Paşinyan dalana dirənib – XİN başçısı postuna qoymağa adam tapmır...

13 İyul 2021 18:23 (UTC+04:00)

Ermənistan xarici işlər naziri postuna namizəd axtarışı davam edir və Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu məsələ ilə bağlı dalana dirənib. O, bu vəzifəyə namizəd tapa bilmir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Hraparak" nəşri yayıb.

"Müxtəlif adlar səslənir: Buraxılan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, Ruben Rubenyan, parlamentin spikeri Ararat Mirzoyan, Baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan və hətta Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın da adı var", - deyə məlumatda bildirilir.

Hraparak yazır ki, sonuncunun nazir kimi təyinatı Rusiya və ABŞ tərəfindən də təsdiqlənəcək. Lakin müharibədəki məğlubiyyətin günahkarının Xarici İşlər Nazirliyinə gətirilməsi erməni cəmiyyəti tərəfindən xarici siyasətdəki yaxınlaşan məğlubiyyətlərin bir siqnalı kimi qəbul ediləcək:

"Ararat Mirzoyan nazir vəzifəsindən imtina edib. Mqer Qriqoryan da "siyasətdən kənar" baş nazirin müavini statusunda özünü yaxşı hiss edir, Xarici İşlər Nazirliyinə getməyə və siyasi məsuliyyəti bölüşməyə meyilli deyil. Bizim sualımıza cavab olaraq Qriqoryan bildirib: "Zəhmət olmasa, məndən hökumət formalaşana qədər şərh gözləməyin".

Xatırladaq ki, iyulun 6-sı Ermənistanın "Hraparak" nəşri Ermənistan XİN-indən azad düşünən diplomatların uzaqlaşdırılması prosesinin davam etdirildiyini bildirir.

Nəşr yazır ki, bu qəbildən olan diplomatların "Facebook" hesabı hökumət tərəfindən diqqətlə araşdırılır.

"Əgər Tanrı göstərməsin, "Mülki razılaşma" partiyasının əleyhinə yazılan postda şərh və ya layk görülsə, onda diplomatlar yalnız xaricdə işləmək hüququndan deyil, karyera inkişafı perspektivindən də məhrum olacaqlar", - deyə nəşr yazır.

Qeyd olunur ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ona qarşı çıxmış nazirliyin kollektivini bağışlamaq niyyətində deyil.

Nəşr yazır ki, XİN əməkdaşlarına səbir etmək və yeni nazirin təyinatını gözləməyi məsləhət görürlər.