İctimai təşkilatlardan birinin ofisindən oğurluq edən şəxslər saxlanıblar - FOTO

15 Aprel 2021 19:17 (UTC+04:00)

İctimai təşkilatlardan birinin paytaxtın Xətai rayonunda yerləşən filialından oğurluq edilib. Bu barədə polisə məlumat verən zərərçəkən şəxs ofisdən 1300 manat dəyərində 1 ədəd televizor, 2 ədəd telefon, noutbuk, eləcə də digər əşyalar oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Aydın Məlikov və Rüstəm Bayramlı saxlanıblar. Oğurlanan əşyalardan bir qismi polislər tərəfindən onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Aydın Məlikov və Rüstəm Bayramlının paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verə bilərlər.

Faktla bağlı saxlanan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.