Mustafa Ceceliyə görə cərimələnmiş "İstanbul Meyhane Bilgah" indi də Bakıya müğənni Alişanı gətirir...

9 İyun 2021 16:24 (UTC+04:00)

Şənbə günü karantin rejiminin kobud şəkildə pozulduğu Mustafa Cecelinin konsertinin təşkilatçısı və keçirildiyi "İstanbul Meyhane Bilgah” restoranı bu səfər paytaxt Bakıya Alişanı gətirəcək. Bu barədə əyləncə mərkəzinin “Instagram səhifəsində məlumat yayılıb.

Qeyd olunur ki, 19 iyunda o, sözügedən restoranda tamaşaçı qarşısına çıxacaq. Həmçinin, əyləncə mərkəzinin “Facebook” səhifəsində tək Alişanın deyil, hətta Türkiyənin bir çox populyar simasının Bakıya gələcəyi qeyd olunub.  “Facebook” səhfəsində qeyd olunur ki, İrem Derici, Cem Belevi, Alişan, Rafet El Roman, Buray və digər tanınmış müğənnilər müxtəlif zamanlarda konsert verəcəklər.

Son günlər həmin məkanda iştirak edən Mustafa Cecelinin konserti sosial şəbəkədə geniş müzakirəyə səbəb olmuşdu. Bəllidir ki, ölkədə hələ pandemiya davam edir. Karantin qaydalarına uyğun olaraq kütləvi tədbirlərin keçirilməsi düzgün deyil. Ancaq bir neçə gün öncə qeyd olunan əyləncə mərkəzində türk müğənnisi Mustafa Cecelinin konsertinin keçirilməsi narazılığa səbəb olmuşdu.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

DİN-in yaydığı açıqlamada qeyd olunur ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə "İstanbul Meyhane Bilgah” restoranının sahibi cəzalandırılıb. Belə ki, obyektin sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.

Operativ Qərargahın yaydığı məlumatda isə bildirilir ki, restoran sahiblərinə xəbərdarlıq olunub: "Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkaranə halda pozub, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb”.

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, qayda-qanun hər kəs üçün nəzərdə tutulub: “Koronavirus infeksiyası tam bitmədiyi üçün ölkədə kütləvi tədbirlərin keçirilməsi düzgün deyil. Hansısa əyləncə mərkəzində konsert təşkil edilməsi düzgün deyil. Sosial məsafənin qorunmadığı, tənzimlənmədiyi yerlərdə əyləncə mərasimlərinin keçirilməsi qanuna ziddir. Aidiyyəti qurumlar bu məsələ ilə bağlı sərt tədbirlər həyata keçirməlidirlər”.

Son olaraq bildirək ki, Daxili İşlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasından sonra "İstanbul Meyhane Bilgah”ın “Instagram” səhifəsində Alişanın afişası silinib.

Günel CƏLİLOVA