Qardaş ölkə səfiri Erkan Özoral Azərbaycandan rəsmi gediş ərəfəsində ...Dövlət Komitəsində də oldu

12 Aprel 2021 16:14 (UTC+04:00)

Aprelin 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Komitə sədri səfir Erkan Özoralı Azərbaycanın yüksək dövlət təltifinə - “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik edib, onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə məcburi köçkünlərlə bağlı tədbirlərə göstərdiyi dəstəyə görə təşəkkür bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Türkiyəli diplomat səmimi qəbula görə minnətdarlıq edərək, Azərbaycandakı fəaliyyətinin onun həyatında unudulmaz bir dövr olduğunu, xüsusən, bu dövrdə torpaqlarımızın işğalına son qoyulmasından, Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından sevinc və qürur hissi keçirdiyini bildirib. O, ölkəmizdə ən çox səfər etdiyi yerin Cocuq Mərcanlı olduğunu xatırladaraq deyib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışı zamanı da Azərbaycanın dünyaya nümunə göstəricəyinə əmindir.  

Səfir bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasındakı əlaqələrdə fəal iştirak edəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.