“Baku Electronics”lə vətəndaşların münaqişəsi ən çox bu məsələ ilə bağlı baş verir...

17 Aprel 2021 16:14 (UTC+04:00)

Elektrik malları həyatımızda böyük rola malikdir. Daha doğru desək, elektrik malları son dövrlərdə həyatımızın əsasına çevrilib. Dünyada elektrik məhsulları istehsal edən bir çox firma var ki, hazırda onlar arasında böyük rəqabət aparılır.

Azərbaycanda da bir çox məşhur firmanın məhsullarını təqdim edən distribütorlar fəaliyyət göstərir. Onlardan biri efir məkanında keyfiyyətli məhsullar təqdim etdiyini iddia edən, geniş reklama malik olan "Baku Electronics" mağazalar şəbəkəsidir. Bildiyimiz qədər, bu şəbəkə ölkə əhalisinə televizor, noutbuk, mobil telefon, mətbəx üçün lazım olan elektrik avadanlıqları və digər məhsulları təqdim edir.

Son zamanlar qeyd etdiyimiz şirkərin məhsulları haqqında çoxlu sayda şikayət səslənir. Bu günlərdə “Baku Electronics”dən narazı olan vətəndaşlardan biri də  Alqış Bayramlıdır. Vətəndaş sosial şəbəkədə öz narazılığını yazaraq qeyd edir ki, “Baku Electronics”dən 9 ay əvvəl paltaryuyan maşın alıb: “Paltaryuyan maşını 1 illik  zəmanətlə almışam. 1 il tamam olmamış, adıçəkilən maşın xarab oldu. 3 dəfə evdə gəlib baxıblar,1 dəfə də servisə aparıblar. Amma nə düzəldirlər, nə də yenisi ilə dəyişirlər. Maşını hazırda istifadə edə bilmirəm. Sizcə mən neyniyim?”

Qeyd edək ki, “Baku Electronics” alıcıların istehlakçı hüquqlarını pozan şirkətlər arasında ən çox adı hallanan mağazalardan biridir. Mütəmadi olaraq mediada “Baku Electronics”dən alınan malların keyfiyyətsiz olması ilə bağlı materiallar yayılır.

Məsələ ilə bağlı “Baku Electronics”lə əlaqə saxlamağa çalışdıq. Lakin şirkətdən zənglərimizə cavab verən olmadı.

Günel CƏLİLOVA