Ermənistan prezidenti əlil əsgərlərinə protez tapmır, Azərbaycanla “süni intellekt müharibəsinə” hazırlaşır...

17 İyul 2021 18:51 (UTC+04:00)

Görünən odur ki, növbədənkənar parlament seçkiləri də erməni cəmiyyətinə nizam-intizam, sabitlik gətirmədi. Xaos və qarşılıqlı ittihamlar, hakimiyyətsizlik fonunda ara-sıra revanşist bəyanatlar da davam edir. Ən acınacaqlısı da odur ki, bu tip bəyanatlar ölkənin ən ali tribunasında oturan şəxslərin dilindən səslənir.

Bunlar gör nə qədər xəstədilər ki, az-çox ziyalı görkəmi olan prezidentləri də müharibədən danışır. Məsələ ondadır ki, prezident Armen Sarkisyan bir qrup müxalifətçi və siyasi fəalla görüşündə Azərbaycanla növbəti müharibənin süni intellektlə müşayiət olunan müharibə olacağını deyib. O bəyan edib ki, bu müharibədə qalib gələcəklər. Belə aydın olur ki, ermənilər yenə də istək və arzularını, xəyallarını reallıq kimi qəbul edirlər. 44 günlük müharibədə ordusu məhv edilən, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi, sadəcə gülüncdür.

Maraqlıdır ki, Ermənistan prezidenti bir tərəfdən süni intellektlə idarə olunan silahlardan dəm vurur, digər tərəfdən isə müharibədə ölənlərin ailələrinə, yaralılara pensiya verməyə, yardım göstərməyə pul tapmadıqlarını bildirir. Pensiya verməyə vəsait tapmayan bir ölkə süni intellektlə idarə olunan silahları hansı pulla alacaq?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bu onu göstərir ki, işğalçı tərəf məğlubiyyətdən dərs çıxarmaq istəmir: “Ermənistan İkinci Qarabağ müharibəsində ən böyük zərbə alıb. Bu, ermeni ideologiyasının məhvi, xəstə təxəyyülün iflasıdır. Lakin göründüyü kimi, Ermənistan rəhbərliyi bundan nəticə çıxarmır. Azərbaycanın torpaqlarına yenə göz dikiblər. Nəzərə almaq lazımdır ki, Armen Sarkisyan “Qarabağ klanı”na yaxın bir şəxsdir. Eyni zamanda, Robert Köçəryanın siyasətinə sadiqdir. Ona görə də Ermənistan rəhbərliyindən belə bir açıqlama gözlənilən idi. Bu onu göstərir ki, onlar məğlubiyyətlə barışmayib və biz də onlarla barışmamalıyıq. O baxımdan hesab edirəm ki, A.Sarkisyan erməni gəncliyini yeni müharibəyə hazırlamaq siyasətini həyata keçirir. Azərbaycan xalqı bilməlidir ki, ermənilər bizimlə heç vaxt barışmayacaq və bizə zərbə vurmağa çalışacaqlar. Ona görə də dəmir yumruğu daima gündəlikdə saxlamalıyıq. 15 ildən sonra onlar özlərinə gələcəksə, yenə torpaq iddialarına düşəcəklər. O üzdən, düşmənin dediyini ciddi şəkildə qəbul etməliyik və diqqətə almalıyıq. Ermənistan 30 il ərzində bizi məğlub xalq bildi, amma biz güclənib torpaqlarimizi işğaldan azad etdik”.

Politoloq onu da qeyd etdi ki, ermənilərə barmaqarası baxmayaq və yaxın faciələrimizdən nəticə çıxaraq.

Vidadi ORDAHALLI