Ukrayna yazıçısının romanı Azərbaycan dilində...

7 İyul 2021 18:05 (UTC+04:00)

Bu günlərdə tanınmış Ukrayna yazıçısı Viktoriya Qranetskanın “Xoşbəxt” romanı nəşr olunub. “Nurlar” nəşriyyatında çap olunan romanı Ukrayna dilin­dən Azərbaycan dilinə AMEA-nın Folklor İnstitutunun əməkdaşı, gənc araşdırıcı və tərcüməçi Qumru Şəhriyar çevirib.

Real hadisələr əsasında qələmə alınmış “Xoşbəxt” romanı Viktoriya Qranet­skanın 2015-ci ildə “Sözün taclandırılması” beynəlxalq ədəbi müsabiqə­sinin özəl mükafatına layiq görülən üçüncü romanıdır.

Yazıçı qeyd edir ki: “Çağdaş Ukrayna ədəbiyyatında prinsipial olaraq yeni bir şey yaratmaq istədim - başqalarının və daha əvvəl yazdıqlarımın fonunda fərqlənə­cək yeni bir şey. Məncə, Ukrayna müsəlmanları mövzusu gərgin, mürəkkəb və hər zamankındən daha aktualdır...”.

Viktoriya Qranetskanın “Xoşbəxt” romanının süjet xətti Azər­bay­canla bağlı mə­qamları ilə səciy­yəvidir və müəllifin belə bir möv­zuya müraciəti təsadüfi deyil. Belə ki, əsərdə hadisə­lər ukray­nalı pravoslav qız (Olesya) və Azər­baycanın Dağlıq Qarabağ böl­gə­sindən olan, köçkünlük səbəbindən ailəliklə Vin­nitsaya sığınan türk-mü­səlman oğlanın (Yusif) sevgi münasibətləri ilə bağlı real, ger­çək olay­lara söy­kə­nən sü­jet hörüyü üzə­rində qu­rulub. Ro­manda təsvir olunan hadisə­lərin drama­tizmini ukraynalı qızın sevgisi na­minə dinini dəyişərək İslamı qə­bul etməsi gücləndirir. Onların ev­li­li­yindən do­ğulan oğlana qoyulan Səid adı Ukrayna dilinə tərcü­mədə “xoş­bəxt” mənasını ve­rir - romanın adı da bur­dan qay­naq­lanır. Lakin uşaq sağalmaz xəs­tə ki­mi doğulur və onun sağ­lamlığı uğrunda mü­cadilə süjetdə əhə­miy­yətli yer tu­tur. Əsərin qəhrə­manları qar­şı­laşdıqları anlaşıl­maz­lığa və yaşadıqları çevrənin ciddi müqa­vi­mət­lərinə bax­mayaraq, bütün çə­tinlikləri dəf etməyi bacarırlar və roman xoşbəxt sonluqla bitir.

“Xoşbəxt” romanı, ilk növbədə, sevgi mövzusundadır. Eyni zamanda, “Tanrı, ümumiyyətlə, din və xüsusilə İslam dininin hakim olmadığı toplumda İslamın qavranılması, Ukraynadakı müsəlmanlar haqqında stereotiplərlə mübarizənin əhəmiyyəti” kimi o qədər də asan qavra­nılmayan mövzulardan bəhs edir.

Kitabın Azərbaycan nəşrinə “Sevgi - xoşbəxtliyin açarı” adlı geniş ön söz yazmış yazıçı Vaqif Sultanlının qənaətincə, “...istər dünya, istərsə də Azərbaycan ədə­biy­yatında fərqli dinlərin, inanc­ların yarat­dığı maneələri aşaraq, bi­ri-birinə qovuşan, vüsalla (bəzən də faciəyə aparan vüsalla) bitən sev­gilər barədə xeyli əsər yazılıb. Yaranan hər bir mükəmməl mətndə sev­ginin tanrı­sallığı önə sü­rülmüş, toplumların qutsal­laş­dırdığı dəyərlərin və insanlığa xas bütün digər yanaşım və münasi­bət­lərin on­dan son­ra gəl­diyi qənaətinə tapınılıb. “Xoş­bəxt” ro­manın­da isə mövzunun fərqli çalarlarına baş vurulması, bu­ra­da qaldı­rılan prob­lemin təmə­lində dini inanc­lardan qaynaq­lanan ya­saq­­lar­dan çox, mənəvi-əxla­qi fərqliliklərin sevgiyə - xoşbəxtliyə aparan or­taq məqam­larının qabardılması diqqəti çəkir”.

İnanırıq ki, Viktoriya Qranetskanın “Xoşbəxt” romanı geniş oxucu auditori­yasının diqqət və marağını çəkəcək, ədəbi tənqid tərəfindən layiqincə dəyər­lən­diri­ləcək.

İradə SARIYEVA