Sərhəd insidentləri və Rusiyanın Azərbaycan-Ermənistan dialoqu üçün hazırladığı sənədlər?

29 İyul 2021 20:15 (UTC+04:00)

Azərbaycanla Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesi həyata keçirilmədən sərhəddə gərginliklərə son qoymaq mümkünsüz hesab edilir. Xatırladaq ki, rəsmi Bakı bu prosesı hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib.

Sərhəddə insidentlərə son qoyulması üçün Ermənistan dərhal Azərbaycanın təklifini qəbul edib delimitasiya və demarkasiya işlərinə başlamalıdır. Artıq Azərbaycan Müdafiə Nazirliyi də bu xüsusda qarşı tərəfə müraciət edərək bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməli, sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamalıdır.

Daha öncə xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında bildirib ki, Azərbaycan Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edir: “Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir”. Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı Ermənistan tərəfinə müraciəti bir daha göstərir ki, rəsmi Bakı prosesdə maraqlı tərəfdir. Azərbaycanın bu mövqeyi Rusiya tərəfindən də dəstəklənir. Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovanın bu xüsusda deduikləri də qeyd edilənlərin təsdiqidir: “Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya bu ölkələr arasındakı sərhədə, sülhməramlı qüvvələrimizin yerləşdiyi Qarabağda olan vəziyyətə xüsusi diqqət yetirir. Rusiya sabitliyin qorunmasına, dinc həyatın bərpasına, o cümlədən qaçqınların qaytarılmasına, cəsədlərin qarşılıqlı şəkildə təhvil verilməsinə mühüm töhfə verməyə davam edir. Bakı ilə İrəvan arasında etimad tədbirlərinə dəstək verir, KTMT, BMT, UNESCO missiyalarının bölgəyə gəlişini təmin etmək üçün çalışırıq”. O,
Rusiya XİN-in sərhəddə gərginliyin artmasını narahatlıqla qarşıladığını da diqqətə çatdırıb: “Bunlar dialoqu yoluna qoymağa mane olur, iki ölkənin əsassız itkilərinə səbəb olur. Yeri gəlmişkən, sərhəddəki insident zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istərdik. Bu kimi məsələlər yalnız siyasi yollarla həll olunmalıdır. Vacib məqam sərt bəyanatlardan vaz keçməkdir. Əminik ki, gərginliyi azaltmağın etibarlı yolu sərhədlərin təcili olaraq delimitasiyasına başlamaq, sonra isə demarkasiyasını həyata keçirməkdir. Rusiya tərəfi dialoq üçün bir sıra sənədlər hazırlayıb”.

Lakin hazırda sərhədlrin müəyyən edilməsi prosesinə məhz Ermənistan əngəl olur. Rusiyalı ekspert İqor Korotçenko da bildirir ki, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı üzrə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyinin olmaması bu gün Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatların əsas səbəbləridir. Onun sözlərinə görə, Ermənistan bu addımla Azərbaycanın guya təcavüzkar olduğunu göstərmək və KTMT-yə, Avropa Birliyinə və ələlxüsus Fransaya dəstək üçün müraciət etmək niyyətindədir: “Ermənilərin Kəlbəcər təxribatı təəssüf ki, İrəvanın sürüşkən, iyrənc siyasətinin davamıdır. Hazırkı gərginləşmə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsinə imkan verməmək və üçtərəfli bəyanatın tammiqyaslı tətbiqindən qaçmaq məqsədi güdür. Eyni zamanda, İrəvan bu eskalasiyadan öhdəsinə götürdüyü nəqliyyat kommunikasiyalarının açılmasından və digər məsələlərdən imtina üçün istifadə etməyə çalışır. Ermənistan başa düşməlidir ki, onlar üçün bu eskalasiya yaxşı heç nəyə gətirib çıxara bilməz. Moskva hələ də ümid edir ki, Ermənistan dayanacaq və təhlükəli eskalasiyanı davam etdirməyəcək. Çünki İrəvan uduş əldə edə bilməyəcək. İrəvan dərk etməlidir ki, regionda artıq yeni reallıqlar var. Bu reallıqlar çərçivəsində Cənubi Qafqaz regionuna sülh, mehriban qonşuluq və bütün nəqliyyat kommunikasiyalarının açılması gərəkdir. Əminəm ki, Rusiya bu fikri Ermənistanın başına yeridəcək”. Moskva indiki halda anlayır ki, geosiyasi dəyişiklikdə Azərbaycan güclü olan tərəfdədir və Bakı-Ankara ikilisi ilə toqquşmaq yox, əməkdaşlıqda fayda var, bu, həm də bölgədə maraqlarını qorumaq baxımından əhəmiyyətlidir.

Ermənistan mediası isə yazır ki, sərhəd insidentlərinin davam etməsi İrəvan üçün baha başa gələ bilər. “Hayeli” nəşri bu xüsusda yazır: “Ermənistan-Azərbaycan sərhədinin Qeqarkunik sektorunda, Yerasx istiqamətində gərginlik davam edir. Zod mədəni sektorunda da gərgin vəziyyət olub, artıq məlum oldu ki, təxminən 150 işçi evakusiya edilib. Xatırladaq ki, Zod mədəninin 670 işçisi var. Müharibədən sonra üçtərəfli bəyanatla Kəlbəcər rayonu Azərbaycana keçəndə sərhəd məhz mədənin içində çəkildi. İndi sərhədlərin müəyyən edilməməsi səbəbəindən Azərbaycan Ermənistanı yavaş-yavaş yeni Ermənistan-Azərbaycan konfliktinə alışdırır. Azərbaycan rahat şəkildə “Qarabağ məsələsi həll edilib” ifadəsindən ərazi tələblərinin təqdim edilməsinə birbaşa keçid edir”. Bu fonda ermənilərin böyük əksəriyyəti hesab edir ki, iki ölkə arasında sərhədlər mümkün qədər tez müəyyən edilməlidir.

Tahir TAĞIYEV