Azərbaycan Ermənistanla bağlı problemlərə birdəfəlik son qoyur...

10 İyun 2021 13:53 (UTC+04:00)

 Ötən il baş tutan Vətən müharibəsindən sonra Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması bir vaxtlar konfliktlə bağlı gündəmdəki əsas məqamlardan biri olan status məsələsini də birdəfəlik aradan qaldırdı. Azərbaycan artıq ən yüksək səviyyədə Qarabağa hər hansı xüsusi status verilməyəcəyini bəyan edib. Elə cari il fevralın 26-da da Prezident İlham Əliyev yerli və xarici media ilə mətbuat konfransında bir daha status məsələsinin Azərbaycan üçün başa çatdığını bildirdi və status mövzusunu qaldıranların sülhə yox, qarşıdurmaya xidmət etdiyini bəyan etdi. Son proseslər Azərbaycanın bu mövqeyinin artıq beynəlxalq miqyasda da qəbul olunduğunu göstərir.

Status məsələsinin tarixə qovuşmasını bütün dünya qəbul edir...

Məlumdur ki, Ermənistan hər vəchlə status məsələsini qabartmağa və bu xüsusda müvafiq addımlar atılmasına çalışır. Bunun üçün Ermənistan ilk növbədə Fransadan və ABŞ-dan dəstək almağa çalışır. ABŞ isə hesab edir ki, proses ötən ilin 10 noyabr razılaşmasına əsasən tənzimlənməlidir. Əvvəllər Ermənistana açıq dəstək verən Fransa da indi mövqeyini dəyişməkdədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə hesab edir ki, status məsələsini indi gündəmə gətirmək əhəmiyyətsiz məsələdir. Moskvada keçirilən “Primakov qiraətləri” tədbirində nazir bildirib: “Dağlıq Qarabağın yekun statusu regionda ermənilərin və azərbaycanlıların dinc həyatı yoluna qoyulandan sonra müəyyənləşə bilər”. Lavrov qeyd edib ki, ilk növbədə münaqişənin tərəfləri arasında etimadın səviyyəsinin yüksəldilməsi problemi həll olunmalıdır:  “ATƏT-in Minsk Qrupu da indiki mərhələdə, yəqin ki, Qarabağın statusu məsələsini tərpətməməli, etimadın gücləndirilməsi tədbirlərinə kömək etməlidir. Ermənilərin və azərbaycanlıların birgə yaşayışının təminatı üçün iş aparılmalı, təhlükəsizlik və iqtisadi firavanlıq təmin olunmalıdır. Sizi inandırıram ki, iki-üç ildən sonra biz belə bir həyatı yoluna qoya bilsək, statusun bütün problemləri dəfələrlə asan həll olunacaq”. Lavrov onu da bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində hələ də gərginlik hiss olunur, amma bunların Dağlıq Qarabağ məsələsinə aidiyyəti yoxdur: “İndi başlıca vəzifə emosional bəyanatlardan çəkinmək və regiondakı gərginliyi aradan qaldırmaqdır. Regional kommunikasiyaların açılmasını müzakirə edən üçtərəfli işçi qrupun fəaliyyəti də ümumu gərginliyin azalmasına yönəldilib. Üçtərəfli işçi qrupun fəaliyyətinin məhsuldarlığı ilk növbədə kommunikasiyaların açılmasının insanların həyatının yaxşılaşmasına nə dərəcədə birbaşa təsir göstərməsi ilə qiymətləndiriləcək. Bu üçtərəfli müzakirələrdə Türkiyənin və İranın maraqları nəzərə alınır. Başqa cür bu açılım maksimum effekt verə bilməz”.

Sergey Lavrovun bu fikirlərinin təhlili onun Azərbaycanın mövqeyinə uyğun olduğunu göstərir. Ən azı o baxımdan ki, Rusiya indiki halda süni şəkildə status məsələsinin gündəmə gəlməsinə qarşıdır. Gələcəkdə isə bu məsələ ümumiyyətlə gündəlikdən çıxacaq. Bunu Rusiya da yaxşı bilir və elə müvafiq mövqe sərgiləyir. Yaranmış şəraitdə Azərbaycan və Ermənistan arasında təmasları genişləndirmək, kommunikasiya xətlərini açmaq perspektivdə bu iki ölkənin sülh şəraitində yaşamasında mühüm rol oynayacaq. Məhz bu halda ermənilərin də süni status məsələsindən əl çəkməsi gözlənilən hesab olunur. Ermənilərə də bəri başdan  aydındır ki, Azərbaycan tərəfi heç vaxt Qarabağ ermənilərinə mədəni muxtariyyətdən başqa heç bir status verməyəcək. Ölkəmiz işğal dönəmində buna razı olmadısa, erməni ordusunu sarsıdıcı məğlubiyyətə uğratmasından sonra buna razılıq verəcəyinə inanmaq ancaq sadəlövhlük olardı. Ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanıması isə indi onların özünə də hava-su kimi lazımdır.

Ermənistanın kabusuna çevrilən Azərbaycan-Türkiyə-Rusiya geosiyasi üçbucağı…

Bu gün Ermənistanın istəyinin əksinə olaraq, Azərbaycan sayəsində Türkiyənin regionda nüfuz və çəkisi artır. Ankara yenə Bakının yaratdığı şərait nəticəsində regionda mühüm oyunçuya çevrilib. Bu fonda Sergey Lavrov da Qarabağda atəşkəs üzrə Rusiya-Türkiyə monitorinq mərkəzinin işindən razılıq edib. O bildirib ki, bu mərkəz münaqişənin həllində faydalı və stabilləşdirici rol oynayır.

Bunun ardınca Moskvada Rusiya və Türkiyə Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya tərəfindən isə XİN başçısının müavinləri Sergey Verşinin, Aleksandr Qruşko və Andrey Rudenko iştirak edib. Məsləhətləşmələr zamanı Suriya, Dağlıq Qarabağ, Fələstin-İsrail və digər regional böhranların həllində kompleks beynəlxalq yardım məsələləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüquq normaları əsasında böhranların nizamlanmasının siyasi aspektləri nəzərdən keçirilib. Münaqişə zonalarındakı gərginlik ocaqlarının aradan qaldırılmasına, atəşkəs rejimlərinin dayanıqlılığının dəstəklənməsi, çoxtərəfli platformalarda səylərin koordinasiyası yolu ilə humanitar yardımın möhkəmləndirilməsi və qaçqınların qaytarılmasına yönəlmiş əlavə tədbirlər barədə fikir mübadiləsi aparılıb. Cənubi Qafqaz, Ukrayna və Orta Asiyadakı mövcud vəziyyətin müzakirəsi kontekstində bu regionlarda sülhün və sabitliyin möhkəmləndirilməsi mənafeyi naminə səylərin bundan sonra koordinasiyası üçün qarşılıqlı əhval-ruhiyyədə olduqları ifadə olunub. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işlərin davam etdirilməsi barədə razılığa gəlinib.

Artıq məlumdur ki, hazırda Azərbaycan və Türkiyə ölkə başçıları səviyyəsində Qarabağda bərpa və restavrasiya işlərini planlaşdırmağa dair diskussiyalar aparır. İnfrastruktur və rekonstruksiya işləri ilə yanaşı, mədəni və tarixi abidələrin, həmçinin arxeoloji abidələrin də bərpası nəzərdə tutulub. Bütün bunlara Rusiya tərəfindən heç bir etiraz səsləndirilmir. Deməli, regionda Türkiyənin mövqeyinin güclənməsinə Rusiya da öz razılığını verir. Bu məsələdə İrəvanın mövqeyini isə nəzərə alan yoxdur. Əksinə, Azərbaycan-Türkiyə-Rusiya üçbucağında qarşılıqlı əlaqələr güclənir. Bütün bunlar regionda proseslərin Azərbaycanın istədiyi müstəvidə inkişafı üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Ermənistanın siyasi və ekspert dairələrinin ən çox narahatlıq keçirdiyi məsələ də məhz budur. Ekspertlər qeyd edir ki, Türkiyə ilə Rusiya arasında həm iqtisadi əməkdaşlığın dərinləşməsi, həm bu iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşması, həm də Azərbaycanın regionda getdikcə artan nüfuzu yaxın gələcəkdə Azərbaycan-Türkiyə-Rusiya geosiyasi üçbucağının daha da güclənməsini şərtləndirə bilər. Məhz bu halda Ermənistan tamamilə arxa plana keçəcək. Hesab edilir ki, İrəvanın Moskvanı özündən uzaqlaşdırması, əvəzində Rusiyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması artıq regionda yeni vəziyyət yaradıb. Bu vəziyyət isə, öz növbəsində, hadisələrin perspektiv inkişafı baxımından Azərbaycanın maraqları ilə tam şəkildə uzlaşır.

Bakı sərhəd məsələsini də istədiyi formada həll edir...

Hazırda Azərbaycan üçün vacib məsələlərdən biri postmüharibə dövründə Ermənistanla sərhədlərin müəyyən olunmasıdır. Belə görünür ki, yaxın tezlikdə bu məsələdə də Bakı istəyinə çatacaq. Regionda marağı olan böyük dövlətlər də məsələyə Azərbaycanla eyni prizmadan yanaşır.

Məlum olduğu kimi, bu günlərdə ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bildirib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyasına yardım göstərməyə hazırdır. O, sərhədlərin SSRİ dövründə hazırlanan xəritələrlə müəyyən olunmasının vacibliyini də diqqətə çatdırıb: “Demarkasiya çox vacibdir. Bu, hamıya fayda gətirəcək. Bu prosesə başlamaq üçün siyasi iradə lazımdır. Vəziyyətin pisləşməsi ehtimalından hamımız narahat olmalıyıq. Biz iki tərəfi mümkün qədər tez bu məsələni həll etməyə çağırırıq”. Ötən ay isə Rusiya xarici işlər naziri Sergey Lavrov da ölkəsinin Azərbaycanla Ermənistan arasında demarkasiyaya kömək etməyə hazır olduğunu bildirib. Burada Azərbaycan və Rusiya məhz SSRİ dövründə olan xəritələrdən istifadə edir. Bundan başqa, sərhədlərin müəyyələşdirilməsində GPS geolokasiya sistemindən istifadə olunur və bu, Amerika sistemidir. Sərhədlər müəyyən olunarkən Birləşmiş Ştatlara məxsus müasir texnologiyalar vasitəsilə sərhədlərin dəqiq nöqtələrini müəyyənləşdirmək Azərbaycanın mövqe və maraqlarına uyğundur. Erməni tərəfinin buna etirazına isə artıq dünya miqyasında heç kim əhəmiyyət vermir. Dünya bilir ki, Azərbaycan hər hansı dövlətin, o cümlədən də Ermənistanın torpaqlarına iddia etmir, lakin öz ərazisinin bircə qarışını da heç kəsə verməyəcək. Hazırda Azərbaycan iki ölkənin beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanımaq və hörmət etmək əsasında bu ölkələrin dövlətlərarası münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır. Bakı Ermənistandan da qarşılıqlı mövqe gözləyir. Ermənistanın isə müvafiq reaksiyasının yoxluğu bir daha dünya üçün bu ölkənin əsl mahiyyətini açır. Hər halda, Azərbaycan artıq məqsədinə tam nail olmaqda, Ermənistanla bağlı problemləri birdəfəlik aradan qaldırmaqdadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.