Üçyaşlı övladla tək qalmış şəhid ailəsi 500 manat Prezident təqaüdünü ala bilmir…

30 Aprel 2021 15:23 (UTC+04:00)

Vətən müharibəsində şəhid olan Ağalı Zaur Kamil oğlunun həyat yoldaşı Xuraman Rzazadə və 3 yaşlı övladı onlar üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilmirlər.

Bu barədə X.Rzazadənin atası Elxan Rzayev müraciət edib. O bildirir ki, qızı övladını dolandırmaq üçün müxtəlif insanların evlərində günəmuzd işləməyə məcbur qalıb: “Hazırda qızım və oğlu mənim himayəmdədir. Amma mənim də o qədər imkanım yoxdur ki, ona kömək edim. Qızım camaatın evinə gedib nökərçilik edir ki, dolana bilsinlər. Şəhidin övladına atasının şəhid statusuna görə ayrılan təqaüd düzgün hesablanmayıb.

Onu da deyim ki, qızıma verilən məbləğ hər ay fərqli olur. Məsələn, bir ay 360 manat, o biri ay 323 manat verilir. Həmçinin, ailə ünvanlı sosial yardım ala bilmir. Zaur ailəsini, körpə övladını qoyub getdi, Vətən uğrunda vuruşdu, şəhid oldu. Onun ailəsinə belə münasibət düzgündürmü?”.

Qeyd edək ki, şəhid Zaur Ağalı 1996-cı ildə Lənkəranın İstisu kəndində anadan olub. Ailənin yeganə övladı olan qəhrəmanımız Vətən müharibəsinə könüllü qoşulub və oktyabrın 22-də Qubadlı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən  sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Onu da bildirək ki, Azərbaycanda şəhid ailələrinin bir neçə imtiyaz və sosial təminat hüququ var. Bunlardan biri şəhid ailəsinə verilən 500 manat məbləğində Prezident təqaüdüdür.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, ailə ilə əlaqə saxlanılıb və məsələ araşdırılıb. Məlum olub ki, ailə ünvanlı sosial yardım üçün müraciəti yanlış daxil etdiyindən, onlara imtina cavabı verilib: “Ailə ilə danışıldı, onların pensiya ödənişləri, hər hansı təyinatla bağlı problem yoxdur. Ailə, sadəcə, ünvanlı sosial yardımın alınması üçün müraciət edib və müraciətdə məlumatlar yanlış daxil edilib. Ona görə də imtina cavabı verilib. Vətəndaş çağırıldı və ona izah olundu ki, müraciət hansı formada daxil edilməlidir. Təkrar müraciətdən sonra elektron sistemdə təyinat məsələsinə baxılacaq”.

Günel CƏLİLOVA