Tikinti materiallarının sürətlə bahalaşması mənzillərin də qiymətini artıracaq...

8 İyun 2021 12:43 (UTC+04:00)

Əmlak sektorunda son günlərdə ən çox diqqət cəlb edən hallardan biri tikinti materialları ilə bağlı qeydə alınan bahalaşmadır. Son 3 ayda tikinti materialları bazarında kifayət qədər ciddi bahalaşma müşahidə edilməkdədir.

Ekspertlər hesab edir ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Pandemiya səbəbilə zərərçəkmiş sahibkarlar vəziyyətdən çıxmaq üçün bəzi materialları maya dəyərindən az qala iki dəfəyədək artıq qiymətə satır. Həmçinin, bahalaşma mövsümlə də əlaqələndirilir. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bu xüsusda bildirir: “Artıq bir neçə gündür tikinti materialları bazarında sıçrayışlı qiymət artımları müşahidə edirik. Təbii ki, bu da gələcəkdə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək. Əvvəllər 1 kubmetri 280 manata satılan taxta hazırda bazarda 400-450 manata təklif olunur. Bu qiymətlərin daha da artacağı istisna edilmir. Bunun da səbəbi taxtanın gətirildiyi ölkə olan Rusiyada müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və qiymətlərin yerli bazarda artmasıdır. Bundan başqa, dəmir məmulatların da qiymətinin artması düşünməyə əsas verir ki, gələcəkdə daşınmaz əmlak bazarında da qiymətlər əvvəlki qiymətlərdən daha artıq olacaq”. Tikinti materiallarının pərakəndə satıcıları taxta materialının bahalaşmasını Rusiyada baş verən proseslərlə əlaqələndirir. Belə ki, Rusiyada prezident Vladimir Putinin sərəncamı ilə 2022-ci il yanvarın 1-dən oduncağın emal olunmamış formada ixracı qadağan edilir. Bundan əlavə, aprel ayından ağac materiallarının ixracına bir sıra məhdudiyyətlər tətbiq edilib. Rusiya ağac materialının ən böyük alıcısı Çin, Özbəkistan və Azərbaycandır. Çin Rusiyadan ixrac olunan ağac materialının 50 faizini, Özbəkistan və Azərbaycan isə hərəsi 9 faizini alır. Beləliklə, Azərbaycana taxta əsasən Rusiya tərəfindən göndərilir. Burada mövsüm amili də prosesə təsir edir. Belə ki, Rusiyada adətən payız və qış aylarında tayqa meşələrinin iqlim şəraiti ağacların kəsilməsi və istismarı üçün daha əlverişli olur. Bu da təklifi artırır. Yaz-yay ayları, yağış və qardan sonra meşəyə girmək texnika üçün çətin olduğundan təklifin həcmində azalma qeydə alınır. Buna görə də, mütəmadi olaraq yay aylarında bahalaşma olur. Lakin tikinti bazarında təkcə Rusiyadan gələn məhsullar bahalaşmayıb.

Belə ki, ölkədə istehsal olunan tikinti materiallarının da qiymətində bahalaşma qeydə alınmaqdadır. Bu zaman sement ən çox bahalaşan məhsullar sırasındadır. Eləcə də qapı və laminatlardan sonra dikt də bahalaşıb. Dikt qiymətlərində təxminən 1 manat artım edilib. Satıcılar topdansatış məntəqələrinin qiymətləri artırdığını bildirir. Dəmir materialları qiymətlərində artım az qala 90-100%-dir. Mişar daşlarının qiymətlərində təqribən 30-40% artım mövcuddur. Eyni zamanda, əvvəlki kimi  normadan artıq yüklənən avtonəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması əsasən qumun, çınqılın qiymətinin bahalaşması ilə nəticələnib. Boya, alçipan, lambrinlərin qiymətində azı 10 faiz bahalaşma var. Dam örtüklərinin də qiymətində hiss olunacaq artım var - qiymət təxminən 80 qəpik-1 manat artıb. Su boruları isə ölçüsünə görə - yerli mallar 10-15 qəpik, Türkiyə istehsalı olanlar isə 20 qəpik bahalaşıb. Elektrik kabellərinin pərakəndə satışında ən azı 2 dəfə qiymət artımı var. Yerli məhsulların bahalaşmasına təsir edən cəhətlərdən biri də nəqliyyat daşımalarına çəkilən xərclərin daha da artmasıdır. Eyni zamanda, əvvəllər vergidə müəyyən yayınmalar olurdu ki, hazırda bu mümkün deyil və vergi tam formada hesablanır. Ekspertlər hesab edir ki, bunlar, eləcə də mövsüm amili, Rusiyada baş verən proseslə yanaşı tikinti materiallarının, xüsusilə də ağac və sementin qiymətindəki artımın əsas səbəblərindən biri işğaldan azad olunan ərazilərimizdəki tikinti-yenidənqurma işləri ilə bağlı gözləntilərdir. Bu işlər tikinti materiallarına tələbatı artıracaq və bunu nəzərə alan həm yerli istehsalçılar, həm də idxalçılar qiymətləri əvvəlcədən bahalaşdırır.

Təbii ki, tikinti materiallarında müşahidə edilən qiymət dəyişikliyi mənzillərin də qiymətinə təsir edəcək. O da nəzərə alınmalıdır ki, 2020-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 957,2 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 47,6% azdır. İstismara verilən yaşayış evlərinin ümumi sahəsində azalma da qiyməti yüksəldən səbəblər sırasındadır. Amma tikinti materillarının qiymət artımı mənzil bazarında bahalaşmanı daha da sürətləndirir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı  isə bildirir ki, istər dünya, istərsə də Azərbaycan bazarında qiymət artımlarının müxtəlif səbəbləri var: “Bura makroiqtisadi göstəriciləri, eyni zamanda əhali artımını aid edə bilərik. Həmçinin, istehlak qiymətlərindəki artım tikintidə maya dəyərinin bahalaşmasına gətirib çıxarır. Tikintidə maya dəyərinin artımı da qiymət artımını şərtləndirən amillərdən biridir. Bu proses inkişaf etmiş ölkələrdə nisbətən sabitdir. Azərbaycanda da son bir ildə əmlak bazarında qiymət artımı müşahidə edilib. İlkin mənzil bazarında bu artımın səviyyəsi on faizdən yüksəkdir”.
Tahir TAĞIYEV