"Dini etiqad azadlığı” Qanununa dair təkliflər - uşağa çadra-hicab geyindirməyin adı nə olacaq...

16 Aprel 2021 15:27 (UTC+04:00)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin ötən iclasında “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər müzakirə edilib.

Qanuna əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Qeyd etdiyimiz kimi, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur. Maraqlıdır, məcburiyyət anlayışına yaşı çatmayan uşaqlara hicab geyindirilməsi məsələsi də şamil oluna bilərmi? Qaydaya əməl edilməzsə, nə kimi cəza tətbiq edilə bilər?

İlahiyyatçı Cəmişid Əliyev qeyd etdi ki, qanunda uşaqlarla bağlı bir sıra anlaşılmazlıqlar var: “Uşağa dinin məcbur qəbul etdirilməsini kim necə müəyyən edəcək? Uşağın dinə məcbur edilməsi, onun məcburi hicab taxması ilə bağlı uşağın özü şikayət edəcək, ya ətraf bu məsələyə müdaxilə edəcək? Bu tip sualların cavabı qanunda tam şəkildə izah edilməyib”.

Həmsöhbətimiz hesab edir ki, azyaşlı uşaqlara hicab geyindirilməsi məsələsi hazırda aktual problemdir. Elə ailə var ki, uşağına məcburi hicab geyindirir: “Təbii ki, belə olan halda, uşağın valideynləri qanunvericiliyin tələbinə əsasən, cəzalandırılmalıdırlar. Ancaq onu da nəzərə almaq lazımdır ki, bəzi uşaqlar könüllü şəkildə hicab geyinirlər. Belə olan halda, uşaq könüllü hicab geyinməyə razıdırsa, qanun bu məsələni necə tənzimləyəcək? Ümumiyyətlə, azyaşlı uşaqların hicab geyinməsi düzgün deyil. Həmin uşaq dini bilgilər əldə edə bilər. Ancaq uşaq həmyaşıdlarından seçilməməli, uşaqlığını etməlidir”.

Günel CƏLİLOVA