Azərbaycan səfiri İtaliya qəzetində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən yazdı...

23 İyul 2021 19:11 (UTC+04:00)

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “Il Primato Nazionale” onlayn qəzetinin redaksiyasına göndərdiyi məktubun böyük hissəsi qəzetin internet səhifəsində dərc olunub. Məktubunda səfir erməni tərəfinin təbliğatı və dezinformasiyasının təsiri altında həmin qəzetdə dərc olunmuş məqaləyə münasibət bildirib.

Azərbaycan diplomatının məktubunun qəzetin saytında dərc olunmuş hissəsində bildirilir ki, Azərbaycanın 30 ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur bölgələri daxil  olmaqla beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın hərbi işğalına məruz qalmış, bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı dəhşətli etnik təmizləmə həyata keçirilmiş və onlar qaçqın və məcburi köçkünə çevrilməklə həyatlarını xilas edə bilmişlər. “Hərbi işğalın nəticəsində 1 milyon azərbaycanlı 30 il ərzində öz evindən, hətta öz doğmalarının məzarlarını belə ziyarət etməkdən məhrum olmuş, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 50 mindən çox azərbaycanlı yaralanmışdır. Ermənistan ordusu azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, 613 azərbaycanlının şiddətlə qətlə yetirildiyi Xocalı soyqırımını törətmişdir. İşğal vaxtı 4 mindən çox azərbaycanlı itkin düşmüşdür və Ermənistan hələ də həmin şəxslərin taleyi ilə bağlı məlumatlar təqdim etməkdən imtina edir”, deyə diplomatın məktubunda qeyd olunur.

M.Əhmədzadə  vurğulayıb ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə cəhd göstərsə də Ermənistan öz hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa etiraz etmiş və hərbi işğalı əbədiləşdirməyə çalışmışdır. “Ötən ilin payızında Ermənistanın növbəti hərbi təxribatları ilə başlamış və 44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş və Azərbaycan öz ərazisindən Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən məhəl qoyulmayan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra edərək həmin əraziləri işğaldan azad etmişdir”. Diplomat qeyd edib ki, təəssüf ki, son hərbi əməliyyatlar vaxtı da azərbaycanlı mülki əhali arasında itkilər olmuşdur, belə ki, Ermənistanın bilərəkdən hərbi əməliyyatlar zonasından uzaqda yerləşən Azərbaycan mülki obyektlərinə hücumları 100-dən çox mülki azərbaycanlının qətlə yetirilməsinə, 400-dən çoxunun isə yaralanmasına səbəb olmuşdur.

Diplomat vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər, belə ki, həmin ərazilər Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə sistemli olaraq talan edilmiş, yerlə yeksan olunmuş və piyada və tank əleyhinə minalarla döşənmişdir. “30 illik münaqişə dövründə 3 min azərbaycanlı Ermənistanın yerləşdirdiyi və xəritələrini təqdim etməkdən imtina etdiyi piyada və tank əleyhinə minaların partlamasının qurbanı olmuşdur. Azərbaycanın azad olunmuş əraziləri bu gün dünyada ən çox minalanmış bölgələrdən biri  hesab olunur”, deyə səfir bildirib. Əlavə edib ki, sadəcə ötən ilin noyabrından bəri əksəriyyəti mülki əhali olmaqla 150 nəfər şəxs mina partlamasının qurbanı olub.

M.Əhmədzadə qeyd edib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın hərbi işğalından azad edərək müharibəyə son qoydu və indi artıq sülh haqqında düşünmək zamanıdır. “Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar ayında imzalanmış üçtərəfli bəyanatlar səhifəni çevirmək və birgə yaşayış şəraitini təmin edən şərtləri özündə əks etdirir ki, öz təbiəti, çoxmillətli və multikultural modeli ilə Azərbaycan buna hazırdır. Bunun baş verməsi üçün Ermənistan əməkdaşlığa başlamalıdır. Azərbaycan dəfələrlə Ermənistana suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təklif edib, lakin Ermənistan bu təklifə hələ də heç bir cavab verməyib“, deyə Azərbaycan diplomatı vurğulayıb.

Məktubunun sonunda səfir qəzeti müharibə bitsə də insan faciələrinə səbəb olan və məcburi köçkünlərə öz torpaqlarına qayıtmağa mane olan minalı ərazilərlə bağlı təhlükəyə, 1992-ci ildə törədilmiş və icraçıları uzun illər Ermənistanın rəhbərliyində təmsil olunmuş şəxslərin hələ də cəzasız qaldığı Xocalı soyqırımı kimi Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilmiş müsibətlərə diqqət yetirməyə çağırıb. “Erməni tərəfinin sülh, əməkdaşlıq və birgəyaşayış kimi dəyərləri qəbul etməyə, qonşularına qarşı revanşist meyllərdən, nifrət hisslərindən, tarixi, mədəni və beynəlxalq hüquq nöqteyi-nəzərdən ona aid olmayan torpaqlarla bağlı iddialardan əl çəkməyə dəvət edilməsi faydalı olardı”, deyə diplomat fikirlərini tamamlayıb.