Avroittifaqın xüsusi nümayəndəsinin inanılmaz qeyri-diplomatik addımı - separatçı "xarici işlər naziri" ilə görüş Aİ-nin nəyinə lazım...

17 Aprel 2021 15:02 (UTC+04:00)

Məlum olduğu kimi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskasla XİN-də keçirilmiş görüş barədə məlumatında deyilir.

Məlumatda bildirilir ki, görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu ilin 14 aprel tarixində Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayanla görüşməsi ilə bağlı səfir Yankauskasa etiraz bildirilib.

Aİ nümyəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

O da məlumdur ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini təmin etdi. Regionun inkişafı üçün tamamilə yeni iqtisadi və geosiyasi vəziyyət yarandı. Söhbət açılacaq nəqliyyat-kommunikasiya xətlərinin yaradacağı imkanlardan gedir. Hansı ki, bütün bunlar Avropa İttifaqının da maraqlarına cavab verir. Bütün hallarda, Aİ nümayəndəsinin belə qalmaqallı görüşdə məqsədi nədir?

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, indiki vəziyyətdə Aİ nümayəndəsinin məlum addımı kövrək sülhə, bir növ, zərbə vurmaq məqsədi daşıyır: “Vətən müharibəsi və onun nəticələri hər kəsin simasını üzə çıxardı. Cənab Prezidentin söylədiyi kimi, bizə dost tərəflər də məlum oldu, dost olmayanlar da özlərini göstərdilər. Məsələyə məntiqlə yanaşanda görürük ki, biz yeni tarixi dövrə daxil olmuşuq. Bu yeni tarixi dövrdə münaqişədə hələ də həllini gözləyən müəyyən siyasi məsələlər var. Bu gün Azərbaycanla Ermənistan arasında siyasi dialoq mühitinin yaranması, əməkdaşlıq mühitinin formalaşması, xüsusilə iqtisadi-nəqliyyat əlaqələrinin bərpası istiqamətində proseslər getməkdədir. Çünki həmin proseslərin əsası qoyulub. Bu gün regionda maraqlı tərəflər, dünyada söz sahibi olan qüvvələr bu prosesə dəstək verməlidirlər ki, nəhayət, regiona daimi sülh gəlsin. O cümlədən, Aİ bu prosesdə fəal iştirak etməlidir. Ancaq təəssüf ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın timsalında biz bunun əksini görürük. Onun məlum addımı separatizmə dəstək anlamına gəlir. Ona görə də Aİ rəsmisinin davranışı təəccüb və təəssüf doğurur. Separatçı tör-töküntü ilə görüşmək prosesi baltalamaq cəhdidir. Separatçı ilə bu cür “təmas” qurmaq qarşı tərəfdə müəyyən ümidlər, arxayınçılıq və legitimlik qazanmaq arzusu yaradır. Bu isə, ümumiyyətlə, qəbuledilməz məsələdir. Aİ, ilk növbədə, regionda müharibənin bitdiyi və yeni reallıqların yarandığı şəraitdə çalışmalıdır ki, kövrək olan dialoq mühitinə, iqtisadi kommunikasiyaların bərpasına dəstək versin. Bu istiqamətdə əməli addımlar atsın. Bunu etmək əvəzinə, Aİ rəsmisi separatçılarla görüşür. Bu nə deməkdir? Bu o deməkdir ki, Aİ çox kövrək olan proseslərin özünə zərbə vurmaq məqsədi güdür. Ən azından, sözügedən bədnam görüş bu anlama gəlir”.

Millət vəkili onu da qeyd etdi ki, istənilən halda, bu kimi görüşlər qəbuledilməzdir.

Vidadi ORDAHALLI