Rusiyanın Ermənistana "İsgəndər-M”-i Aprel döyüşlərindən sonra verdiyi aydınlaşır... Apreldən sonra hərbi balans yaratmaq siyasəti...

16 Aprel 2021 15:53 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycan tərəfi Şuşa şəhərinin "İsgəndər" raketləri ilə atəşə tutulması ilə bağlı Kremldən rəsmi izahat gözləyir. Rusiya onları Ermənistana göndərmədiyini bəyan etsə də, Şuşada tapılan raket mühərrikinin nömrəsi onun rusiyalı hərbçilər tərəfindən  işə salındığını göstərir.

Bununla belə, "Kommersant" qəzetinin 08.09.2018-ci il tarixli nömrəsində dərc olunan məqalə ortaya çıxıb və orada bunun əksi deyilir. Belə ki, "Nikol Paşinyan Kremlin qarşısında dayanacaq" sərlövhəli məqalə Vladimir Putinlə  yaxınlarda hakimiyyətə yiyələnmış Nikol Paşinyan arasındakı gərgin münasibətlərə həsr olunub. Robert Köçəryanın həbsi, general Yuri Xaçaturovun məhkəmə təqibi və "Cənubi Qafqaz Dəmir Yolu" Səhmdar Cəımiyyətinin İrəvan ofisində axtarış səbəbindən münaqişəli münasibətlərin müzakirəsilə yanaşı, Ermənistana silah tədarükündən də bəhs olunur.

2016-cı ildə İrəvan "Smerç" reaktiv yaylım atəşi sisteminin onlarla buraxılış qurğusunu, "İqla-C" daşınan komplekslərini, "Avtobaza-M" yerüstü radiotexnika kəşfiyyat kompleksini və 200 milyon dollarlıq digər texnika alıb.

Daha sonra yazıda “İsgəndər-M” raketləri ilə bağlı bunlar deyilir: “2016-cı ildə Ermənistan 9M723 raketlərilə "İsgəndər-M" operativ-taktiki raket komplekslərin divizionunu alıb. De-yure bu, raket texnologiyalarının yayılması haqqında müqaviləni pozur, çünki bu raketlərin hədəfi məhvetmə məsafəsi 300 kilometrdən çoxdur. Ancaq Moskvada belə bir addım atmağa məcbur olublar. Daha çox hücum silahı arsenalına malik Azərbaycanla hərbi paritet üçün Ermənistana təcili operativ-taktiki raket kompleksləri lazım idi. Ermənistan üçün “İsgəndər-E” ixrac modifikasiyasının yaradılmasına vaxt tələb olunurdu ki, Bakı Dağlıq Qarabağa hücum etməyi qərara aldığı təqdirdə buna vaxt yox idi”.

Aydın olur ki, 2016-cı ildə baş verən uğurlu Aprel döyüşlərindən bu prosesə start verilib. Çünki məhz həmin döyüşlər Azərbaycanın Ermənistanı əzmək gücündə olduğunu göstərdi. Belə olan halda, görünür, Rusiya hakimiyyətindəki erməni lobbisi Ermənistanın ziyanına pozulan hərbi balansı bərpa etmək üçün təcili şəkildə həmin rəketləri işğalçı ölkəyə göndərib.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, məhz Aprel döyüşlərindən sonra Ermənistana həmin raketlər göndərilib: “Təbii ki, həmin raketlər Rusiyadan Ermənistana gələ bilərdi. Çünki başqa ölkədə o cür raket kompleksləri istehsal edilmir. Aprel döyüşlərində Azərbaycanın əldə etdiyi uğurlardan narahat olan müəyyən qüvvələr balansı Ermənistanın xeyrinə dəyişmək üçün bu addımı atdılar. Onlar Azərbaycanın güc yolu ilə öz ərazi bütövlüyünü bərpa edəcəyindən narahat idilər. Ona görə də tələsik bu addımı atdılar. Ancaq bütün bunlar bizə işğal edilmiş əraziləri geri qaytarmağa mane ola bilmədi. Bizi təəccübləndirən odur ki, “İsgəndər” raketlərinin ixrac üçün nəzərdə tutulmayan markası Ermənistana verilib. Uzaq məsafəli "İsgəndər-M" operativ-taktiki raket komplekslərinin Ermənistana verilməsi beynəlxalq hüququn pozulmasıdır. Çünki sözügedən raketlər ixrac üçün nəzərdə tutulmayıb. Belə olan halda, əlbəttə ki, bu bizi narahat edən məqamdır. Azərbaycanın dövlət başçısında kifayət qədər məlumat var. Ancaq biz Rusiya tərəfindən rəsmi cavab almaq istəyirik. Ya bunu etiraf etsinlər, ya da buna görə üzr istəsinlər. Çünki onlar "İsgəndər-M" raketini Azərbaycanın dinc yaşayış məntəqəsi olan Şuşaya atıblar. Özü də şəhər işğalçılardan azad ediləndən sonra bu raket atılıb. Faktiki olaraq, Ermənistan tərəfi dinc əhaliyə qarşı terrorla məşğul olub”.

Politoloq hesab edir ki, bütün bunlara aydınlıq gətirilməlidir.

Vidadi ORDAHALLI