Azərbaycan Prezidenti: "Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk"

11 İyun 2021 15:59 (UTC+04:00)

Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Günü münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubunda yer alıb.

Məktubda deyilir: “Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi üçün böyük yol keçib və bu işdə sanballı uğurlar qazanıb. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı kimi aktual çağırışlara və təhdidlərə qarşı mübarizədə mühüm məsələlər həll edir, qlobal və regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə sanballı töhfə verir”.

Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik və uğurlu inkişafının xüsusi məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndirib.

“İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcək, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək”, - deyə təbrik məktubunda qeyd olunur.