Regionumuzda yeni geosiyasət “qatarının” uğursuz “sərnişinləri”, İlham Əliyevin Minsk Qrupu "üçlük formatına" bıçaq effektli etirafı... Aydın QULİYEV yazır…

16 Aprel 2021 18:37 (UTC+04:00)

Neçənci dəfədir ki, Azərbaycan Prezidenti Minsk Qrupu həmsədrlərinin regiondakı müasir  reallıqlara uyğun fəaliyyət istiqamətlərinin müəyyən edilməsi zərurətinə toxunur və əslində Azərbaycanın bu məsələ ilə bağlı konkret platformasını ortaya qoyur.

Həqiqətən də regionumuzda 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb və bu reallıqlara uyğun olaraq Minsk Qrupunun fəaliyyətinin forma və istiqamətlərində də dəyişikliklər olmalıdır. "Reallıqlar yeni, MQ-nin fəaliyyət üsulları isə  köhnə" prinsipi ilə harasa getməyin mümkünsüzlüyünü hər halda hamı başa düşür. Prezidentin fikir və mülahizələrinin ortaya qoyduğu həqiqət budur ki, MQ-nin istəyib-istəməməyindən asılı olmayaraq, faktiki surətdə Azərbaycanın torpaqları Ermənistanın işğalından MQ-nin fəal iştirakı olmadan azad edildi. MQ-nin 92-ci ildə təsdiqlənmiş mandatının iki böyük vəzifədən - rayonlarımızın azad edilməsi və Dağlıq Qarabağın statusu üzrə beynəlxalq konfransın işini təşkil etməkdən ibarət olduğunu nəzərə alsaq, Azərbaycan Prezidentinin bəzilərinə hətta hədsiz kəskin görsənən ittihamçı mövqeyinin heç də MQ-nin 30 illik fəaliyyətinin səmərəsizliyinə görə ondan qisas almaq niyyətli olmadığına tam əmin olmaq olar. Prezident kimsədən qisas almır, kimsəyə haqsızlıq etmir, MQ-nin keçmiş səylərini yerə vurmur, tam əksinə, 30 il yetərsiz fəaliyyət sərgiləmiş MQ həmsədrlərinə "keçmiş keçmişdə qaldı, bu gün üçün bizim yaratdığımız reallıqları qəbul edərək özünüz üçün regionda daha bir dönəmdə qalaraq fəaliyyət göstərməyin real və səmərəli üsullarını tapın" kimi böyük perspektivə yönəlmiş mesaj verir.

Çox təəssüflər ki, MQ həmsədrləri bu düzgün tövsiyədən lazımı nəticəni çıxarmaq əvəzinə, Azərbaycan xalqında və onun dostlarında neqativ assosiasiyalar doğuran "qısır tezislərini" yenidən işə salaraq bəyanat yayırlar. Açıq deyək ki, Prezident Əliyevin irad və təklifindən sonra MQ həmsədrləri üçün regionumuzda onlarsız yaradılmış reallıqlara fəal şəkildə qoşulmaq şansı açılmışdı, daha doğrusu, onlara bu şansı Azərbaycan Prezidenti açmışdı. Əgər həmsədrlər bu şansın qarşısında vəziyyəti düzgün qiymətləndirə bilsəydilər, o zaman kif atmış köhnə tezislərə yox, tam yeni ideyalara söykənən bəyanat yaymalı idilər. MQ həmsədrləri regionda "üçlükdə minə biləcəkləri" yeni qatarı əldən buraxdılar. Bunun üçün onların İlham Əliyevdən yox, vəziyyəti daha real qiymətləndirmək baxımından öz fəhmsizliklərindən incimələri üçün daha böyük əsaslar var. Bir qədər də obrazlı desək, MQ həmsədrlərinin regionumuzdakı yeni geosiyasət qatarına köhnə və nimdaş paltarlarla sərnişin olmaq şansları əvvəldən yox idi. Necə deyərlər, " regional geosiyasət qatarını yeni görkəmə salmaq İlham Əliyevin vəzifəsi idi, bu qatarın sakini olmaq üçün geyimini və düşüncəsini yeniləmək isə MQ həmsədrlərinin işi idi. Azərbaycan Prezidenti öz işini bacardı, həmsədrlər isə üçlükdə bunu bacara bilmədilər.

Həmsədrlərin son bəyanatının köhnəlmiş tezislərinə, nə qədər çətin olsa da, təkrar baxmaqla onların "qatardan" kənarda qalmalarının nə qədər təbii və məntiqli olduğuna bir daha əmin olmaq olar. "Atəşkəsi alqışlayırıq, qarşılıqlı etimadın möhkəmləndirilməsi vacibdir, tərəflərin arasında dialoq bərpa olunmalıdır və sair" - Azərbaycan xalqının artıq çoxdan əttökən ifadələr kimi qarşıladığı bu mülahizələr ancaq müəyyən bir dövr üçün  baş girələməyə" yetərli idi. Bu uzun müddət davam edə bilməzdi. Prezidentimizin bu kontekstdə yada salmaq istədiyim bir bəyanatı onun böyük siyasətdə həm cəmiyyətimizlə nə qədər səmimi etiraf münasibətləri içində olduğunu sübut etdi, həm də böyük siyasətin tarixdəki məhz belə "Minsk Qruplarının həmsədrlərinin" ədalətsizliyi, vicdansızlığı üzündən çirkaba bulaşdığını və nüfuzdan düşdüyünü təsdiqlədi. Azərbaycan xalqının özü də, onun lideri də vəziyyəti zamanında qiymətləndirərək təkbaşına hərəkətə keçdi və 44 günlük çətin mərhələnin böyük nəticələrinə yetişdi.

Minsk Qrupunun rəsmi beynəlxalq mandatından irəli gələn iki böyük vəzifənin birini Azərbaycan özü təklikdə həll etdi - rayonlarımız azad olundu. İkinci vəzifənin, yəni Dağlıq Qarabağın statusu üzrə beynəlxalq konfransın təşkilinə gəldikdə isə, təəssüf ki, burada da reallıqlar və perspektiv "MQ-nin üç həmsədri" formatı üçün əlverişli deyil. MQ öz mandatının birinci hissəsini icra edə bilmədiyinə və bunu başqası etdiyinə görə statusla bağlı onun nəyəsə mənəvi-yuridik haqqının olmadığı artıq ortadadır. MQ-nın 1992-ci ildə təsdiqlənmiş mandatının birinci hissəsini kim icra etdisə, demək, regiondakı yeni reallıqların müəllifi də, mandatın tam şəkildə icrası üçün lazımı şərtlərin diqtə olunması haqqına sahib olan da odur. Konkret şəraitdə bunlar Azərbaycan dövləti və onun Prezidentidir. Azərbaycan Prezidenti isə gündəmdə Dağlıq Qarabağın statusu kimi bir məsələnin olmadığını birmənalı, həm də dəfələrlə bəyan edib. Üstəlik, onu da aydın ifadə edib ki, MQ köhnəlmiş mandat əsasında yenidən fəliyyət göstərmək və regionumuza qayıtmaq iddialarından əl götürməli, yalnız 92-ci ildəki reallıqlara uyğun gələn mandatın əvəzinə özü üçün yeni məzmunlu mandat barədə düşünməlidir. Azərbaycan Prezidentinin MQ-yə mesaj məntiqi çox aydındır - əgər bu regiondakı reallıqları sən yaratmadınsa, bunun üçün sənə verilmiş şansı havaya uçurdunsa, yeni reallıqların üstündəki proseslərdə köhnə düşüncələrlə necə iştirak edə bilərsən?!"..

Ancaq Azərbaycan dövlətinin başçısı MQ-nin üç həmsədrlər formatına delimitasiya, demarkasiya, iqtisadi əlaqələrin və kommunikasiyaların bərpası, regionda revanşist proqramların qarşısının alınması, regional bərpa və sair işlərdə iştirakı özündə əks etdirən maraqlı platforma da təklif edib. Əslində bu, MQ həmsədrləri üçün regionumuza üçtərəfli format qaydasında yenidən qayıdış mandatının tərkib hissələridir. Əsas məsələ də buradadır - Minsk Qrupunun 1992-ci ildəki mandatı dəyişdirilməli, yeni reallıqlara uyğunlaşdırılmalı, yeni mandat yazılmalıdır. Həm də bunu ən qısa müddətdə MQ həmsədrlərinin özləri etməlidir. Əks halda MQ-nin yeni şəraitdə mandatı (?) barədə siyasi qərarı Azərbaycanın öz üzərinə götürməsinə bütün əsaslar yaranacaq. Bu üç ölkənin hər biri ilə ayrılıqda Azərbaycanın indiki münasibətləri məlumdur, perspektivi də müəyyən etmək imkanı var. Lakin üçlük formatı ilə bugünkü əməkdaşlıq predmetsizdir və bu vəziyyət Azərbaycan üçün uzun sürə bilməz.

Aydın QULİYEV