Ermənistan Diplomatiya məktəbi Azərbaycanın UNESCO ilə münasibətlərinə dair yeni “ideologiya” uydurub...

3 May 2021 17:52 (UTC+04:00)

Ermənistan Xarici İşlər Nazirliyi müxtəlif formalarda Azərbaycana qarşı təxribatlarını davam etdirir. Bu dəfə Ermənistan XİN-in Diplomatiya məktəbinin direktoru Vahe Qabrielyan Azərbaycana qarşı həqiqətə uyğun olmayan iddialar irəli sürüb.

Belə ki, İrəvan bələdiyyəsi “Təhlükədəki irs: “Artsax” adlı saxta sərgi açaraq Azərbaycana, Qarabağa aid eksponatları erməniləşdirməyə cəhd edib və V.Qabrielyan da bu qondarma tarixi əks etdirən sərgi haqqında hədyanlar səsləndirib. Qarabağ irsinə aid abidələrin, maddi-mədəni nümunələrin fotoşəkillərinin təqdim edildiyi bu sərgidə məqsəd Azərbaycanı qaralamaq, ölkəmizə şər-böhtan atmaqdır.   

Erməni Diplomatiya məktəbinin direktoru ağ yalan danışaraq guya Qarabağda “erməni irsi”nin təhlükə altında qaldığını iddia edib. 

V.Qabrielyan əsassız olaraq deyib ki, Azərbaycan UNESCO missiyasını Qarabağda qəbul etməkdən imtina edir(?). O daha böyük ağ yalan danışaraq deyib ki, Azərbaycan “erməni izini, erməni mənşəli izləri məhv etdikdən sonra” UNESCO-nu bölgəyə buraxacaq. Təsəvvür edin ki, özləri türk izini silməkdə mahir olan ermənilərin bu gün “Azərbaycan UNESCO-nu hələ ona görə Qarabağa buraxmır ki, Qarabağda erməni izlərini silməklə məşğuldur və bu iş qurtarandan sonra UNESCO bölgəyə buraxılacağ” ağ yalanı dünyanı aldatmaqdan, xristian birliyinə təsir etmək istəyindən başqa məqsəd daşımır. 

Ekspertlər deyirlər ki, Ermənistan XİN-in Diplomatiya məktəbinin direktorunun iddiası tamamilə əsassızdır. Onların sözlərinə görə, hələ münaqişə dövründə Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edərək onu erməni vandalizminə məruz qalan Azərbaycan abidələrinin taleyinə biganə qalmamağa çağırıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan dövləti UNESCO-ya dəfələrlə çağırış edib, müraciət ünvanlayıb ki, UNESCO bölgəyə missiya göndərsin, bu missiya azad edilmiş ərazilərdə abidələrimizin, məscid və monastırlarımızın ermənilər tərəfindən vandalcasına dağıdıldığını öz gözləri ilə görsün. Lakin, bildiyimiz kimi, UNESCO Qarabağa missiya göndərməkdən imtina edib. Amma  ermənilərin təhriki ilə bəzi xristian dövlətlərinin sənət adamlarının, tanınmış şəxslərin UNESCO-ya müraciətindən sonra isə UNESCO “Qarabağda xristian abidələrini dağıdırlar, gəlib bu abidələrin vəziyyətini gözlərimizlə görməliyik” istəyində bulundu.

Tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu hesab edir ki, UNESCO həqiqəti yaxşı bilir və kimin dağıdıcılıqla, vandalizmlə, kimin isə quruculuqla məşğul olduğunu yaxşı bilir. Sadəcə, UNESCO da başqa beynəlxalq təşkilatlar kimi ermənipərəst mövqedən çıxış edib. Ermənistan XİN-in Diplomatiya məktəbi direktorunun böyük saxtakarlıq etdiyini deyən Ə.Çingizoğlunun sözlərinə görə, uzun illər UNESCO Azərbaycanın çağırışlarına cavab verməyib. “Ermənistan XİN-in Diplomatiya məktəbinin direktoru öz təxribatçı fikirləri və həqiqəti əks etdirməyən açıqlamaları ilə beynəlxalq ictimai rəyi çaşdırmaq niyyəti güdür. Bütün dünya da yaxşı bilir ki, Qarabağda erməni irsi yoxdur. Burada alban-xristian irsi var ki, o da Azərbaycanın maddi-mədəni sərvətidir, tarixi irsidir. İşğal dövründən başlayaraq alban xristian abidələri, monastırlar ermənilər tərəfindən saxtalaşdırmaya məruz qoyulub, bu abidələrin milli indentikliyinin itirilməsinə çalışılıb”.

Ə.Çingizoğlunun sözlərinə görə, Ermənistanın hansı səviyyədə sərgilər keçirməsinə, kitablar nəşr etməsinə, dövriyyəyə yeni ideoloji təxribatlar buraxmasına baxmayaraq, nə Amarasın, nə Xudavəngin, nə Şuşadakı kilsənin, nə də ki, digər xristian abidələrinin onlara heç bir aidiyyətı yoxdur. UNESCO-nun Qarabağda xristian abidələrinin “qayğısı”na qalmaq istəyinə gəlincə, Ə.Çingizoğlu bildirdi ki, Qarabağdakı xristian irsinin başına gətirilən bütün bəlaların müəllifi ermənilərdir, Ermənistan dövlətidir. “UNESCO da, başqa beynəlxalq təşkilatlar da yaxşı bilirlər ki, Qarabağda erməni irsi yoxdur, amma bu təşkilatlardakı ermənipərəst qüvvələr ermənilərlə birləşərək alban irsini “erməni irsi” kimi qələmə verməyə cəhd edirlər. UNESCO-nun müsəlman abidələrinə, məscidlərinə qarşı biganəliyi, “erməni abidələri”nə təəssübkeş münasibəti bu təşkilatın özünün statusuna kölgə salır. Bu gün UNESCO-da işləyən bəzi ermənipərəst qüvvələr iddia edirlər ki, guya Azərbaycan tərəfindən “erməni izləri” silinir. Erməninin hansı izi var ki, silinə də? Bu baxımdan, Ermənistanın da, onlara havadarlıq edənlərin də başlatdığı kampaniya iflasa uğrayacaq.    

Ermənistanın Diplomatiya məktəbi direktorunun bu uydurma və mifik iddialarla Azərbaycanı qaralamaq cəhdləri yolverilməzdir. Qarabağda heç bir “qədim erməni irsi” yoxdur, olmayıb da, burada ermənilər tərəfindən saxtalaşdırılan çoxlu alban-xristian abidəsi var ki, onlar ermənilər tərəfindən ciddi dəyişikliyə məruz qalıb. Bu faktlar UNESCO-ya və bu təşkilatın mütəxəssislərinə də yaxşı məlumdur”.

Ə.Çingizoğlunun sözlərinə görə, Qarabağda aparılan tikinti-quruculuq işləri həm Ermənistanı, həm də onların xarici havadarlarını narahat edir. Ermənilərin məqsədi öz çirkin ideoloji kampaniyaları ilə dünyanı çaşdırmaqdır.     

İradə SARIYEVA