Rayonların bərpa prosesi başlandıqca tikinti materialları bahalaşır - nə etməli...

17 İyun 2021 17:30 (UTC+04:00)

Əmlak sektorunda son günlər ən çox diqqət cəlb edən hallardan biri tikinti materialları ilə bağlı qeydə alınan bahalaşmadır. Son 3 ayda tikinti materialları bazarında kifayət qədər ciddi bahalaşma müşahidə edilməkdədir.

Qeyd etdiyimiz kimi, son aylar bahalaşma istifadə olunan bütün əsas tikinti materialları - qum-çınqıl, şeben, sement, daş, dəmir-armatur, dam örtükləri və taxta məmulatlarını əhatə edir.

Ekspertlər inşaat sektorunda yaşanan bahalaşmanın səbəblərini müxtəlif cür izah edirlər. Onların bir qismi hesab edir ki, yay fəslində inşaat işlərinə tələbat çox olduğu üçün tikinti materiallarının satış qiyməti yüksəlir. Bəziləri isə düşünürlər ki, işğaldan azad edilmiş Qarabağ torpaqlarının bərpa olunması, həmin ərazidə aparılan sürətli tikinti-təmir işləri də inşaat materiallarının satış qiymətinə təsir edir.

Ekspertlər bahalaşmanın səbəbi olaraq işğaldan azad edilən ərazilərdə tikinti işlərinin sürətlənməsini və qarşıdakı aylarda daha da artacağını, Rusiyadan idxal olunan məhsulların maya dəyərinin artmasını, payız aylarında yenidən pandemiyanın elan olunacağı ehtimalı üzərindən paytaxt sakinlərinin həyət evlərinə üstünlük verdiklərini və digər amilləri əsas göstərirlər.

Tikinti materiallarının artması barədə danışan iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, inşaat materiallarının qiymətinin bahalaşmasının dörd səbəbi var: “Birinci səbəb Rusiyada taxtanın ixrac rüsumunun artırılmasıdır. Bu səbəbdən Rusiyadan gələn tikinti materiallarının qiymətində artım var.

Digər səbəb gömrük rüsumları ilə bağlıdır. Məlumat üçün qeyd edim ki, əvvəllər gömrük rüsumlarının hesablanması qaydası vaqon hesabı şəklində olurdu. Ancaq indi isə bu, kub şəklində həyata keçirilir. Bu da qiymətin artmasına səbəb olan amillərdən biridir.

İnşaat materiallarının qiymətinin bahalaşmasının üçüncü səbəbi isə işğaldan azad edilmiş Qarabağda aparılan təmir-tikinti işləridir. Məlumdur ki, azad edilmiş ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb. Bu vəsaitin bir qismi artıq istifadə olunmağa başlanıb. Məlumdur ki, Füzulidə hava limanının tikilməsi, infrastruktur layihələrinin qurulması, təmir-tikinti işlərinin aparılması inşaat materiallarına olan tələbatı artırıb.

Sonuncu səbəb isə mövsümlə əlaqəlidir. Məlumdur ki, yay fəslində bağ evlərində, fərdi yaşayış evlərində təmir işləri həyata keçirilir. İnşaat işlərinin yay fəslində həyata keçirilməsi daha rahat olduğu üçün tikinti materiallarına tələbat artır.

Sadaladığım səbəblər tikinti bazarında qiymətin yüksəlməsinə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, qiymət artımı ciddi şəkildə müşahidə olunur”.

Həmsöhbətimiz hesab edir ki, qiymət artımının qarşısını almaq üçün hökumət tərəfindən bir sıra işlərin həyata keçirilməsinə ehtiyac var: “Yaxşı olar ki, iyulun 1-dən noyabr ayına qədər bir çox tikinti materialının gömrük rüsumu azaldılsın. Bu sektorda rəqabətli mühitin yaradılmasına şərait yaradılmalıdır”.

Günel CƏLİLOVA