Ermənistan “genosid arxivləri”ni açmaqdan niyə qorxur...

16 Aprel 2021 16:55 (UTC+04:00)

Qondarma “erməni soyqırımı” iddiası ilə dünyanın başına corab hörməyə çalışan ermənilər öz saxtakarlıqlarını və uydurma “genosid”lərini daha çox təbliğ edib, qəbul etdirmək üçün Türkiyə ilə birgə komissiya yaratmaqdan yayınırlar.

 

Bildiyimiz kimi, Türkiyə dəfələrlə  Ermənistana “erməni soyqırımı”nın araşdırılması üçün ortaq komissiya yaratmağı təklif etsə də, Ermənistan bu təklifə heç zaman yaxın durmayıb, heç cür bu təklifə razılıq verməyib. Halbuki, bu qondarma iddianın araşdırılıb üzə çıxarılması lazımdır ki, ermənilər bu yalanla nə özlərini aldatsın, nə də beynəlxalq aləmin zəhləsini töksünlər.

Ermənistan nə üçün Türkiyə ilə birgə ortaq komissiya yaratmaqdan qaçır, bununla indiyə qədər apardığı uydurma təbliğat kampaniyasının iflasından qorxur, yoxsa başqa səbəb var?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Türkiyə dövləti dəfələrlə Ermənistana qondarma “soyqırım”ın araşdırılmasını təklif edib. Hətta bununla bağlı Türkiyə istənilən səviyyədə komissiyanın yaradılmasında maraqlı olduğunu bildirib. Türkiyə birgə komissiya ilə yanaşı, bitərəf  komissiyanın yaradılmasını da təklif etdiyi məlumdur. Türkiyə rəsmi şəkildə dönə-dönə “biz də arxivləri açırıq” deyə bəyan etmişdi. Açıq şəkildə bildirir ki, bu məsələ ilə bağlı bütün dövlət arxivlərini açır, qoy dünya bilsin ki, 1915-ci ilin aprelində nə baş verib. Türkiyə Ermənistana da təklif edib ki, arxivləri açın.

Bilirik ki, əsl həqiqətlər məhz elə Ermənistanın özünün arxivində qalır. Əslində, Ermənistanın və Rusiyanın arxivlərində olan bir çox məlumat bizə deməyə əsas verir ki, 1915-ci ildə “erməni soyqırımı” baş verməyib. Həmin dövrdə Osmanlı dövləti erməniləri Anadoludan, xüsusilə də Şərqi Anadoludan özünün digər bölgələrinə göndərirdi, bununla həm də öz təhlükəsizliyini qorumaq məqsədi daşıyırdı. Çünki həmin illərdə də ermənilərin “Hınçak”, Daşnaksütyun” və digər terror təşkilatları aktiv idi və onlar türklərə, müsəlmanlara qarşı terror aktları, qətliamlar törədirdilər. Erməniləri köçürməklə Osmanlı dövləti bu problemi aradan qaldırmaq istəyirdi. O zaman Osmanlı dövlətinin məhz 1915-ci ilin aprelində ermənilərlə bağlı gəldiyi qərar, əslində, elə ermənilərin də xeyrinə olub. Əlbəttə, burada söhbət dinc sakinlərdən gedir. Çünki “Hınçak”, “Daşnaksütyun” terror təşkilatları yalnız müsəlman-türk əhalini deyil, yeri gəldikcə dinc erməniləri də qətlə yetirirdilər. Erməni terror təşkilatları ona görə erməniləri qırırdılar ki, bunu türklərin, müsəlmanların üzərinə yıxıb onları “günahkar” çıxarsınlar. Bu anlamda məhz Türkiyə dövlətinin atdığı addımlar çox təqdirəlayiqdir ki, həmişə bu məsələ ilə bağlı ortaya obyektiv mövqe qoyur. Ermənilər, Ermənistan dövləti isə yaxşı bilirlər ki, qondarma “erməni soyqırımı”nın araşdırılması ilə bağlı komissiyanın yaradılması onların saxta təbliğat kampaniyasını tamamilə məhv edəcək, ona görə də razılıq vermirlər. Xüsusən də Ermənistanın arxasında duran dövlətlər Ermənistana təzyiq göstərirlər ki, Türkiyə ilə ortaq komissiya yaradılmasına razılıq verməsin. Məqsəd də onların qondarma “erməni soyqırımı”nı daim gündəmdə saxlamaq niyyətidir ki, bundan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Əslində isə Türkiyə ilə Ermənistanın ortaq komissiyası yaradılarsa və araşdırmalar aparılarsa, bütün dünyaya məlum olacaq ki, 1915-ci ildə ermənilərin iddia etdiyi kimi, 1 milyondan artıq erməni qətlə yetirilməyib, əksinə, istər Birinci Dünya müharibəsi illərinə qədər, istərsə də Birinci Dünya müharibəsi illərində soyqırıma məruz qalan türk-müsəlman əhalisi olub. Türk-müsəlman əhaliyə qarşı soyqırım isə yalnız Şərqi Anadoluda deyil, Güney Qafqazda, Azərbaycanın güneyində və quzeyində baş verib”.

F.Ələkbərlinin sözlərinə görə, “Hınçaq”, “Daşnaksütyun” və digər erməni terror təşkilatları Səlmasda, Xoyda, Makudə, Bakıda, Şirvanda, İğdırda, Qarsda, Ərzurumda və digər türk-müsəlman əhali yaşayan yerlərdə soyqırımlar törədiblər.

Müsahibimiz qeyd etdi ki, üstəlik də Rusiyanın və bəzi Qərb dövlətlərinin oyuncağına çevrilən, xüsusən də Osmanlının “sadiqi millət” dediyi erməni əhalisinin xeyli hissəsi bu prosesdə Osmanlı dövlətinə arxadan zərbə vurub və ANTANTA ilə müharibə aparan Osmanlı dövləti, eyni zamanda, daxildən də məhz erməni quldurlarına, erməni terror təşkilatlarına qarşı mübarizə aparmaq məcburiyyətində qalıb. “Bu baxımdan da 1915-ci ilin aprelində məhz Şərqi Anadoluda yaşayan ermənilərin Osmanlı İmperiyasının digər bölgələrinə köçürülməsi qərarına gəlinmişdi. Bütün hallarda, ortaq komissiyanın yaradılması “erməni soyqırımı” deyilən qondarma mifin darmadağın olması deməkdir, bu mifin də dağıdılmamasında  ermənilərdən, Ermənistandan daha çox onların xaricdəki havadarları, erməni lobbisi maraqlıdır. Deyək ki, Fransa, Yunanıstan kimi ermənipərəst dövlətlər qondarma “erməni soyqırımı”nı tanıyıblar və bu səbəbdən də onlar nəyin bahasına olursa-olsun, bu ortaq komissiyanın yaradılmasında maraqlı deyillər”.

Ermənistanın ortaq komissiya yaradılmasına razılıq verib-verməməsindən asılı olmayaraq, gec-tez, bu mifin dağılacağını deyən F.Ələkbərlinin sözlərinə görə, bütün dünyaya məlum olacaq ki, o dövrdə qətlə yetirilənlər 100 minlərlə türk-müsəlman əhalisi olub. “Çar Rusiyasının və Qərb dövlətlərinin havadarlığı ilə ermənilər məhz Şərqi Anadoluda “Böyük Ermənistan” yaratmaq xülyasında idilər, amma bu baş tutmadı” - deyə F.Ələkbərli bildirdi.

İradə SARIYEVA