İSBAM ukraynalı jurnalistləri “Zəfər” media mükafatı ilə təltif edib - FOTO

17 İyun 2021 17:38 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyev şəhərində İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təsis etdiyi “Zəfər” media mükafatının təqdimat mərasimi keçirilib. Bu barədə “Bakı-Xəbər”ə İSBAM sədri Samir Adıgözəlli məlumat verib.

S.Adıgözəlli xatırlatdı ki, “Zəfər” media mükafatının təqdimetmə mərasimi ilk dəfə Azərbaycanda keçirilib, ardınca isə qardaş Türkiyənin mətbuat nümayəndələri, jurnalistləri mükafatlandırılıblar. Xüsusilə də 44 günlük Vətən müharibəsini işıqlandıran, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini dünyaya çatdıran jurnalistlərin “Zəfər” media mükafatına layiq görüldüyünü deyən S.Adıgözəlli qeyd etdi ki, indi də Kiyev şəhərində “Zəfər” media mükafatına layiq görülən bir qrup ukraynalı jurnalistə bu mükafat təqdim edilib. “Qələbənin ildönümü ərəfəsində həm Kiyevdə, həm də İstanbulda daha böyük tədbirlər keçiriləcək. Bu gün təltif etdiyimiz jurnalistlər dəfələrlə Azərbaycana səfər edən, müharibə dövründə Qarabağ həqiqətlərini, real vəziyyəti, Azərbaycanın haqlı mövqeyinin Ukrayna və dünya ictimaiyyətinə çatdırılmasında böyük əməyi olan şəxslərdir. Bu jurnalistlər “Zəfər” media mükafatına layiq görüldükləri üçün çox məmnun qaldılar. Onlar buna görə bizim təşkilata, Azərbaycan ictimaiyyətinə və xüsusilə də Azərbaycan dövlətinə təşəkkür etdilər”.

S.Adıgözəlli qeyd etdi ki, keçirilən tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi də oldu, tədbirdə, həmçinin, Azərbaycanın tanınmış jurnalistlərindən Möhsün Aslanov da iştirak edib. “Kiyevdəki “Prezident otel”də keçirilən təqdimat mərasimində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tagıyev, tanınmış jurnalist Möhsün Aslanov da  çıxış edərək təltif olunan jurnalistlər və Ukrayna-Azərbaycan əlaqələri haqqında fikirlərini bölüşdülər”.

S.Adıgözəlli, həmçinin, vurğuladı ki, “Zəfər” media mükafatına Ukraynanın “5-ci kanal”ının rəhbəri Vladimir Mjelskiy, sözügedən kanalın aparıcı əməkdaşı və Ukrayna milli kanalının əməkdaşı Nadya Bazev, Sergey Sivolan, Qeorgiy Sposokokotskiy və başqaları layiq görülüblər.

İradə SARIYEVA