Azərbaycan Dünya Bankının koronavirus kreditindən niyə imtina etdi?

24 İyun 2021 15:56 (UTC+04:00)

“Dünya Bankının koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim etdiyi “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Bununla belə, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən, həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda sözügedən kreditin alınması gündəmdə deyil”. Bunu mətbuata açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib.

Azərbaycan Dünya Bankının təqdim etdiyi güzəştli kredit vəsaitindən niyə imtina edib? Burada hansı şərtlər ola bilər ki, ölkəmizi qane etməyib?

İqtisadiyyat üzrə tanınmış mütəxəssis, iqtisadi ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə şərhində bunun bir neçə amillə bağlı olduğunu qeyd etdi: “Mən belə başa düşürəm ki, prosedurların uzun olması səbəbi burada əsas məqamlardan biri ola bilər. Çünki artıq Azərbaycan hökuməti hesab edir ki, Azərbaycan üçün pandemiya arxada qalır. 2021-ci ilin əvvəllərindən etibarən mövqe bundan ibarətdir ki, heç bir halda güzəştlər verilmədi və dəstək paketlərinin vaxtı uzadılmadı. Bu kreditin verilməsi isə hardasa pandemiya davam etdiyi halda tədbirlərin maliyyələşdirilməsinə yönəlib. Burada daha çox işçilərə yardım edilməsi, bu kimi faktorlar, maliyyə təminatının, sosial rifahın gücləndirilməsi və sair məqsədlə ayrılan vəsaitlərdir. İndiki şərtlər daxilində Azərbaycan hökuməti böyük ehtimalla düşünür ki, artıq buna ehtiyac yoxdur. Çünki pandemiya başa çatıb, bu proqramları icra etmək istəmir”.

R.Həsənovun sözlərinə görə, bu imtinada digər məqam borclanma ilə bağlı məsələ ola bilər. Ekspert vurğuladı ki, 2019-2023-cü il dövlət borcunun tənzimlənməsi ilə bağlı proses icra olunur: “Ötən dövrlərdə də müşahidə etdik ki, bir sıra beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən proqramlar çərçivəsində Azərbaycan hökuməti bir sıra tranşlardan imtina etdi, deyək ki, borclanma səviyyəsini nəzərdə tutulmuş prioritet hədəflərə uyğun saxlamaq məqsədilə. Bu da digər ikinci bir təsir alətidir ki, burada hökumət əlavə borca getməyə, xarici borc səviyyəsini artırmağa meylli deyil”.

R.Həsənovun sözlərinə görə, üçüncü səbəb kimi Azərbaycan hökuməti Qarabağın yenidən bərpası ilə bağlı gələcəkdə borclanmaya getmək zərurətini başa düşür, bilir ki, bu istiqamətdə layihələrin icrası məqsədilə gələcəkdə borc yükü formalaşacaq: “Ona görə də bu gün daha ehtiyatlı davranmaqla mümkün resursların gələcəkdə məhz Qarabağın bərpası layihələrinə yönəldilməsi məqsədilə istifadə edilməsini nəzərdə tutur. Ola bilsin ki, bu kimi faktorlar fonunda Dünya Bankının güzəştli kreditindən imtina edib. Burada digər məsələdə odur ki, Dünya Bankı vəsaitləri ayırarkən həmin vəsaitləri artıq yeni mexanizmə uyğun olaraq izləyir və bununla bağlı hesabatlılıq tələb edir”.

İradə SARIYEVA