Cənub bölgəsində insanlara psixoloji yardım davam edir...

16 Aprel 2021 16:21 (UTC+04:00)

30 il erməni dığalarının əsarəti altında qalan Qarabağın azadlığı uğrunda Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanların ailələri, qazilər, müharibədən fiziki və mənəvi əziyyət çəkən insanlara dövlət hər cür köməklik göstərir. Belə ki, onların sosial problemləri vaxtında həll edilir, zəruri tibbi, o cümlədən psixoloji yardıma ehtiyacı olanlar daim diqqət mərkəzində saxlanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti əsasında Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər nazirliyin mütəxəssisləri ilə bərabər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasını, paytaxtla yanaşı, aprelin 5-dən etibarən Lənkəran şəhərində də aparırlar. Şəhid ailələri, qazilər, müharibədən fiziki və mənəvi əziyyət çəkən insanlarla yanaşı, cənub bölgəsinin vətəndaşlarına da psixoloji yardım göstərilir.

Artıq bölgədə 121 seans keçirilib, 150-yə yaxın müraciət olub və 101 vətəndaş psixoloji yardım alıb. Müraciətlər əsasən Lənkəran, Masallı, Cəlilabad, Astara və Yardımlı rayonlardan olub. Məlumat üçün bildirim ki, humanitar aksiya 5 may tarixində başa çatacaq.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü