“Bolt” taksilərin xidməti xəritələrində "peysər Abbasın evi"...

16 İyul 2021 18:16 (UTC+04:00)

Sərnişindaşıma fəaliyyətinin rahat və çevik həyata keçirilməsini təmin etmək məqsədilə tətbiq edilən daşıma növlərindən biri də taksi xidmətidir. Xüsusən hərəkətliliyin daha yüksək olduğu iri şəhərlərdə yaşayan əhali tez-tez nəqliyyat vasitəsi olaraq taksilərə üz tutur.

Ölkəmizin müxtəlif bölgələrində, xüsusən paytaxtda taksi fəaliyyəti üçün istismar olunan avtomobillərin sayı kifayət qədərdir. Bu gün ölkəmizdə çoxlu sayda taksi şirkətləri var. Günü-gündən artan taksi xidmətlərinin arasında rəqabət durmadan artır. Bazarda rəqabət artdıqca isə bəzi xoşagəlməz hallar da çoxalır. Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərindən biri olan "BOLT SERVICES AZ" şirkətinə məxsus taksi xidmətinin elektron xəritəsində bəzi ünvanlar nalayiq ifadələrlə göstərilir.

“Bolt taksi” xidmətinin tətbiqində gediləcək ünvan yerinə qeyri-etik ifadələr yazdıqda, real ünvanlar çıxarır. Belə ki, “Əxlaqsız yuva”, "Peysər Abbasın evi”, “Peysərin ev muzeyi", “Peysər Ülvinin kirayə qaldığı ev” və digər xoşagəlməz adlar ünvan kimi göstərilir.

Məsələ ilə bağlı fikir bildirən Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirdi ki, taksi şirkətlər üçün mütləq şəkildə istifadə etmələrindən ötrü vahid proqram yoxdur: “Xüsusi proqram təminatları var. Bu naviqasiya və xəritə proqramları həm xarici şirkətlər, həm də yerli mütəxəssislər tərəfindən tərtib olunur. Hər şirkət hansı proqram vasitəsilə çalışacağını özü müəyyən edir. Artıq şirkət özü bu proqram təminatının istismarı və necə istifadə olunmasına nəzarət etməlidir. Orada hansı adların olması isə artıq taksi və mobil tətbiqi hazırlayan şirkət arasında bağlanan müqavilə əsasənda tənzimlənə bilər. Burada daha çox məsuliyyət xəritəni hazırlayan şirkətin üzərindədir”.

Günel CƏLİLOVA