bədii-dramatik üslubda monoloqlar söylədilər. Teatrın rejissoru C.Əliyev və aktrisa A.Həsənova yaratdıqları obraz və təsirli ifalarla səhnəni şəhidlərin adına layiq bölüşə bildilər. Virtual səhnə işində həmçinin, tələbə və məktəblilər tərəfindən vətənpərvərlik ruhlu şer kompozisiyaları səsləndi, tanınmış sənətçi T.Gözəlovun ifasında şəhidlərə həsr olunmuş həzin musiqi parçası daha yaddaqalan alındı .
Sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunan ədəbi-bədii kompozisiyanın quruluşçu rejissoru C.Əliyev, musiqi və səhnə tərtibatçıları müvafiq olaraq Ruslan Zahidov və Elsevər Əliyevdir.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü