Zəngəzur dəhlizindən qıcıqlanan fransız səfir “Dansinq dəhlizi” ilə nə demək və kimi ələ salmaq istədi...

30 İyul 2021 18:49 (UTC+04:00)

Fransanın Azərbaycana münasibətdə qərəzli yanaşmaları, Ermənistanı qızışdırmağa çalışması hər keçən gün dajha da artır. Qeyd edilən xüsusda Fransanın Ermənistandakı səfiri Conatan Lakotun son günlər ərzində verdiyi açıqlamlara nəzər salmaq kifayətdir.

Faktiki olaraq Fransa səfiri verdiyi açıqlamaları ilə bütün diplomatik normaları aşaraq Ermənistanın vəkili rolunda çıxış edir. Səfir ortaya ciddi arqument qoymadan Qarabağın “statusundan”, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların bərpasından danışır. Hansı ki, sadalanan məsələlər artıq gündəlikdən çıxıb.

Paradoksal məqam odur ki, ölkəsinin regional nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu əlavə edən səfir bununla belə, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini məhz dəhliz adlandırılmasına qarşı çıxıb: ““Dəhliz” terminindən imtina olunmalıdır. “Dəhlizlər” diplomatiya tarixində çox pis izlər qoyub. Məsələn, Dansinq dəhlizi kimi. 2021-ci il 11 yanvarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında verilən və region ölkələri ilə qonşuları arasında əlaqə kanallarının bərpasını nəzərdə tutan üçtərəfli razılaşma əsasında çalışmaq lazımdır”.

Görünən odur ki, Fransa səfiri diplomatik çərçivələrdən kənara çıxaraq uğursuz müqayisələr aparır. Zəngəzur dəhlizi adından qıcıqlanan səfir bir növ bu istiqamətdə gedən prosesi ələ salmağa çalışır. Sanki Dansinq dəhlizi rəqs koridorudur deməkdi.

Maraqlıdır, Dansinq dəhlizi nədir? Fransa səfiri Zəngəzur dəhlizi sözündən niyə bu qədər qıcıqlanır?

Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, Fransanın prezidenti kimi, səfiri də ermənilərin vəkili rolunda çıxış edir: “Bir tərəfdən Fransa Ermənistanın iqtisadi inkişafından, bunun üçün sərhədlərin açılmasından danışır, o biri tərəfdən uğrsuz müqayisələr aparır. Heç dəxli olmayan məsələləri ortaya atır. Dansinq dəhlizi ifadəsi Paris Sülh Konfransında səslənib. Bu, Polşa tərəfinin Paris Sülh Konfransında təklif etdiyi Polşa Respublikasının təxmin edilən sərhədləri xəttidir. Təklif olunan sərhəd xəttinə əsasən, Polşanın hüdudlarına II Polşa Respublikasının ərazisini təşkil edənlər istisna olmaqla, Vislanın yuxarı hissəsi ilə Dansinq (Qdansk), Varmiya və Masuriya, Litva, Qərbi Belarusiya, Polesiyanın qərb hissəsi, Yuxarı Sileziya, Podoliyanın qərb hissəsi, Voln və Jitomir daxil olmalı idi. Ancaq konfransda Polşa sərhədinin bu xətt boyunca keçirmək təklifi rədd edildi. Bütün hallarda Conatan Lakotun bununla bağlı bənzətmələr aparmasının heç bir əsası yoxdur. Bu, sadəcə uğursuz bir müqayisədir. Çünki bunlar tamamilə başqa məsələlərdir. O, aşırı dərəcədə tərəfkeşlik mövqeyindən çıxış edərək bununla sadəcə ermənilərə xoş görünmək istəyir. Ancaq Lakotun bu cür canfəşanlığı birbaşa olaraq rəsmi Parisin təlimatından irəli gəlir. Yoxsa o özbaşına olaraq bu dərəcədə həyasızlıq edib belə fikirlər səsləndirməz. Ona görə də buna geniş prizmadan baxmaq lazımdır”.

Partiya sədri hesab edir ki, Azərbaycan diplomatik müstəvidə maksimum fəal olmalıdır.

Vidadi ORDAHALLI