Dəmiryol Mərkəzi Xəstəxanasının 45 min manatlıq tenderini 26 günlük MMC uddu?

16 Aprel 2021 16:20 (UTC+04:00)

Azərbaycan Dövlət Dəmir Yolunun Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Meduza FN” MMC (VÖEN-2006617381) olub. Qeyd edək ki, "Meduza FN” MMC tenderin qalibi kimi Mərkəzi Dəmir Yolu Xəstəxanasından 44 min 970 manat vəsait alacaq.

Məlumat üçün bildirək ki, "Meduza FN” MMC  03.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Dövlət Dəmir Yolunun Mərkəzi Xəstəxanası tender müsabiqəsini 29.03.2021-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müsabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 26 gün əvvəl yaranıb. Bir sözlə, yeni yaranan şirkət tenderin qalibi olub. Onu da qeyd edək ki, tenderin qalibi olan MMC Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov, ev 28/3 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 2 manat olan MMC-nin qanuni təmsilçisi Seyidov Fehruz Yavər oğludur.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin  ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən heç bir ay keçmədən yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı şübhəlidir. Danılmaz faktdır ki, tenderdə qalib olacaq şirkət bacarığı ilə seçilməlidir.

Qeyd edək ki, son zamanlar tenderlərlə bağlı çoxlu sayda narazılıq qeydə alınır.

Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, əksər halda dövlət qurumlarının keçirdiyi tenderlərin rəqabətsiz olması müşahidə olunur. Hesablama Palatasının 2019-cu ildəki rəyinə əsasən, tenderlərin cəmi 25 faizi rəqabətli olub: “Bu o deməkdir ki, keçirilən tenderlərin hər 4-dən 3-ü rəqabətsiz tenderlərdir. Müşahidələr göstərir ki, bəzi dövlət qurumlarında tenderlərin qalibi eyni şirkətlər olurlar. Bu səbəbdən dövlət vəsaitinin səmərəli istifadəsi üçün dövlət satınalmalarında və tenderlərin keçirilməsində rəqabətin gücləndirilməsinə ehtiyac var. Satınalmalarla bağlı qanun yenidən işlənilməli və rəqabətli tenderlər həyata keçirilməlidir. Eyni zamanda, elektron tender və dövlət satınalmalarının icbari xarakter alması vacibdir. Çünki bir mənbədən satınalma və rəqabətsiz tenderlər bir sıra dövlət qurumlarında vəsaitin səmərəli xərclənməməsinə gətirib çıxarır”.

Günel CƏLİLOVA