Paşinyan yenə Kremli qəzəbləndirdi...

2 Avqust 2021 17:05 (UTC+04:00)

Rəsmi İrəvanın Azərbaycanla sərhəd ərazilərə Rusiya və ya digər üçüncü qüvvənin hərbçilərini gətirmək niyyəti Kremldə də xoş qarşılanmayıb. Erməni mediası yazır ki, ilk baxışda təklif Moskva üçün cazibədar görünə bilərdi, amma məsələnin mahiyyətinin başqa olduğunu Rusiyada da anlayırlar. Buna görə Kreml İrəvana qəzəblənib.

Bununla bağlı “Qraparak” nəşri yazır: “Nikol Paşinyan hökumətin son iclasında yenə narazılıq etdi ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenidən gərginləşib. Bu halda Nikol Paşinyanın həll təklifi xüsusi diqqət cəlb edib. Həll aşağıdakıdır: müharibədən sonra bir neçə yüz kilometr uzanmış Ermənistan-Azərbaycan sərhədi boyunca rus sərhədçilər, eləcə də KTMT-nin monitorinq missiyasını yerləşdirmək. Yəni Ermənistan sərhədlərinin müdafiəsini tamamilə Rusiyaya, nəzarəti də KTMT-nin üzv ölkələrinə təhvil vermək. Bu halda Azərbaycanın və bizim qarşılıqlı ittihamlarımızın mahiyyətini aydınlaşdırmaq məsələsində mümkün həllərdən biri Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT-nin hüquqi tənzimləmələrində nəzərdə tutulan KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi ola bilər. Amma Paşinyan bu məsələni rus həmkarları ilə müzakirə etməyib. Bəs o, Ermənistan sərhədlərinin müdafiəsini tamamilə Rusiyaya təhvil verməyə özbaşına şəkildə qərar verib? Və məgər Rusiya bənzər missiyanı üzərinə götürməyə hazırdır? Yox, sadəcə, Paşinyan KTMT-ni təhrik edir ki, sonra bu strukturdan çıxmaq üçün əsasa sahib olsun”. Qəzet qeyd edib ki, Paşinyanın KTMT ilə bağlı hökumətin son iclasında səsləndirdiyi fikirlər Rusiyanı qəzəbləndirib: “Bununla bağlı məlumat verən mənbə məlum iclasdan sonra Rusiyanın nümayiş etdirdiyi sükutun Ermənistana baha başa gələ biləcəyini qeyd edib. Paşinyanın Rusiyanı qəzəbləndirən açıqlaması belə idi: “KTMT çərçivəsində monitorinq qrupunun Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi mümkünsüzdürsə, ATƏT-in Minsk Qrupunun həmsədrliyi də daxil olmaqla, digər beynəlxalq səviyyədə tanınmış formatlar bizim üçün məqbul ola bilər”.

"Hayeli" nəşri də yazır ki, Ermənistan və Azərbaycan arasında sərhəd toqquşmaları davam edir: “Hadisələr baş versə də, KTMT-nin heç bir bəyanat verməyəcəyi göz önündədir. KTMT-nin baş katibi Stanislav Zas güc tətbiqini qəbuledilməz hesab edir və əmindir ki, münaqişələrin həlli üçün yalnız siyasi-diplomatik üsullardan istifadə edilməlidir. Bundan əlavə, Zas Rusiyanın bölgədəki vəziyyəti sabitləşdirmək səylərini alqışlayıb. Bu, əslində, KTMT baş katibinin Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı Ermənistanın baş naziri vəzifəsini icra edən şəxsin təşəbbüsünə verdiyi cavab idi. Yeri gəlmişkən, sentyabrda Ermənistan bu təşkilata sədrlik edəcək. Kreml hələ də  Paşinyanın Rusiya sərhədçilərini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirmək fikrinə münasibət bildirməyib. Sadəcə, Kremlin Paşinyanın təşəbbüsünə necə baxdığını soruşduqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib: "İrəvanla əlaqələr davam edir, əlavə edəcək bir sözüm yoxdur". O, bunun əvəzində Rusiyanın Ermənistan-Azərbaycan sərhədində atəşkəsin bərpası üçün böyük səylər göstərdiyini vurğulayıb. Yəni indi Paşinyan ruslar qarşısında minnətçi rolunda çıxış edir, lakin Moskvadan, demək olar, heç nəyi təsdiq etməyən bəyanat səslənib. Bəs Paşinyan Yuri Xaçaturovu geri çağıraraq KTMT-ni nüfuzdan salanda nə düşünürdü? İndi hansı üzlə bənzər təkliflərlə çıxış edir? Peskovla yanaşı Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov da Paşinyanın təklifinə cavab verib. Kalaşnikov Paşinyanın bəyanatının Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçilərinin yerləşdirilməsinə aid hissəsinə münasibət bildirərək deyib: "Bu təhlükəsizlik məsələləri daha çox səssiz şəkildə həll olunur, bəzən siyasi xal qazanmaq lazım gəldikdə mətbuatda açıqlamalar verilir". Dövlət Dumasının deputatı, həmçinin, KTMT-nin Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərilməsinə razılıq verəcəyinin çətinliyinə də işarə edərək, Ermənistanın KTMT üzvü olduğunu və Paşinyanın təşkilatın üzv dövlətlərinin mövqeyini anladığını qeyd edib. Onun sözlərinə görə, məsələ çox mürəkkəbdir, ilk növbədə bunu üç lider - Putin, İlham Əliyev və Paşinyan həll etməlidir. Rusiya mətbuatı sərhəddə baş verən toqquşmalarla əlaqədar İrəvan və Bakının verdiyi açıqlamaları fəal şəkildə işıqlandırır. Rusiya qəzetləri və telekanalları rəsmi Moskvanın, ən azından, nəzəri olaraq bitərəfliyi qorumağa çalışdığı kimi, yeni Ermənistan-Azərbaycan qarşıdurmalarını işıqlandırarkən ənənəvi bitərəfliyi qorumağa çalışırlar.

Yeri gəlmişkən, Peskovdan Kremlin NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimləri və Azərbaycanın bu təlimlərdə iştirakını necə şərh etdiyi soruşulub. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Azərbaycan suveren dövlətdir və Moskva Bakı ilə münasibətlərə önəm verir. Bu da Rusiyanın Azərbaycana qarşı çıxmayacağının daha bir göstəricisidir”. Rusiyalı ekspert Vitali Arkov isə bu fonda bildirib: “Təəssüf ki, regionda vəziyyət, 44 günlük müharibənin nəticələrinə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata baxmayaraq, gərgin olaraq qalır. Əsas problem ondan ibarətdir ki, erməni cəmiyyətinin bir hissəsi Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında yerüstü dəhlizin formalaşması üçün zəruri olan ərazilərin bir hissəsinin Bakının nəzarətinə keçməsini qəbul edə bilmir. Azərbaycan cəmiyyətinin müəyyən hissəsi də hazırkı vəziyyətdən heç də razı deyil”. Arkovun sözlərinə əsasən, Paşinyanın bu təklifi ilə, əslində elə ilk növbədə Ermənistanın özünün 10 noyabr 2020-ci il tarixli sənədin müddəalarına riayət etməyə məcbur olacaq: “Sərhəddə təxribat edən Azərbaycan əsgəri deyil, ermənilərin özləridir. Ona görə də rus əsgərləri ilk növbədə Ermənistan tərəfini susdurmağa çalışacaq. Hazırda vəziyyət mənfi yöndə inkişaf etməyə başlayıb və sərhədin bir çox hissəsində qarşıdurmalar baş verir. Bunun bir səbəbi Ermənistandakı daxili siyasi böhrandır. Heç növbədənkənar parlament seçkisi də bu dövlətin içindəki böhran alovunu söndürə bilmədi. Nikol Paşinyanın opponentləri yalnız taktikanı dəyişdi”. Onun sözlərinə görə, seçkilərdə Robert Köçəryanın partiyası qələbə qazanacağı təqdirdə Ermənistan-Azərbaycan sərhədində vəziyyət daha da dramatik olardı: “Təbii ki, Paşinyanın səsləndirdiyi bu yeni tezis revanşist və Azərbaycan torpaqlarının yeni işğalına can atan erməni radikallarını qane edə bilməz. Çünki onların qarşısında rus ordusu duracaq. Anlamaq lazımdır ki, bu, KTMT çərçivəsində tamamilə qanuni və bugünə qədər Nikolun səsləndirdiyi yeganə düzgün fikirdir. Bunun üçün Ermənistanın Azərbaycanla sərhədində kifayət qədər geniş zolaq yaradılmalı, bu zolaqdan Ermənistan silahlı qüvvələrinin bölmələri çıxarılmalı, nəzarət isə Rusiya sülhməramlılarına keçməlidir.

Bəllidir ki, Ankaradan Bakıya Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlığı çərçivəsində analoji yardım təklifi də gələ bilər. Üstəlik, bildiyimiz kimi, hazırda iki ölkənin hərbi idarələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fəal məsləhətləşmələr aparılır. Bu, həqiqətən də situasiyanın müsbət istiqamətdə irəliləməsinə gətirib çıxarar. Bununla yanaşı, güman edirəm ki, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında danışıqlara başlamağın vaxtı gəlib çatıb”.

Nahid SALAYEV