Qarabağ və Şərqi Zəngəzurun bərpası da Azərbaycanın valyuta ehtiyatlarını azalda bilmir...

23 İyul 2021 20:05 (UTC+04:00)

“Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik”. Məlum olduğu kimi, bu fikirləri Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev söyləyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları artıb: “Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi. Əgər bu dəyişiklik olmasaydı və əgər qızılın qiyməti düşməsəydi, - çünki bizim kifayət qədər böyük ehtiyatımız qızıldadır, - bu artım 1,7 milyard dollar olacaqdı. Yəni, biz real bu qədər əlavə pul qazanmışıq və məzənnə fərqi, deməli, qızılın qiyməti müvəqqəti olaraq buna təsir göstərir. Yəni, bu, nəyi göstərir? Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik”.

Həqiqətən də ötən il və bu il Azərbaycan bir sıra xərcləmələrə gedib. Pandemiya, müharibə və işğaldan azad edilən ərazilərin bərpası ilə əlaqədar büdcədən böyük həcmdə vəsaitlər ayrılıb. Bütün bunlara rəğmən, olkənin valyuta ehtiyatları azalmayıb. Əksinə, ehtiyatlar artıb. Azərbaycan toplam 52 milyard dollarlıq valyuta ehtiyatlarına sahibdir.

O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayev bunu bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi onunla bağlıdır ki, Azərbaycan öz ehtiyatlarından qənaətlə istifadə etdi. Əgər ehtiyatlardan qənaətlə istifadə edilməsəydi, o zaman vəziyyət tamam fərqli olardı. Bununla yanaşı, Azərbaycanın neft gəlirləri elə də azalmayıb. Əksinə, ötən müddət ərzində neftin dünya bazarında qiyməti artıb. Bu da istər-istəməz Azərbaycanın valyuta gəlirlərinin artmasına öz müsbət təsirini göstərib. Digər tərəfdən, Azərbaycanın qeyri-neft sektorunda da inkişaf var. Bu və ya digər formada sözügedən sahədə gəlirlər artır. Valyuta eytiyatlarının idarə olunmasından müəyyən gəlirlər daxil olur. Azərbaycanın xarici borcları elə də böyük olmadığından bu məqsədlə xərcləmələr böyük deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 50 milyarddan çox valyuta ehtiyatları olsa da hara gəldi kredit vermir. Sözügedən məsələ ilə bağlı son dərəcə ehtiyatlı mövqe sərgilənir. Problemli kreditlərin azalması da ümumi işə öz müsbət təsirini göstərib. Azərbaycanın bu sahədə xaricdən asılılığı yoxdur. Bütün bunların nəticəsidir ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bir sıra layihələr həyata keçirsə də valyuta ehtiyatları azalmayıb. Buna görə xaricdən kredit götürülməyib. Çünki bu, istər-istəməz asılılıq yaradacaqdı”.

Professor onu da qeyd etdi ki, bütün bunlara baxmayaraq resursların xərclənməsinə nəzarət artırılmalıdır.

Vidadi ORDAHALLI