103 il əvvəl İrəvanın Ermənistana verilməsinə etiraz edən 3 qeyrətli azərbaycanlı barədə nələri bilirik...

15 Aprel 2021 17:32 (UTC+04:00)

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi.

Mən bunu qınamışam. Demişəm ki, bu xəyanət idi, satqınlıq idi, bağışlanmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki, buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik - kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir...”. Bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib.

Prezident İlham Əliyevin İrəvanın Ermənistana verilməsinə etiraz edən şəxsiyyətləri xatırlaması, yada salması bizim qarşımıza yeni vəzifələr qoydu, həm mətbuat, həm də tarixçilər o şəxsiyyətlərin kimliyini araşdırıb onları xalqa tanıtmalı, gerçək tariximizi təbliğ etməlidir.

İrəvanın ermənilərə verilməsinə, güzəştə gedilməsinə etiraz edən kimlər olub?

Sualımıza ilkin olaraq cavabı sabiq millət vəkili Alqış Həsənoğlunun şəxsi “Facebook” hesabında yazdığı statusda tapdıq: “Cənab Prezident haqlıdır.

Bizə malalanmış tarix gərək deyil.

Necə izah etmək olar ki, İrəvanın ermənilərə güzəşt edilməyinə razılıq vermiş Milli Şura üzvlərini oxuyuruq, öyrənirik, təbliğ edirik, amma İrəvanın verilməsinə etiraz edən Hidayət Seyidovu, Bağır Rzayevi, Həriman bəy Nərimanbəyovu böyük əksəriyyət tanımır. Niyə?” Haqlı sualdır.

Tarixçi-alim, professor Cəbi Bəhramov məqalələrindən birində İrəvanın ermənilərə güzəştə gedilməsinin əleyhinə çıxanlarla bağlı bunları qeyd edir. “...1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi ilə bağlı məsələ müzakirə olunur. Birinci dəfə məsələ müzakirə edilərkən iclasda Milli Şuranın 28 nəfər üzvü iştirak edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf qalmaqla 8 nəfərin hansı mövqe tutduğu göstərilmir. Həmin gün keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə Milli Şuranın İrəvanın ermənilərə güzəşt edilməsinə qarşı etiraz ərizəsilə müraciət etsələr də, iştirak edən 26 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanmasına razılıq verir. İrəvandan olan deputatların yazılı şəkildə təqdim etdikləri etiraz məktubu işə tikilsə də, indi bu sənəd arxivdə yoxdur! Milli Şura üzvlərinin bu məsələdə  tutduqları belə mövqe bir sıra suallar doğurur. İrəvan şəhərini ermənilərə güzəştə gedərkən şəhər əhalisinin və onları təmsil edənlərin  rəyi soruşulmuşdumu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv olduğunu bir daha təsdiq edir”.

Bildiyimiz kimi, İrəvanın Ermənistana verilməsinə etiraz edənlərdən biri Mir Hidayət bəy Seyidov (Seyidov Mir Hidayət bəy Mir Adil oğlu) olub. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olan Mir Hidayət bəy Seyidov 1887-ci ildə Gəncədə anadan olub. Onun atası Mir Adil bəy Qüdsi Vənəndinin oğul nəvəsidir. Mir Adil bəyin atası Hacı Mir Ağa bəy Qüdsi Vənəndinin ikinci oğludur.

Mir Hidayət bəy 1906-cı ildə Gəncə (o vaxtlar Yelizavetpol adlanırdı) Gimnaziyasını bitirəndən sonra Kazan Universitetinə oxumağa gedir. Mir Hidayət bəy bu universitetin hüquq fakültəsində təhsil almışdır. Təhsilini başa vurandan sonra Azərbaycana dönən Mir Hidayət bəy İrəvan və Naxçıvan quberniyalarında fəaliyyət göstərir. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur. O, sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri kimi tanınır.

O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 44 nəfər Milli Şura üzvündən biri kimi fəaliyyət göstərmişdir. İrəvan mahalı ermənilərə hədiyyə ediləndə üç nəfər o qərarın əleyhinə səs verib. Onlardan biri Mir Hidayət bəy Seyidov olub.

1918-ci ildən başlayaraq, ermənilər Naxçıvana aramsız hücumlar etdiyindən, Mir Hidayət bəy Naxçıvana qayıdır və Ordubadın müdafiə olunmasında iştirak edir. O, Ordubad Milli Müdafiə Şurasına sədrlik edir. O, 23 fevral 1919-cu ildə Ordubadda vəfat edib.

İrəvanın Ermənistana güzəştə gedilməsinin əleyhinə çıxan üç nəfərdən biri olan Bağır bəy Rzayev (Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev) Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub.

Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. Gimnaziyada oxumuşdu. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.

Bağır Rzayev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının (Müsəlman sosialist bloku), Zaqafqaziya Federasiyasının süqutundan (1918, 26 may) sonra isə Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "Sosialistlər" fraksiyasını təmsil edirdi.

Müsəlman Milli Şurasının 1918-ci il iyunun 1-də Tiflisdə Canişin sarayında H.Ağayevin sədrliyi ilə keçirilmiş 3-cü iclasında həmin gün İrəvana göndəriləcək nümayəndə heyəti barədə çox qızğın mübahisə gedir. Bu mübahisələr zamanı İrəvan quberniyasından olan nümayəndə Bağır Rzayev bəyan edir: “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz irəvanlılar - mən və Seyidov (Mir Hidayət bəy Seyidov) gedəcəyik. Sizdən bir xahiş edirik: öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi - Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın”.

Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasında və İrəvan quberniyasında qaçqınların vəziyyəti ilə bağlı məsələni müzakirə edib. Bağır bəy Rzayev çıxış edərək bildirib ki, bir il əvvəl İrəvanda 22 min müsəlman yaşayırdı və əlavə edib ki, şəhərə tək-tək qayıdanlar evlərini və əşyalarını dağıdılmış görürlər.

Bağır Rzayev ADR-in süqutundan sonra mühacirət etmişdi. Sonra qürbətdə dözməmiş, vətənə dönmüşdü. Siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü.

Bu məsələdən danışırıqsa, İrəvanın Ermənistana verilməsinə qəti şəkildə etiraz edən Azərbaycanın qeyrətli oğullarından biri - Nəriman bəy Nərimanbəylini də mütləq mənada xatırlamalıyıq.

Nərimanbəyli Nəriman bəy Həşim bəy oğlu Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi, vəkil və siyasətçi olaraq, tariximizə öz adını qızıl hərflərlə yazıb.

Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan Gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdur. Burada "Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti"nin rəhbərliyinə seçilmiş, inqilabi fəaliyyət göstərmişdir. Onun iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. N.Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtmış, vəkil işləməklə yanaşı, "Müsəlman xeyriyyə cəmiyyəti”nin rəhbərlərindən biri olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra "Müsavat" partiyasına daxil olmuş, Qafqaz müsəlmanlarının Bakı qurultayında, "Müsavat" partiyasının birinci qurultayında iştirak etmişdir.

N.Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin üzvü seçilmiş, Seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən, seçkisiz Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə “Müsavat” və bitərəflər fraksiyasının üzvü olan Nərimanbəyli 4-cü hökumət kabinəsində dövlət müfəttişi vəzifəsini tutmuşdur. O, Bakıda keçirilən bir sıra mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Aprel işğalından (1920) sonra müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, təqiblərə məruz qalaraq işdən çıxarılmış, sonralar vəkil işləmişdir.

Xalqımızın böyük oğlu 1937-ci ildə repressiyaya məruz qalıb.

Nəriman bəy Nərimanbəyli haqqında maraqlı araşdırmalar aparan tarixçi, tədqiqatçı Ənvər Çingizoğlu isə hesab edir ki, bir çox tarixçiyə həqiqi Azərbaycan tarixinin öyrənilməsi sərf etmədiyi üçün onlar Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət Seyidov kimi qeyrətli vətən oğullarını xalqımıza tanıtmaq istəmirlər. Ə.Çingizoğlu hesab edir ki, tarixçilərin çoxunun bu şəxsiyyətlərdən yazmamasının səbəbi də onlar haqda məlumatsız olmalarıdır. “Gizlin deyil ki, adını tarixçi qoyanların bir çoxu canına əziyyət verib arxivlərdə işləmirlər. Bu işlə Azərbaycanda məşğul olanlar azdır, olanlar isə hazır materialları götürüb təkrar çap edirlər, faktları araşdırmırlar. Mənəm, Ədalət Tahirzadədir, biz ömrümüzü arxivlərdə tədqiqat aparmaqla keçirmişik, bu faktları üzə çıxarırıq. Biz yazıb internetdə yerləşdiririk, başqaları da adımızı belə çəkmədən həmin yazıları mənimsəyirlər. Bizim indiki nəslin Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət Seyidov kimi qeyrətli oğulları yaxından tanımamasının səbəbi onların yetərincə təbliğ edilməməsidir”.

Ə.Çingizoğlu hesab edir ki, İrəvanın Ermənistana verilməsinə qarşı etiraz edən hər üç şəxsiyyətin Azərbaycanın hər yerində heykəlləri ucaldılmalı və xalq onları tanımalıdır. “Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət Seyidov kimi qeyrətli vətən oğullarının tanıdılması, təbliğ edilməsi istiqamətində çox böyük işlər görülməli, onların ölkəmizin hər yerində heykəlləri ucaldılmalıdır. Əslində, əsl qəhrəmanlığı, milli qeyrəti, təəssübkeşliyi onlar göstəriblər. Bu şəxsiyyətlərimizin təbliği çoxlarına sərf etmir, eyni zamanda da tarixçilərin çoxu heç bu faktı bilmir ki, kimlər İrəvanın Ermənistana verilməsinə ciddi etiraz edib”.

Ə.Çingizoğlunun sözlərinə görə, xalqımızın tarixində böyük qəhrəmanlıq, qeyrət nümunəsi göstərən insanları hər zaman xatırlamalı, təbliğ etməliyik. Cümhuriyyət qurucuları və Milli Şura üzvləri haqda danışılarkən bu üç nəfərin adının çox zaman çəkilmədiyini deyən Ə.Çingizoğlu “İrəvanın Ermənistana verilməsinə qarşı çıxan  Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəylini daha çox təbliğ etməli və tanıtmalıyıq” - deyə qeyd etdi.

İradə SARIYEVA