Banklar kredit faizlərini yüksək saxlamaq üçün depozit faizləri üzərində gizli oyun oynayırlar...

16 Aprel 2021 19:39 (UTC+04:00)

Azərbaycanda kreditlərin faizlərinin yüksək olmasının başlıca səbəblərindən biri əmanətlər üzrə faizlərin yüksək olmasıdır. Əmanətçilərdən, hüquqi şəxslərdən vəsaiti cəlb edərək, onlara faiz ödəyirlər. Sonra həmin vəsaiti kredit verərək, faiz qazanırlar. Bu fərq də onun gəliri hesab olunur.

Çünki bank əmanətçilərdən, şirkətlərdən, digər banklardan nə qədər yüksək faizlə vəsait cəlb edirsə, bir o qədər də faizləri yüksək qoyur. Azərbaycanda bu gün banklar 12 faizlə əmanət cəlb edirlər. Bu isə o deməkdir ki, 12 faizdən aşağı heç bir halda kredit verə bilməz. Bizdə əmanətçilər banka pul qoyub, əldə etdikləri faizlə yaşamaq istəyirlər. Əslində isə əmanət insanın dolanışıq mənbəyi yox, pulun təhlükəsiz saxlanma və rahat istifadəetmə yeri olmalıdır. Yalnız bundan sonra 1-2 faizlə əlavə vəsait qazanmaq olar.

Adətən, inkişaf etmiş ölkələrdə əmanət üzrə faizlər 1-2 faiz təşkil edir. Azərbaycanda isə banklar məqsədyönlü şəkildə əmanət faizlərini yüksək saxlayırlar ki, təklif etdikləri kredit faizləri yüksək olsun. Daha dəqiq desək, kreditləri yüksək faizlə verməyə əllərində bəhanə olsun. Ona görə də bankların soyğunçu xarakterli kredit siyasəti davam edir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirli hesab edir ki, banklar kredit faizlərini aşağı salmamaqdan ötrü məqsədyönlü şəkildə belə vəziyyət yaradırlar: “Bankların maliyyə resursları müxtəlif mənbələr hesabına formalaşır. Bunlardan biri də əmanətçilərdən cəlb etdikləri vəsaitlərdir. Azərbaycanda bir sıra bankların maliyyə resurslarının böyük hissəsini əmanətçilərdən cəlb olunan depozitlər təşkil edir. Həmin banklar hesab edirlər ki, depozitlər üzrə faizləri aşağı salsalar, o zaman əmanətçilər vəsaitlərini banklardan çıxaracaqlar. Nəticədə həmin banklar maliyyə resurslarından məhrum olacaqlar. Ona görə də hər vasitə ilə çalışırlar ki, depozit faizləri aşağı düşməsin. Çünki depozitlər üzrə faizlər aşağı düşsə, bu, istər-istəməz, kredit faizlərinin azalmasına təsir edəcək. Başqa bir tərəfdən, qanunla banklar vətəndaşın rəsmi gəlirinə uyğun olaraq, ona kredit verməlidirlər. Bizdə bu qanun, praktiki olaraq, işləmir. Banklar rəsmi gəliri olmayanlara, kölgə iqtisadiyyatı hesabına gəlir əldə edənlərə kredit verirlər. Məqsəd hər vasitə ilə tez və daha çox faizlər hesabına qazanmaqdır. Budur onların siyasəti. Hesab edirəm ki, ölkəyə xarici və daxili mənbələr hesabına ucuz kredit resurslarının daxil olması təmin edilsə, faizlər aşağı düşəcək. O zaman bankların bu soyğunçu kredit siyasəti işləməyəcək”.

Ekspert onu da qeyd etdi ki, müəyyən dairələr kredit bazarında inhisarçılıqla məşğuldurlar.

Vidadi ORDAHALLI