Ukrayna bədənində “Sputnik” vaksini daşıyanları ölkəyə buraxmayacaq - bəs azərbaycanlılar...

11 İyun 2021 16:46 (UTC+04:00)

Ukraynanın Sərhəd Xidməti Rusiyanın Sputnik V” peyvəndi ilə vaksinasiya olunanların ölkəyə buraxılmayacağını bildirib.

Azərbaycanda da “Sputnik V” peyvəndi tətbiq edilir, indiyə qədər xeyli sayda insana bu vaksin vurulub. Son olaraq 40 min doza da “Sputnik V” alınıb. 

Belə bir qənaətlər var ki, Azərbaycan vətəndaşları da Ukraynaya getsələr, problemlə üzləşərlər. Bəziləri isə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu əsas gətirərək ehtimal edirlər ki, bu məsələdə Azərbaycan vətəndaşlarına, azərbaycanlılara güzəştlər edilə bilər, hətta edilməlidir fikrində olanlar da var.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ukraynanın Sərhəd Xidmətinin bu açıqlaması hələ Ukrayna dövlətinin rəyi, qərarı demək deyil. “Bu, Ukrayna dövlətinin qərarı deyil. Hesab edirəm, bu, hələlik bir fikirdir. Ukrayna ilə Rusiya arasında məlum münaqişə ilə bağlı bu iki ölkə bir-birinə qarşı müxtəlif istiqamətlərdə təzyiqlər göstərirlər. Peyvənd təzyiqi də bu qəbildəndir. Buna daha dəqiq peyvənd sanksiyası demək olar. Əgər bu gerçəkləşərsə, Rusiyanın istehsal etdiyi peyvənddən istifadə edən ölkələrə qarşı Ukrayna tərəfindən tətbiq edilən sanksiya ola bilər. Hesab edirəm ki, bu, Azərbaycana, azərbaycanlılara şamil edilməyəcək, daha doğrusu, edilməz. Məncə, Ukrayna dövlətinin Azərbaycan vətəndaşları ilə bağlı mövqeyi fərqli olacaq”. 

S.Adıgözəllinin sözlərinə görə, Ukrayna Sərhəd Xidmətinin “Sputnik V” peyvəndi ilə bağlı açıqlaması başqa nüanslara bir işarədir, bu ölkə təzyiq vasitəsi kimi əlində olan imkanlardan bu və digər formada istifadə etməyə çalışır: “Pandemiya dövründə belə bir qadağanın qoyulması da düzgün deyil. Koronavirus pandemiyası ilə mübarizə aparırıq,belə bir vaxtda hər hansı bir ölkənin vaksin sanksiyası tətbiq etməsi pandemiya ilə ümumdünya mübarizəsinə kölgə salmağa xidmət edir. Biz vaksini tapmaq üçün nə qədər çətinliklərdən keçmişik. Ona görə də peyvənd ayrıseçkiliyi edilməli deyil”.

İradə SARIYEVA