Paşinyan Rusiyada yaşayan erməni hüquqşünaslara da Zəngəzur dəhlizinin əhəmiyyətini təlqin etdi...

16 Aprel 2021 19:12 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı görüşündən səs yazısı yayılıb. Təhlükəsizlik xidməti həmin görüşə qatılanlardan mobil telefonları və smartfonları əvvəlcədən yığıb.

Görüşün qapalı olduğu onların nəzərinə çatdırılıb, eyni zamanda, məlumat sızmasının qarşısını almaq üçün digər tədbirlər görülüb. Buna baxmayaraq, Paşinyanın çıxışının bir hissəsi “Armvoice” teleqram kanalı tərəfindən yayılıb. Məlum olub ki, Ermənistanın baş naziri Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar sayır: “…Birbaşa demək lazımdır ki, bizdə olan status-kvo o həddə qədər qaldı ki, onun mövcudluğu Rusiyanın maraqlarına uyğun gəlirdi. Konyunktura dəyişəndə hər şey dəyişdi və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik. Ola bilsin, dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm, biz elə situasiyadayıq ki, bir-birimizə bunu deməyə məcburuq. Mən dərindən əminəm ki, kommunikasiyaların açılması, əlbəttə, əgər biz buna nail ola bilsək, yəni Azərbaycanın Naxçıvana yolunu açsaq, bu bizim böyük uğurumuzdur. Təsəvvür edin, bizim Rusiya və İranla dəmiryol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”.

Göründüyü kimi, Paşinyan “Zəngəzur dəhlizi”nin əhəmiyyətini qeyd edir, ancaq nədənsə, bu istiqamətdə addımları müşahidə olunmur. Bu təzadı nə ilə izah edə bilərik?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb: “Söhbət ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə son qoyan bəyanatdan gedir. Üçtərəfli bəyannamə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Regionda nəqliyyat əlaqələri Ermənistanın təxminən 30 il idi davam etdirdiyi işğalçı siyasət nəticəsində məhdudlaşıb. Üçtərəfli bəyannamənin 9-cu maddəsi bu əlaqələrin bərpasını nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir. Bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş də keçirilib. Görüşün əsas mövzusu yenə də nəqliyyat kommunikasiyalarının bərpası olub. Bu işlərin görülməsi üçün artıq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli İşçi qrup yaradılıb. Qrupun toplantılarında noyabr bəyanatının 9-cu maddəsinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısı formalaşdırılıb, prioritet qismində dəmir və avtomobil yollarının bərpası müəyyənləşdirilib. Görüşlərdə üç liderin razılaşdırdığı digər fəaliyyət istiqamətləri də müəyyən olunub”.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir: “Bu, Ermənistan da daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan da, öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Bir sözlə, Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni "arteriya'' əlavə olunacaq. Bu, region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək.  Zəngəzur dəhlizi Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan Ermənistana quru yolla çıxa bilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün Moskva Tbilisi ilə aralarındakı siyasi problem üzündən Ermənistana yük daşımalarında quru yoldan istifadə edə bilmir – yol Gürcüstan ərazisindən keçir. Başqa sözlə, Moskva İrəvanla iqtisadi əlaqələrində bu maneəni də aradan qaldıra bilər. Moskva ilə İrəvan arasında quru yolla nəqliyyat əlaqələrinin yaradılması, əslində, Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqına çıxışla bağlı problemlərinin aradan qaldırılmasına yardım göstərəcək. Ermənistanın əsas ticarət tərəfdaşına quru yolla çıxışının olmaması onun iqtisadi təhlükəsizliyinə və xarici iqtisadi əlaqələrinə mənfi təsir göstərir. Bundan başqa, Zəngəzur dəhlizi Ermənistana digər ticarət tərəfdaşı olan İranla dəmiryolu vasitəsilə əlaqə yaratmaq imkanı da verəcək. Ermənistan uzun illərdir lazımi maliyyə resursu olmadığından, xarici investisyaları isə cəlb edə bilmədiyindən öz ərazisindən İrana dəmiryolu çəkə bilmir. İndi iki ölkə arasında yük daşımalarının yeni dəhliz vasitəsilə həyata keçirilməsi mümkün olacaq”.

Politoloqun sözlərinə görə, Paşinyan bütün bunları bildiyi üçün Zəngəzur dəhlizini əhəmiyyətli sayır: “Ancaq nədənsə, bu barədə gizli, bağlı qapılar arasında danışmağa üstünlük verir. Paşinyanın imitasiyası başadüşüləndir. Görüntüdə Zəngəzur dəhlizinə maneə yaradan kimi özünü göstərib, arxada onun faydasından danışırsa, buna siyasi riyakarlıqdan başqa ad verə bilmərik”.

Məhəmmədəli QƏRİBLİ