Bakı Şəhər İcra Hakimiyyəti bağçaların yenidən nazirliyin tabeliyinə qaytarılması müzakirələrinə əsaslar yaratdı...

16 Aprel 2021 17:19 (UTC+04:00)

Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb. Məlum olub ki, Bakı bağçalarında 2 milyon manata qədər vəsait qanunsuz xərclənib.

Məlumatlara görə, mənimsənilən vəsait qidaya və geyimə ayrılan vəsait olub ki, o da uşaqlara çatmayıb.

Uşaq bağçaları Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin balansına verildikdən sonra bu sahədə problemlərin çoxaldığı deyilir. Bu sahədə baş verənlər uşaq bağçalarının icra hakimiyyətlərinin nəzdindən çıxarılaraq Təhsil Nazirliyinin balansına verilməsini yeniden aktuallaşdırıb.

Hətta bəzi iddilara görə, məktəbəqədər təhsil müəssisələrinin bir çoxunun işinə icra hakimiyyətlərinin aparatında işləyənlər müdaxilə edirlər, onların bağça müdirlərindən müəyyən “şirinlik” aldığı haqda iddialar var.

Bu gün məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərindən alınaraq yenidən Təhsil Nazirliyinin balansına verilməsi məsələsi ən çox müzakirə edilən məsələlərdən biridir. Ekspertlər hesab edirlər ki, bütün uşaq bağçaları Təhsil Nazirliyinin nəzdinə verilməlidir.

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, 10 il bundan əvvəl uşaq bağçalarının  Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin balansına verilməsində məqsəd bu sahədə çevikliyi, bağçaların maddi-texniki bazasını daha da gücləndirmək idi, amma çox təəssüf, bu özünü  doğrultmadı və biz gözləntilərin əksi ilə qarşılaşdıq. “Məqsəd uşaq bağçalarının fəaliyyətinin daha çevik təşkili, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi olsa da, amma son illər biz bu istiqamətdə keyfiyyətli dəyişiklikləri o qədər də görə bilmədik. Əksinə, uşaq bağçaları və körpələr evləri Təhsil Nazirliyindən alınıb icra hakimiyyətinə verildikdən sonra bu sahə tamamilə nəzarətsiz vəziyyətə düşüb. Eyni zamanda, tədris resursları yox həddindədir, ciddi yeyinti hallarına yol verilir. İcra hakimiyyəti orqanlarının nəzarətində olan yeyintilər böyük həcmdədir və idarəetmə, maddi-texniki təminatla bağlı uşaq bağçalarında çox ciddi pozuntular var.

Bütün bunlar hamısı gələcəkdə məktəbə gedəcək şagirdlərin məktəbəqədr təhsil pilləsində keyfiyyətsiz təhsil almalarına, bilik və bacarıqlarının aşağı düşməsinə gətirib çıxarır.

Bu baxımdan hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin balansına qaytarılması lazımdır. Çünki məktəbəqədər təhsil pilləsi təhsilin bir pilləsidir, burada şagirdlərdə müəyyən qədər bilik və bacarıqlar formalaşdırılmalıdır ki, onlar məktəbə gedəndə müəyyən qədər informasiyanı əldə etmiş olsunlar. Lakin çox təəssüf ki, bu gün ölkəmizdə fəaliyyət göstərən 1672 dövlət uşaq bağçasında təhsil alan 123 min şagirdin bilikləri özəl təhsil müəssisələrinin verdiyi biliklər qədər deyil”.

K.Əsədovun sözlərinə görə, bundan başqa, dövlət büdcəsi hesabına bağçada tərbiyə alan, iştirak edən hər bir uşaq üçün qida rasionu hazırlanır, amma təəssüf ki, bağçalarda monitorinq aparanda nizamnamədə və qanunvericilikdə nəzərdə tutulmuş həcmdə qidaların uşaqlara verilmədiyini görürük. “Bunların da əsas səbəbi icra hakimiyyətlərinin tədris üzrə mütəxəssislərinin olmamasıdır”.

K.Əsədov hesab edir ki, uşaqlar üçün müəyyənləşmiş menyuda kifayət qədər faydalı qida var - meyvəsindən tutmuş, ətinə, südünə qədər, amma buna baxmayaraq, müvafiq qurumlar maliyyəni mənimsəyirlər və yekunda uşaqlar bütün günü bağçada ancaq şorba və ya evdən gətirdikləri yeməkləri yeyirlər.

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsində bağçalar birbaşa Təhsil Nazirliyinə tabe olmasa da, məktəbəqədər təhsil idarəsi, qurumu yaradılır və bütün bağçalar ora tabe edilir”.

Müsahibimiz qeyd edib ki, hazırda bağçalarda şəffaflığın təmin edilməsi üçün addımların atılması zərurətə çevrilib. Onun fikrincə, məktəbəqədər təhsil müəssisələrini Təhsil Nazirliyinə qaytarmaq mümkün olmasa, onda ayrıca bir dövlət qurumu formalaşdırılmalıdır: “Dünya təcrübəsindən istifadə etməklə Təhsil Nazirliyinin nəzdində ayrıca təhsil idarəsi yaradılmalı və bağçalar həmin qurumun  tabeliyinə verilməlidir. Həmin qurum da, dediyim kimi, Təhsil Nazirliyinə tabe olmalıdır. Məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərindən alınmalıdır” - deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA