Ukraynadan Qərbə xəbərdarlıq - Ya bizi NATO-ya qəbul edəcəksiz, ya da nüvə silahı hazırlayacağıq…

18 Aprel 2021 20:36 (UTC+04:00)

Rusiya ilə Ukrayna arasında artan siyasi gərginlik hərbi miqyasda böyüməkdə davam etdiyi bir vaxtda, Ukrayna ölkənin müdafiəsi ilə bağlı NATO və Avropa Birliyinə xəbərdarlıq edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın dövlət radiosu Deutschlandfunk-a danışan Ukraynanın bu ölkədəki səfiri Andrey Melnik, Ukrayna NATO-ya qəbul edilmədiyi təqdirdə Rusiyaya qarşı özlərini qorunmaq üçün yenidən nüvə silahı əldə etmək məcburiyyətində qalacağını ifadə edib.

"Ya NATO kimi bir ittifaqın bir parçası olub, Avropanın güclənməsinə öz töhfəmizi verərik, ya da yalnız bir seçimimiz var – öz gücümüzə silahlanmaq" – səfir bildirib.

Ukraynanın yenidən nüvə silahı ölkəsi olmağı düşünə biləcəyini deyən səfir "təhlükəsizliyimizi başqa necə təmin edə bilərik?" deyə sual edir.

Vaxtilə dünyanın üçüncü böyük nüvə arsenalına sahib olan Ukrayna ABŞ, Rusiya və İngiltərədən təhlükəsizlik zəmanəti aldıqdan sonra 1994-cü ildə nüvə başlıqlarından imtina etmişdi.