Balaca “general”

17 Aprel 2021 10:37 (UTC+04:00)

   İnsan özündən sonra nə qoyur bu gəlimli-gedimli, son ucu ölümlü dünyada?  Beş-on kəlmə şirin söz, özünü ovudan qədər nəğmə və bir də heç vaxt saralmayacaq, solmayacaq, unudulmayacaq şərəfli ad. O ada çatmaq, o adı qorumaq üçün nələrə qatlaşmaq, hansı əziyyətlərdən keçmək gərəkdi. Şəhid olmaq, Vətəni öz canından artıq sevmək üçün gözəl ürəyə sahib olmaq lazımdı. Elə Murad Məmmədov kimi...
   Cəmi 27 il yaşadı Murad. Sabah doğulacaq Muradlara yol göstərəcək dan ulduzuna, əbədiyyətə aparacaq yola, heç vaxt enməyəcək ay-ulduzlu bayrağa döndü.  Bu qısa  ömürdə gənclərimizin təbliğində önəmli bir rolu olacaq, onların keçdiyi igidlik, qəhrəmanlıq yoluna işıq saçacaq Muradın keçdiyi həyat yolu. 
   Murad Vaqif oğlu Məmmədov 17 aprel 1989-cu ildə Biləsuvar şəhərində dünyaya göz açmışdı. 1996-cı ildə şəhər 4 saylı orta məktəbə getmiş, 2007-ci ildə 11-ci sinfini bitirmişdi. 
    Arıq, cılız bir uşaq olsa da, cədliyi, çevikliyi ilə digərlərindən fərqlənirdi. Hətta müəllimi onun bu hərəkətlərindən heyrətlənərək deyirdi: “Bu uşağın gələcəyi var. Ondan gözəl hərbçi çıxar “. “General” deyə çağırırdı onu. Bu ad Muradın çox xoşuna gəlirdi. Bəlkə də onun hərbiyə marağı elə oradan başladı. Çox sağlam, eyni zamanda da məsuliyyətli bir gənc idi. Çox istəyirdi həbçi olsun.
    Orta təhsilini doğulduğu Biləsuvar şəhərində bitirib, sənədlərini hərbi məktəbə verdi. Lakin bu arzusuna çata bilmədi.Ruhdan düşmədi, hərbçi olmaq, bu sahəyə bağlanmaq onun ən böyük amalı idi. Elə həmin il Milli Ordu sıralarına çağırılaraq həqiqi hərbi xidmətə yollandı. Onun hərbi xidməti düşmənlə sərhəd rayonu olan Qazax bölgəsində keçdi.
   Muradın qəlbində Vətən eşqi günü-gündən artırdı. Daim torpaqlarımızın işğalda olmasını düşündükcə,  bunula heç cür razılaşa bilmir, sanki, Vətən qarşısında günahkar kimi özünü qınayırdı. Əsgəri xidmətdə olduğu dövrdə də bir yerdə dayanmır, tez-tez kəşfiyyata gedirdi. El-obasının fəxri Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlğlından sonra elə bil dəli-divanə olmuşdu. Təkrar-təkrar onun haqqında yazılan məqalələri oxuyur, yoldaşlarına deyirdi: “ Baxın, əsl qəhrəman Mübariz kimi olar. Doğma Qarabağımızı bu cür cəsur, qorxubilməz oğullar azad edə bilər. Başqa yol yoxdu.” 
     Düşmənə ağır zərbə endirmək üçün müxtəlif yollar arayırdı. Lakin atəşkəs rejimi onun əl-qolunu bağlayırdı. Təlimatdan kənar hərəkət edə bilməzdi.
    Murad 2009-cu ildə əsgərlikdən qayıtdı. Bir müddət bacısının yanında Rusiyanın Komi vilayətində yaşadı. Burada özünü qəfəsdəki quş kimi hiss edirdi. Rusiya kimi böyük bir ölkə ona dar gəlirdi. Öz-özünə deyirdi: “ Vətən, torpaqlarımız işğalda ola-ola burda qalıb, işləyə bilmərəm. Geri dönüb orduya yazılmalıyam”. 
     Torpağı qorumasan əkib-becərməyə dəyməz,əkib-becərməyəcəksənsə onu qorumağa dəyməz. Atalarımızın öyüdünə sadiq olan Murad, qısa bir vaxtda geri dönərək yenidən ordu sıralarına qatılır. Onun bacarığını, fiziki qüvvəsini, hərbi hazırlığını nəzərə alaraq Müddətdən Artıq Hərbi Xidmətə götürürlər. İlk vaxtlar Yaşma qəsəbəsində  sürücü kimi fəaliyyət göstərdi. Sonra onu Xüsusi Təyinatlıların tərkibinə daxil etdilər.
     2016-cı ilin aprel ayı...  Şəhidlər ölməz deyirlər. Bir qızın göz yaşlarında, bir atanın ahında, bir ananın naləsində, bir qardaşın nisgilində, bir körpənin ağlar dilində yaşayan Murada nakam deməyə dilim gəlmir. Vətənləşən, sevgili Vətənin övladı kimi uca, əlçatmaz şəhidlik məqamına ucalanlara nakam sözü yaraşmır. Ömrü Vətən yolunda yarıda qırılan, qoynuna öz şəhidini alan yaralı torpağı elə sevdim, elə əzizlədim ki...
     1994-cü ildə atəşkəs elan olunandan sonra, düşmənlə təmas xəttində atışma olsa da, tezcdə yatırılırdı. Düzdür, bu ərəfələrdə istər düşmən tərəfinin, istərsədə ordumuzun itkiləri olurdu. Tarixə Aprel döyüşləri kimi düşən savaş bu tilsimi sındırdı. İnsanların qəlbində bir ümid qığılcımı parladı. Hər kəs Milli Ordunun qalib gələcəyini, tezliklə qələbə sorağını eşidəcəkləri günü gözləyirdi.  Bölgələrdən xoş xəbərlər, qələbəmizə bir addımda bizi yaxınlaşdırırdı. 
    Bu döyüşlərdə Muradın da xidmət keçdiyi kəşfiyyat bölüyü qaynar nöqtədə  fəal iştirak edirdi. Tez bir zamanda Kəşfiyyat bölüyü düşmənin arxasına keçib, dəqiq koordinatlar verərək düşməni ağır itkilərə məruz qoymuşdular. Düşmən bu zərbələrə tab gətirməyərək  geri çəkilməyə məcbur olmuşdu. Artıq Talış kəndindəki yüksəkliklər ələ keçirilmişdi. Ancaq cəsur əsgərlərimiz bununla razılaşmayaraq, daha da irəli getmək, qısa bir vaxtda işğalda olan bütün torpaqlarımızı geri almaq istəyirdilər. Lakin düşmən tərəfindən atılan güllə igid, cəsur döyüşçünü - qəlbi Vətən eşqi ilə döyünən Murad Məmmədovun da arzusunu yarımçıq qoydu.
    Vətən uğurunda şəhid olmaq hər kəsinmi qismətidir? Sən bir evin oğlu ikən indi Vətənin- bütünlüklə Azərbaycanın övladısan. Şəhid Murad Məmmədov xalqımızın qəhrəman oğullarındandır. O, çox az yaşadı, amma, mənalı bir ömür yaşadı. Öz qəhrəmanlığı ilə nümunə göstərdi- şəhidlik nümunəsi...  
     Bəlkə də bilirdi şəhidlik onun missiyasıdır. Elə ona görə əsgəri xidmətini başa vurduqdan sonra, yenidən Milli Ordu sırlarına döndü. Onun ən böyük arzusu torpaqlarımızı erməni işğalından azad edərək,  üçrəngli bayrağı doğma Qarabağımıza, Xankəndinə, Şuşaya, Laçına sancmaq idi. 
    Şəkillərinə baxırıq, Murad! Şəkillərin çoxunda canından sevdiyi bayrağımıza bürünübsən. Sonra o bayraq sənin tabutuna büküldü. Xalqımızın igid oğlu son mənzilə üçrəngli bayrağımızın ağuşunda yola salındı...
    İndi, Sumqayıt Şəhidlər xiyabanında düzülmüş şəhidlərin sırasında daha bir igidimizin - Məmmədov Murad Vaqif oğlunun da adına rast gəlirik. Bura bizlərin, gənc nəslin bir and yerinə çevrilib. Başın sağ olsun, Vətən! 

Vüqar  ƏSGƏROV
Ssenarist, yazıçı-publisist