Səfərə dəvət edilməmişlərin sonuncu Bəyanat-məyanatı... - Əkbər QOŞALI yazır

16 Aprel 2021 19:04 (UTC+04:00)

ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin fəaliyyəti ilmüdam tənqid olundu və zaman tənqidçiləri haqlı çıxardı. Guya “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” üzrə Avropada təhlükəsizlik və əməkdaşlığa töhfə verməli olan MQ həmsədrləri son bəyanatla özlərini laap biabır edib.

Bilirəm, belə məsələlərdə biabır-miabır sözcükləri keçmir, illa başqa terminlər uyğun sayılır; beynəlxalq hüquq normaları xatırladılmalı, həmsədrlərin mandat-missiyası yada salınmalı – ancaq illərlə məhz belə yazdıq, dedik də nooldu? Artıq dəqiq bilirik ki, o hüquq normalarını da, mandat-missiyasılarının gərəkdirdiklərini də bilə-bilə, məqsədyönlü pozur məlum üçlük. O üçlük ki, beşulduzlu otel, isti kabab-filan dişlərinin dibində qalınca, damaqları çağ olmur.

“Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm”. – Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də MQ-nin Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü zamanı bildirmişdi. Dövlət başçısı demişdi ki, həmsədrlərin səfərə gəlmək istəyi barədə ona bilgi veriləndə, etiraz etməyib: “Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.

Həmin qəbulda üzlərinə sillə kimi dəyən sözlərdən sonra, nəhayət “doğrulub, özlərinə gələn” MQ həmsədrləri ən son bəyanatla nə qədər urvatsız durumda olduqlarını bir kəz daha sübut etmiş oldular. Bizə məğlubiyyət sırımaq istədilər – olmadı; bizi aldatmaq istədilər – aldanmadıq; bizə qarşı əlverişsiz ortam yaratmaq istədilər – alınmadı; indi – Vətən müharibəsində qalib gəldikdən sonramı onların bəyanatı ilə oturub-duracağıq?! Heyf gül kimi Minsk adından ki, o qrupun adında keçir. Rəsmi Minskin rəsmi Bakıya səmimi dostluq münasibətləri, həmin münasibətlərin daha bugünlərdə bir daha yüksək səviyyəli təsbit-təsdiqi fonunda, o qrupun adının dəyişdirilməsi çox isabətli olardı. Başa düşürəm, bu adlandırılmanın dost Belarusa bir siyasi aidiyyatı yoxdur, yalnız vaxtı ilə məhz Minskdə qərar qəbul edilməsinə ilişkin adlandırılmadır – yenə də olsun – o ad da, o həmsədrlik də uyğunsluzluq təşkil edir, artıq nə o qrupa, nə də də onun həmsədrlik konfiqurasiyasına ehtiyac qalmayıb…

Azərbaycan Dəmir Yumruğu öz işini görüb, indi yolgöstərmək, aradüzəltmək vaxtı deyil, indi yol çəkilir, aralar (kommunikasiyalar) açılır. Bunun qarşısında durmaq, Ermənistanı məğlubiyyət acısından xilas etmək-filan keçmir artıq. Həmsədrlər başqa yerdə “ayrıca yemək otağı, içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrəli” beşulduz otel arasınlar artıq…

MQ-nin keçmiş amerikalı həmsədri Riçard Hoqlandın son açıqlamalarından daha bir sitat: “Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk Qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş görürdük”… Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur…

Bəli, MQ uzun illər içində haqq-ədalət adına bir iş görməyib, aktiv fəaliyyət görüntüsü yaratsa da, demək olar, Azərbaycanın məğlubiyyətlə nə zaman barışacağını gözləyib, gözlərinin kökü saralıb və əlbəttə, o barışıqlıq olmayıb!

Hələ-hələ, Bəyanatda mədəni abidələrlə bağlı iddialar qaldırmaq heç qəbul edilə bilməz: vaxtilə ATƏT-in özünün Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi; amma nə ATƏT, nə onun MQ həmsədrləri bununla bağlı tədbir görmədi.

MQ-nin Bəyanatı Ermənistandakı əvəzçıxma çağırışlarına dəstək mahiyyətində – daha doğrusu, mahiyyətsizliyindədir: həmin o Ermənistan nəynən və necə əvəz çıxacaq? Şil-küt olmuş ordusu ilə? Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunan texnikası ilə? Minlərlə fərarisi ilə? “Mükəmməl” iqtisadiyyat, “qəşəng” iqtidar-müxalifət münasibətləri ilə əvəz çıxacaqlar bəlkə? Yoxsa, viran qoyduqları tarixi-mədəni abidələrin son daşlarını da dağıtmaq “əsası” ilə?!.

Çox sadə bir sual var ortada: axı Azərbaycan Respublikası nəyə görə yenidən gərəksiz, anlamsız danışıqlar aparmalıdır? Danışıqları kiminlə aparaq? Qarşımızda ciddi dövlətmi, sözükeçərli hakimiyyət, öz öhdəliklərinə sadiq hökumətmi var?

Ermənistanla danışıqların predmeti nədir axı? Münaqişə? - Bitib! BMT-nin bəlli 4 Qətnaməsini Azərbaycan özü

yerinə yetirib. Belə olan halda “igidim” həmsədrlər yenidən səfərlərə başlayıb da nəyi həll etmək istəyir?

Hələ bir bu Rusiyalı həmsədrin Bəyanata imza atması lap həngamədir. A həmsədr, bölgədə məhz sənin ölkənin iştirakı ilə tam yeni bir reallıq yaranıb və məhz sənin ölkənin sülhməramsız sülhməramlıları Qarabağın dağlıq hissəsindədir.

Amerikalı həmsədr… – O da ayrı bir söhbətdir. Rusiyalı ilə bir Bəyanata imza atan ABŞ-lı həmsədrin ölkəsi həmin Rusiyaya sanksiyanı sanksiya ardınca döşəyir; bu sətirlər yazılarkən bəlli oldu ki Prezident Cozef Bayden ABŞ-ın milli təhlükəsizliyi sahəsində Rusiyadan gələn təhdidlərə görə fövqəladə vəziyyət rejimi elan olunması haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, Rusiya hökumətinin ayrı-ayrı zərərli fəaliyyətləri sonucunda ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı qeyri-adi və fövqəladə təhdid qarşısında qalıb. Buyurun, “fövqəladə dostlar” bizə münasibətdə fövqəladə həmrəylik nümayiş etdirə bilir. Xeyir ola?

Fransa… – Fransadan danışmaq da olar, danışmamaq da. Fransadı də… Külək hayandan əsdi… Hər halda Fransalı həmsədr “bəyəfəndi” qanmalıdır ki, Azərbaycan cəmiyyətində bu ölkəyə güvən sıfırın altındadır; o, ilk növbədə öz itirilmiş nüfuzu haqqında düşünməlidir. Fransa necə MQ həmsədri olub? –Bir qaldırıb kağız-kuğuzlarına, dəftər-kitablarına baxsınlar barı… Obyektivlik, bitərəflik kimi meyarları kobud şəkildə pozan bir dövlətin bu prosesdə iştirakının arzuolunmazlığı Gün kimi aydındır…

Sual olunur: ümumiyyətlə ATƏT MQ niyə bu 3 ölkənin monopoliyasında olmalıdır? Niyə bölgədə önəmli rola, sanballı çəkiyə malik Türkiyə həmsədr olmasın? Niyə yalnız Ermənistanın haqsız mövqeyini müdafiə edənlər bu prosesdə iştirak etməlidir? Heç olmasa, dəyişən həmsədrlik institutu olsun: ardıcıllıqla, Türkiyə, Belarus, İtaliya, Finlandiya, İsveç, Almaniya da həmsədr olsun. Olmazmı? – Bal kimi olar.

Uzun sözün qısası, MQ artıq münaqişənin tənzimlənməsində iştirak edən qurum deyil. Çün münaqişənin özü ortadan qalxıb. Həmsədrlər sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə, beynəlxalq hüquq normalarınca davranışa vadar edilməsi, Ermənistanla Azərbaycan arasında güvən ortamının yaradılması və b. bu kimi məsələlərlə məşğul ola bilər (daha doğrusu, bilərdi)…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

YAŞASIN DƏMİR YUMRUQ!

Əkbər QOŞALI