Ermənistan sülhə və mehriban qonşuluğa təşəbbüs göstərir? - Zaxarovanın "balansına" düzəliş…

16 Aprel 2021 18:46 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib ki, Bakı ilə İrəvan arasında dayanıqlı sülh və mehriban qonşuluğun bərqərar olmasına yönələn təşəbbüsləri yalnız alqışlaya bilərlər:

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 10 noyabr və bu ilin 11 yanvar tarixlərində əldə etdikləri razılaşmalar buna etibarlı zəmin yaradır. Bu kimi proseslərə bundan sonra da hər cür dəstək verməyə hazırıq. Əlbəttə, Ermənistanla Azərbaycan qarşılıqlı etimadın zəruri səviyyəsinə çatmaq, münasibətlərini yoluna qoymaq istiqamətində çətin yolun hələ başlanğıcındadır”.

Zaxarova bildirib ki,  Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik: “Cənubi Qafqazdakı sabitliyin, dayanıqlı iqtisadi inkişafın bu regionda Rusiyanın bütün tərəfdaşlarının manafeyinə uyğun gəldiyini əsas götürürük. Fikrimizcə, tərəflər münasibətləri normallaşdırmağa, etimad mühiti yaratmağa çalışacaqlar”.

Zaxarovanın bəyanatında Ermənistan sülhə təşəbbüs göstərən ölkə kimi qələmə verilir. Bunu nə dərəcədə həqiqət saymaq olar?

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zaxarovanın bəyanatını səmimi saymaq olmaz: “Çünki Moskva bu məsələdə də ənənəvi siyasətini davam etdirir. Biz münaqişənin mövcud olduğu dönəmlərdə görmüşük ki, Rusiya daima tərəflər arasında məsuliyyətləri bərabaərləşdirməyə çalışıb. Sanki bir balans yaratmaq arzusu ilə Ermənistanın ünvanına layiq olduqları tənqidi yağdırmaq istəməyib. Bunun da nəticəsində münaqişə 30 il uzandı. Hazırda da biz bu əlamətləri görürük. Ermənistan hər vəchlə əldə olunan üçtərəfli razılaşmanı pozur, ancaq Moskva İrəvanın hərəkətini sülhə doğru atılan addım kimi dəyərləndirir. Əslində isə Ermənistan hər vəchlə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Məsələn, minalanmış ərazilərin sxemini bizə təqdim etmir. Bölgədəki silahlı tör-töküntüləri tam tərkislah etməkdən yayınır. Özlərini Qarabağdakı ermənilərin lideri adlandıranlar təxribatçı bəyanatlarını davam etdirir. Çox təəssüflər olsun ki, Zaxarovanın təmsil etdiyi ölkənin sülhməramlıları da bunlara göz yumur. Hətta bəzən şərait də yaradırlar. Zaxarovanın məsuliyyətləri bərbarləşdirmək cəhdi ermənilərin başına çəkilən növbəti sığıaldır. Moskva bu məsələdə vasitəçilik öhdəliyini layiqincə yerinə yetirmək istəyirsə, buyursun,  Ermənistanı konstruktivliyə dəvət etsin. Bu cür dəstəklə bölgədə dayanıqlı sülhü təmin etmək mümkün olmaycaq. Ermənistan  “Mehri dəhlizi” ilə bağlı məsələdə də  nəsə tələsmir. Maraqlıdır ki, bunun fonunda “Laçın dəhlizi”ndən gen-bol istifadə edir. Rusiya bu məsələdə sağlam arbitrlıq etməlidir”.

Məhəmmədəli QƏRİBLİ