Şəhidlərin yeri millətin qəlbidir...

11 İyun 2021 14:52 (UTC+04:00)

İkinci Qarabağ müharibəsində haqq savaşımızda tarix yazan daha bir qəhrəmanımız Əliqismət  Yaqubludur. Lerik rayonundan olan bu Vətən sevdalısı baş leytenant kimi 27 sentyabr müharibəsinə qatılaraq, Vətən, torpaq uğrunda düşmənə qarşı vuruşub və 28 yaşında igidliklə canını fəda edib.

Cəsur  komandir 5 noyabra qədər odun-alovun içində düşmənə qan qusdurub. Murovdağ, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, eləcə də Şuşa  döyüşlərində hər qarış torpaq uğrunda əsl qəhrəmanlıq göstərib. Şəhidlik  zirvəsinə ucalanda da “Vətən “deyərək əbədi gözlərini yumur. Ölümündən sonra o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülür. İndi  Əliqismət  cismən aramızda olmasa da,  mənən qəlblərdə yaşayır, ehtiramla xatırlanır.

Şəhid baş leytenant  Əliqismətin atası Mükafat Yaqublu Lerik Dövlət Rəsm Qalereyasının direktorudur. Gözəl ziyalı olmaqla rayonda yaxşı tanınır. Nümunəvi ailə başçısı kimi də onu nümunə göstərirlər. Bu günlər Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov şəhidin ata ocağında onu ziyarət etdi. Ziyarət zamanı Vətənin qalib şəhidi Əliqismətin ailə üzvləri onun keçdiyi şərəfli  döyüş yolundan geniş söhbət açdı, xatirələrini bölüşdülər. Regional İdarənin rəisi Şahin Şahbazov söhbət əsnasında torpaq uğrunda şəhid olan bütün Vətən övladlarının xatirəsinin həmişə uca tutulmasınin və onların vətənpərvərliyinin, qəhrəmanlığının  təbliği istiqamətində görülən işlərin daim diqqətdə olacağını bildirdi, “Şəhidlərin yeri millətin qəlbidir” dedi.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü